Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

13:21 01.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

1990-cı il dekabrın 14-də BMT-nin Baş Assambleyası qətnamə qəbul edərək oktyabrın 1-nin Beynəlxalq Ahıllar Günü kimi qeyd olunmasını qərara alıb. Bu günü əvvəlcə Avropada, sonra Amerikada, ötən əsrin 90-cı illərinin axırlarında isə artıq bütün dünyada qeyd etməyə başlayıblar.

Hafta.az xəbər verir ki, həmin günün təsis edilməsinin başlıca məqsədi ailə və icmaların, eləcə də cəmiyyətin həyatında ahıl və yaşlıların iştirakını fəallaşdırmaq, onların hüquq və ehtiyaclarını diqqətə çatdırmaqdır.

BMT-in məlumatına görə, son onilliklər ərzində dünya əhalisinin tərkibi kəskin dəyişib — 1950-ci ildən 2010-cu ilə qədər dünyada ömrün uzunluğu 46-dan 68 ilə qədər artıb və əsrin axırlarında 81 ilə çatdırılacağı proqnozlaşdırılır. Hazırda dünyada yaşı 60-dan yuxarı olan 900 milyondan çox insan var, 2050-ci ilə qədər onların sayının iki milyarda yaxın olacağı və dünya əhalisinin 20 faizindən çoxunu təşkil edəcəyi gözlənilir. Mütəxəssislərin proqnozlarına inansaq, 2050-ci ildə bəşəriyyət tarixində ilk dəfə olaraq yaşı 60-dan yuxarı olanların sayı uşaqlardan daha çox olacaq.

Beynəlxalq Ahıllar Günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Qanun imzalayıb. Həmin sənədə əsasən, 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.

Azərbaycanda yaşlı insanların problemlərinə həssas münasibət bu gün də mövcuddur. Pensiya yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir və həmin islahatlar ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına imkan verir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliklərə əsasən əmək pensiyasının minimum məbləği ötən il martın 1-dən 160 manat, oktyabrın 1-dən isə 200 manat müəyyən olunub.

Ölkəmizdə ahıl və pensiya yaşına çatmış vətəndaşların aktiv həyat tərzinin təmin olunmasına dəstək məqsədilə müxtəlif layihələr icra olunur. Belə ki, BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi həyata keçirir. Layihə yaşlıların rifah halının yaxşılaşdırılmasına töhfə verməklə hökumətin “fəal yaşlanma” konsepsiyasının təşviqi istiqamətində göstərdiyi səyləri dəstəkləmək məqsədi daşıyır.

Həmçinin DOST mərkəzində ötən ildən həyata keçirilən “Gümüşü DOST” altproqramı pensiyaçıların cəmiyyətə reinteqrasiyası, nəsillərarası təcrübə və bilik mübadiləsi, yaşlı şəxslərin asudə vaxtının aktiv təşkili və fəal yaşlanması məqsədi daşıyır.

Oxunma sayı 817
rubrikasından digər xəbərlər