“Özbəkistanla Türkmənistanın verdiyi qərarları mühüm hadisə hesab edirəm” – Zəlimxan Məmmədli

11:21 18.09.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Keneşi-red.) qatılmaq barədə qərar qəbul etdiyini, Türkmənistanın da müşahidəçi üzv olmaq istədiyini bildirib. Mövlud Çavuşoğlu Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Keneşi) qatılmaq barədə qərar qəbul etdiyini, Türkmənistanın da müşahidəçi üzv olmaq istədiyini ifadə edib.

Nazir Çavuşoğlu əlavə edib ki, yaxın vaxtlarda Türkmənistanın da bu quruma üzv olması gözlənilir. Onu da vurğulayaq ki, keçən il İssık gölü sahilində keçirilən zirvə toplantısında Macarıstan müşahidəçi üzv seçilib.

Özbəkistan və Türkmənistanın uzun çək-çevirdən sonra belə bir qərar qəbul etməsi Azərbaycan ictimaiyyəti tərəfindən sevinclə qarşılanıb. Məsələyə münasibət bildirən “Borçalı” İctimai Cəmiyyətinin sədri, politoloq Zəlimxan Məmmədli hafta.az-a açıqlamasında deyib ki, birliyin vahid güc mərkəzinə çevrilmə imkanları zəruridir: “Dünya dəyişir. Çox sürətli proseslər gedir. Bəzi hallarda etnik, dini mənsubiyyətə görə qüvvələrin səfərbərliyi və ya ayrı-ayrı beynəlxalq qurumların qurulması ənənəsi var. Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan elə bir coğrafiyadadır ki, Rusiyanın təsir dairəsi hiss olunur. Eləcə də Çin faktoru var. İşlər bir qədər ləng getsə də Özbəkistanın və Türkmənistanın Türk PA sıralarına qoşulması böyük uğurdur. Hər halda, dərk olunur ki, etnik kimliyə görə birliyin yaranması, o birliyin böyüməsi, gələcəkdə bizə sırınan saxta tarixlərdən də imtina edərək birliyin vahid güc mərkəzinə çevrilmə imkanları zəruridir. Burada təmsil olunan hər bir dövlətin milli maraqlarına uyğundur. Bu istər Azərbaycan, istər Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan tərəfindən də dərk olunur”.

Ekspertin fikrincə, dərk olurunursa deməli, ağlımıza gəlməyən, bizi təəccübləndirən qərarların olması təbii prosesdir: “Bu prosesin təbiiliyini, zəruriliyini artıq türk coğrafiyası dərk edir. Bu baxımdan da Özbəkistanla Türkmənistanın verdiyi qərarları mühüm hadisə hesab edirəm. Gələcəkdə ilkin mərhələdə iqtisadi və mədəni məsələlərdə əməkdaşlıqlar önə gələcəksə, bundan sonra siyasi – strateji, müdafiə məsələlərində də uzlaşma yarana bilər. İndiki halda Özbəkistan və Türkmənistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilə bağlı açıqladığı qərarları müsbətə doğru addım hesab edirəm. Türk dünyasının birliyinə və gələcəkdə bizim beynimizdə qurduğumuz mənəvi Turan coğrafiyasında daha çox insanların bunun zəruri və vacib olduğunu dərk etməsi üçün bir işarə kimi dəyərləndirirəm”.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğızıstan daxildir.

Siyasət rubrikasından digər xəbərlər