Ötən il 262 minə yaxın daşınmaz əmlaka dair çıxarış verilib

15:00 15.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərdən vətəndaşların rahatlıqla, daha az vaxt sərf etməklə istifadəsi, əhalinin əmlakının azsaylı prosedurlarla qeydiyyata alınması əsas məqsədlərdəndir. Belə ki, xidmətlərin keyfiyyətinin artırılması, prosedurların sadələşdirilməsi, müasir yanaşmaların tətbiqi vətəndaş məmnunluğunun yüksəlməsində, ipoteka, girov, sığorta kimi iqtisadi əməliyyatların yerinə yetirilməsində xüsusi önəm kəsb edir.

Hafta.az Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir ki, ötən il daşınmaz əmlakın qeydiyyatında vətəndaş məmnunluğuna xidmət edən bir sıra yeniliklər tətbiq edilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, çıxarışların elektron müstəviyə keçidi təmin olunub. Bu da qeydiyyat prosedurunun sadələşməsinə, operativliyin və şəffaflığın artmasına əlavə imkanlar yaradır. Elektron çıxarışların tətbiqi ilə ölkədə təkrar qeydiyyat tam olaraq elektron müstəvidə aparılır.
Bu sahədə prosedurların sadələşməsi, optimallığın artırılması nəticəsində çıxarışları qısa müddətdə, hətta 1 iş günü ərazində də əldə etmək mümkündür.
Əhaliyə göstərilən xidmətlərin modernləşdirilməsi, daha çevik şəkildə həyata keçirilməsi vətəndaşlarda əmlakın qeydiyyata alınması ilə bağlı maraq yaradıb. 2019-cu il ərzində ölkə üzrə 262 minə yaxın daşınmaz əmlaka dair çıxarış verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,5% çoxdur. Qeydiyyata alınan əmlakın 77 mindən çoxu (29.5%) ilkin, 185 minə yaxını (70.5%) isə təkrar qeydiyyata aiddir. Bunlardan 44 minə yaxını fərdi yaşayış və bağ evi, 75,5 minə yaxını mənzil, 13 minə yaxını torpaq sahəsi, 4,5 minə yaxını qeyri-yaşayış binası, 1000-ə yaxını əmlak kompleksi, 7049-u qeyri-yaşayış sahəsi, 75-i çoxmərtəbəli yaşayış binası, 24-ü isə çoxillik əkmələrdir.


2019-cu ildə 224 minə yaxın daşınmaz əmlakın texniki pasportu tərtib edilib. Eyni zamanda, 43,5 mindən çox ipoteka müqaviləsi, 4309 yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb, hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 250 minə yaxın məhdudiyyət arayışı verilib.


Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə istismara icazə aktı daxil olan 280-ə yaxın bina üzrə 11 min mənzilin çıxarışı hazırlanıb.
Qeyd edək ki, vətəndaşların daha rahat şəkildə mülkiyyət hüquqlarını rəsmiləşdirməsi üçün səyyar qeydiyyat kampaniyaları keçirilir və birbaşa ünvanlarda qeydiyyat xidmətləri göstərilir. Ötən il ərzində 22 bölgədə səyyar qeydiyyat kampaniyası təşkil edilib.

Oxunma sayı 148