Ötən il yol qəzalarında 821 nəfər həlak olub

16:20 21.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən il respublika ərazisində 1870 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hafta.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsində 2019-cu ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov deyib.

O bildirib ki, baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 821 nəfər həlak olub, 1702 nəfər xəsarət alıb. Bu da 2018-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayının 53 fakt, onların nəticəsində həlak olanların sayının 99 nəfər artması, xəsarət alanların sayının isə 9 nəfər azalması deməkdir.

Qeydə alınan ümumi hadisələrin 43,6 faizi piyadaların vurulması ilə bağlı olub ki, nəticədə 329 nəfər həlak olub, 527 nəfər xəsarət alıb.