Ordu dövlətimizin onurğa sütunudur – Hərbi ekspert

12:51 26.06.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Silahlı Qüvvələr günüdür. Bu gün ölkə ictimaiyyəti Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması ilə müasir ordu quruculuğuna bir daha diqqət çəkməklə hərbi məsələlərin yüksək səviyyədə həll edilməsi imkanlarını dəyərləndirməkdədir.

Bu istiqamətdə hafta.az-a açıqlama verən hərbi təhlilçi,  "M5 Müdafiə və Strategiya jurnalı"nın regional təmsilçisi Alp Arslan İmamqulu bildirib ki, müstəqilliyimizdən bəri daxildə və xaricdə bir çox əngəllər olmasına baxmayaraq ordunun inkişaf yolunda müsbət irəliləyişlər var. Hərbi təhlilçi Vətən Müharibəsindən sonra son iki ildə əldə olunmuş nailiyyətlərin daha çox olduğunu deyib.

“Silahlı Qüvvələrin bütün qurumlarının sürətlə dəyişikliklərə getməsi isə birmənalı olaraq siyasi iradəmizin vermiş olduğu qətiyyətli qərarlarla bağlıdır. Doğrudur, ərazilərimizin işğaldan azad olunması ilə Silahlı Qüvvələrimiz rəşadət nümayiş etdirə bildi. Amma nəzərə almaq lazımdır ki, vətən müharibəsinin naliyyətləri Ali Baş Komandanın rəhbərliyi ilə icra olunan müştərək əməliyyatların tətbiqi ilə bağlıdır. Bu da bütün əli silah tutan qurumların mükəmməl plan əsasında sinxronlaşd;rılmış əməliyyatların icraatı ilə mümkün ola bilərdi”.

A.A.İmamqulu hesab edir ki, bu gün ordumuzda ştat struktur dəyişikliklərinin həyata keçirilməsi və yeni birləşmələrin yaradılması dünyada baş verənlər zəminində zərurətdir. Onun fikrincə, Azərbaycanın bir sıra qlobal tənzimləyici siyasi gedişatda iştirakı və təşkilatlara üzv olması hərbi müstəvidə təcrübələrin paylaşılmasına da öz təsirini göstərməkdədir. 

“Ordu mənsublarının beynəlxalq kurslarda və təlimlərdə iştirakı isə dosta güvən, düşmənə gözdağı baxımından gərəklidir. Bununla yanaşı müdafiə sənayesinin inkişaf etdirilməsi ilə iqtisadi töhfə təmin etməklə bərabər silah və təchizat baxımından asılılığın azaldılması da zərurətdir. Son dövrlərdə müdafiə sənayesi inkişaf etmiş Türkiyə və Pakistan kimi güclü dövlətlərlə təcrübə mübadiləsinin mümkünlüyü uzaq perspektivdə ixrac potensialı olan bir dövlət olmamıza şərait yarada bilər”.

A.A.İmamqulu fürsətdən istifadə edərək, şəhid ailələrini, qazilərimizi də bayram münasibəti ilə təbrik edib.

Unutmayaq ki, ordu dövlətimizin onurğa sütunudur və onlar sayəsində biz milli ləyaqətimizi qara ləkədən təmizləyə bildik.

Oxunma sayı 173
Gündəm rubrikasından digər xəbərlər