Mirzə İbrahimov 100 yaşında...

15:15 27.10.2011
Yazını böyüt
Yazını kiçilt
DünƏn Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda xalq yazıçısı, əməkdar incəsənət xadimi Mirzə İbrahimovun 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev ilk olaraq prezident İlham Əliyevin Mirzə İbrahimovun 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı sərəncamı xatırladıb. O, Mirzə İbrahimovun həyat və yaradıcılığına nəzər salıb, ictimai fəaliyyətindən danışıb. B. Nəbiyev bildirib ki, xalq yazıçısı milli filologiya elmi kadrlarının hazırlanması sahəsində böyük işlər görüb: “Mirzə İbrahimov bu instituta direktorluq etdiyi dövrdə dilçilik və ədəbiyyatşünaslıq elminin yeni, yüksək səviyyədə tədqiqini təşkil edib, üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi“nin yaranmasında böyük əməyi olub. Sonralar institutda XIX əsr Azərbaycan ədəbiyyatı tarixi şöbəsinə başçılıq edib, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri və SSRİ Yazıçılar İttifaqının katibi seçilib. Ömrünün axırınadək Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi“nin redaksiya heyətinin üzvü olub“. Tədbirdə tanınmış ədəbiyyat xadimləri ilə yanaşı, yazıçının qızı Sevda İbrahimova və gəlini də iştirak edib. Sevda İbrahimova tədbirin təşkilinə görə minnətdarlığını bildirib.
Nigar İxtiyarqızı