“Ölkələrimiz arasında ticarətin həcmi 22,56 faiz artıb” – BƏƏ səfiri

19:42 12.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Bakıda Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 4-cü Ticarət Məclisi keçirilib.

Hafta.az yazır ki, tədbirdə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, BƏƏ-nin İqtisadiyyat naziri Sultan bin Səid əl-Mansuri, digər rəsmi şəxslər, hər iki ölkədən olan biznes təmsilçiləri iştirak ediblər.

BƏƏ-nin ölkəmizdəki səfiri Məhəmməd Əhməd Hamil əl-Qubeysi bildirib ki, Ticarət Məclisinin tərəfdaşlarının sayı ildən-ilə artmaqdadır. O bildirib ki, 2017-ci ildə Ticarət Məclisi yalnız 9 partnyorla təşkil edilmişdisə, hazırda məclisdə 50 şirkətin təmsil olunur.

Ölkələrimizin iş adamları arasında mövcud olan əməkdaşlıqdan söz açan diplomat qeyd edib ki, BƏƏ ilə Azərbaycan arasında qeyri-neft sektorunda ticarət əlaqələri sürətlə genişlənməkdədir. "Azərbaycana səfir qismində ilk dəfə gəldiyim zaman investorlarımız və iş adamları arasında ünsiyyətə nail olmaq əsas məqsədim idi. Təqdirəlayiq haldır ki, hər iki ölkədən olan şirkətlər müxtəlif sərgilərdə öz məhsullarını qarşılıqlı şəkildə təqdim edirlər. Həmçinin, məclis təşkil edildiyi vaxtdan etibarən ölkələrimiz arasında qeyri-neft sektorunda ikitərəfli ticarət əlaqələri xeyli artıb. Hazırda üç BƏƏ aviaşirkəti ölkələrimizin şəhərləri arasında birbaşa uçuşlar həyata keçirir. Eyni zamanda turist axınının yüksək artımını müşahidə edirik. Yeni müəssisələr qarşılıqlı investisiya əsasında fəaliyyət göstərir. Bu ilin 9 ayında ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,56 faiz artıb. Hər iki tərəfin səyləri sayəsində yüksək səviyyəli əməkdaşlığa qura bilmişik", - səfir deyib.

Azərbaycan tərəfindən çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, ölkələrimiz arasında əlaqələr tarixi köklərə dayanır: "Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət əlaqələri durmadan genişlənir. Amma bununla kifayətlənmək olmaz - daha çox işlər görməliyik. İqtisadi əlaqələrimizi təşviq etməyə davam edəcəyik. Bilirsiniz ki, Dubayda Azərbaycan Ticarət Evi açılıb. Bu isə Birləşmiş Ərəb Əmirliklərini regionda haba çevirir”  deyən M.Cabbarov vurğulayıb ki, Azərbaycan BƏƏ-yə 350 milyon dollar həcmində sərmayə yatırıb. Qarşılığında isə BƏƏ Azərbaycana 2 milyard dollar investisiya xərcləyib. Bunun da 900 milyon dolları qeyri-neft sektoruna yönəldilib.

BƏƏ-nin İqtisadiyyat naziri Sultan bin Səid əl-Mansuri çıxışında bildirib ki, hər iki ölkənin şirkətləri müxtəlif sərgilərdə öz məhsullarını qarşılıqlı təqdim edirlər. Bundan başqa, ölkələrimiz arasında qeyri-neft sektorunda ticarət əlaqələri sürətlə inkişaf edir.

Qeyd edək ki, ticarət məclisində BƏƏ tərəfdən 20-dən çox nümayəndə iştirak edib.