“Omikron” insanlar üzərində hegemonluğunu göstərə bilmir – Həkim

15:28 20.01.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Koronavirusun bütün variantları ilə ən yaxşı mübarizə metodu vaksinasiyadır. Azərbaycanda bu proses sürətlə aparıldı. Əhali peyvəndləmə prosesinə çox yaxşı reaksiya verdi və prosesdə yaxından iştirak etdi. Hətta ölkə prezidenti yerli kanallara müsahibəsində üçüncü- “buster” dozanı vurdurduğunu bəyan etdi. Bu özü də əhali üçün əlavə stimul deməkdir.

Bu fikirləri hafta.az-a tibb məsələləri üzrə mütəxəssis İlqar Hüseynli bildirib:

“Yəni dünya ölkələri ilə müqayisədə Azərbaycan vaksinasiya prosesinə görə ön sıralarda dayanır. Düzdür, prosesin əvvəlində müəyyən neqativ hallar aşkarlandı, amma sonradan həmin hallar da aradan qaldırıldı. Artıq insanların şüurlu şəkildə prosesə hazır olduğu müşahidə edilir. “Omikron” ştammı ilə mübarizənin başlıca yolu da peyvənddir. Əgər bu variant nəzərdə tutulmayan səviyyədə sürətlə yayılarsa, müəyyən problemlər ortaya çıxa bilər. Fors-major hal baş verərsə, bizdə çarpayı fondu kifayət etməyə bilər. Burada bir məsələ var ki, ÜST mütəxəssisləri bu variantın yoluxduruculuq qabiliyyətinin yüksək olduğunu bildirsə də, öldürücülük qabiliyyətinin aşağı olduğunu bəyan edib. Hazırda Azərbaycanın özündə kütləvi virus peyda olub. Nəzəri cəhətdən şübhəli məqamlar var ki, bunların hamısı test olunmur. Yəni bəlli deyil ki, bu məhz “omikron”dur, ya “Omikron” deyil. Ümumən götürəndə cəmiyyətdə və dünya ictimaiyyətində “omikron”a  qarşı bir az, belə deyək ölüm risklərinin azalması ilə bağlı arxayınlaşma var. Digər tərəfdən, bu arxayınlaşma həm də əhalinin böyük hissəsinin yoluxaraq immunitet qazanması, habelə peyvənd vurdurması ilə də bağlıdır. Ona görə də “omikron” insanlar üzərində hegemonluğunu göstərə bilmir. Buna görə də düşünürəm ki, sərt karantin rejimlərinə qayıtmağa, iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılmasına, iş yerlərinin bağlanmasına ehtiyac yoxdur”.

Oxunma sayı 35