Özbəkistanda 2030-cu ilə qədər 1,5 milyon hektar meşə salınacaq

10:25 03.06.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Özbəkistanda 2030-cu ilə qədər 1,5 milyon hektar sahədə meşələrin salınması və bərpası planlaşdırılır.

Hafta.az-ın yazdığına görə, bu barədə Özbəkistan prezidentinin “Meşələrin və Yaşıl Ərazilərin İnkişafı və Səhralaşmaya Qarşı Mübarizə Agentliyinin fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında” fərmanında deyilir. Qərara əsasən, meşə ehtiyatlarından səmərəli istifadə üçün aşağıdakı əsas hədəf göstəricilər müəyyən edilib:

2030-cu ilədək 1,5 milyon hektar sahədə meşələrin salınması və bərpası, 3,8 min hektar meşə fondu torpaqlarında dərman, qida və ədviyyat bitkiləri plantasiyalarının salınması; 2030-cu ilədək 9,2 min ton ağac və kol toxumu yığmaq və 919 milyon ədəd ting yetişdirmək; 2025-2026-cı illərdə 500 hektar dağlıq və dağətəyi ərazilərdə “terras” üsulu ilə ağac və kol tinglərinin əkilməsi nəzərdə tutulur.

“Ormontexnoservis” Meşələrin və Yaşıllıqların Artırılması, Səhralaşmaya Qarşı Mübarizə Agentliyinin Dövlət Unitar Müəssisəsinin bazasında “Meşə Təsərrüfatının Rəqəmsallaşdırılması Mərkəzi” dövlət müəssisəsi yaradılacaq. Mərkəz “Ağıllı Meşəçilik” informasiya platformasının yeganə operatorudur. Bu mərkəz meşə ehtiyatlarının idarə edilməsi proseslərinin rəqəmsallaşdırılması, onların vəziyyətinin real vaxt rejimində monitorinqi, müasir texnologiyalar, süni intellekt və inteqrasiya olunmuş informasiya sistemləri vasitəsilə meşə təsərrüfatının səmərəli idarə edilməsi ilə məşğul olacaq.

Meşə Təsərrüfatı Agentliyinin direktoru Nizomiddin Bəkirovun məlumatına görə, 2024-cü ilin əvvəlinə, son 6 ildə Özbəkistanda meşə fondu 1 milyon hektar genişlənərək 11,9 milyon hektara çatıb və ya respublikanın ümumi ərazisinin 26,4 faizini təşkil edib.