Ombudsman məcburi köçkün qadınların hüquqlarının təmini məsələsinə həsr edilmiş beynəlxalq konfransda çıxış edib

21:38 24.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması” adlı beynəlxalq konfrans keçirilib.

Ombudsman Aparatından hafta.az-a verilən məlumata görə, konfrans Sülh və Təhlükəsizlik haqqında BMT Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsinin qəbul olunmasının 20-ci ildönümünə həsr edilib. Tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə yanaşı, diplomatik korpusun nümayəndələri, bir sıra beynəlxalq ekspertlər və məcburi köçkün qadınlar iştirak ediblər.

Konfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev çıxış edərək dünya ictimaiyyətinin diqqətinin sülh və təhlükəsizlik məsələlərinə yönәldilmәsinin vacibliyini vurğulayıblar, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində qadınların fəal rolunun mühüm amil olduğunu bildiriblər.

Ombudsman Səbinə Əliyeva bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulan, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, insan hüquqlarının effektiv qorunmasına xidmət edən islahatlar ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Həyata keçirilən kompleks tədbirlər əhalinin hər bir qrupunun, o cümlədən qaçqın və məcburi köçkünlərin hüquqlarının effektiv təmin və müdafiə olunmasına xidmət edir. Belə ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların sosial ehtiyaclarının ödənilməsi, təhsil, sağlamlıq və digər hüquqlarının həyata keçirilməsi sahəsində müvafiq qanunvericilik bazası yaradılıb.

Qeyd edilib ki, zəngin tarixi irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim böyük ehtiramla yanaşmış, sosial-iqtisadi vəziyyətindən, milliyyətindən, dilindən, dinindən asılı olmayaraq onu aparıcı qüvvə kimi dəyərləndirmişdir. Cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda fəal iştirak etmişlər. Hazırda ölkəmizdə qadınların müxtəlif sahələrdə fəallığının artırılması, habelə onların idarəetmədə, qərar qəbuletmədə fəal iştirakı, qadın sahibkarlığının genişləndirilməsi, özünüməşğulluq proqramlarına cəlb edilməsi sahəsində çoxsaylı tədbirlər həyata keçirilməkdədir.

Səbinə Əliyeva vurğulayıb ki, bu gün məcburi köçkün qadınlarla yanaşı, ölkədə yaşayan hər bir azərbaycanlı qadın xalqımızın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi işində öz səylərini əsirgəmir. Hazırda ölkədə olan 700 minə yaxın məcburi köçkündən 330 mindən çoxunu qadınlar təşkil edir. Həmin qadınlar ölkədaxili qanunları, BMT-nin qətnamələri, beynəlxalq konvensiyaları rəhbər tutub, yaşadıqları icmalarda müxtəlif tədqiqat və maarifləndirmə proqramlarının hazırlanmasında və icrasında iştirak edir, bununla da cəmiyyətin inkişafına töhfə verirlər.

Ombudsman bildirib ki, silahlı münaqişələr zamanı insanların kütləvi yerdəyişməsində bir çox ailələr çətin iqtisadi-sosial vəziyyətlə üzləşir, belə hallarda isə ən çox qadın və uşaqlar əziyyət çəkirlər: onların səhiyyə və təhsil sistemlərinə çıxış imkanları məhdudlaşdırılır. Digər tərəfdən, onların fiziki zərərə, əmək və cinsi istismara məruz qalmalarının, insan alveri qurbanına çevrilmələrinin qarşısı alınmalı, habelə qərar qəbuletmə prosedurlarına onlar da cəlb edilməli, imtiyazların tətbiqi zamanı cinsi əlamətə görə ayrı-seçkiliyə yol verilməməsinə xüsusi diqqət yetirməlidir. Bu məqsədlə qadınlar üçün müasir dövrün yeni çağırışları nəzərə alınmaqla, xüsusi modullar üzrə müvafiq proqramların hazırlanması vacibdir.

Müvəkkil həmçinin, bu günlərdə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar verdiyi bəyanatın BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına və digər qurumlara göndərildiyini bildirib. Diqqətə çatdırılıb ki, bəhs olunan bəyanatda BMT-nin elan etdiyi prinsiplərə və 2030-cu ilə qədər dünyanı inkişafa hədəfləyən Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün BMT tərəfindən qəbul olunmuş konvensiyaların müddəalarının, həmçinin Təhlükəsizlik Şurasının qətnamələrinin qeyd-şərtsiz icra edilməsinin, eləcə də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının, bir milyondan çox qaçqın və məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasının, əsir və girovların azad edilməsinin, Xocalıya ədalətin təmin olunmasının vacibliyi qeyd edilib.

Konfrans panel müzakirələrlə öz işini davam etdirib.

Siyasət rubrikasından digər xəbərlər