Ozon təbəqəsi - planetimizin zərif zirehi

19:15 13.09.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün Yer kürəsi bir çox ciddi ekoloji problemlərlə üz-üzə qalıb. Beynəlxalq Millətlər Təşkilatı bu problemlərə diqqət çəkmək məqsədilə bir sıra tədbirlər həyata keçirməkdədir. Məsələn, 1994-cü ildə BMT-nin Baş Assambleyası 16 sentyabr tarixini “Beynəlxalq ozon təbəqəsinin mühafizəsi günü” elan edib. Bu gün ozon təbəqəsini dağıdan maddələrə dair imzalanan Monreal protokolunun tarixə salınması məqsədilə təyin olunmuş və dövlətlərə bu tarixi Monreal protokoluna uyğun fəaliyyətlərin təbliğatına həsr etmək təklif edilib. “Ozon təbəqəsinin qorunması haqqında” Vyana Konvensiyasında əks olunan və sonradan dağıdıcı xüsusiyyət daşıyan maddələrə dair Monreal protokolunda həyata keçirilən ozon təbəqəsinin qorunması beynəlxalq təşəbbüsdür.

Protokolda iştirakçılar tərəfindən öhdəliyə götürülmüş müəyyən hədlər, ozondağıdıcı maddələrin istehsalı və istehlakının tamamilə dayandırılması müəyyən olunub. Bu gün Vyana Konvensiyasına 173 dövlət qoşulub.

Məlumat üçün bildirək ki, ozon qatı günəşdən gələn ultrabənövşəyi şüaları udur, onların yer səthinə çatmasının qarşısını alır. Ozon qatının dağılmasında “antropogen faktorun” rolu elmi dairələrdə daha çox təhlükə mənbəyi kimi müzakirə olunur. Elə buna görə də Yer kürəsində olan bütün canlıları ultrabənövşəyi şüalanmadan qoruyan ozon qatının qorunması dünya ölkələri üçün birinci dərəcəli problemlərdən sayılır. Beynəlxalq ozon qatının mühafizəsinin devizi belədir: “Səmanı qoru, özünü qoru, ozon təbəqəsini qoru!”.

Yeri gəlmişkən, havanın qütblərə doğru aktiv axını ilə əlaqədar ozonun tərkibinin ən böyük qiyməti Kanada, Şimali Avropa və Rusiyanın Arktikaya yaxın hissəsində qeyd olunur. Yay fəslinə qədər orta en dairələr üzərində ozonun konsentrasiyası yüksək səviyyədə qalır. Belə meteoroloji şəraitin və böyük miqdarda kimyəvi aktiv xlorun olması Antarktika qitəsi üzərindəki ozon qatının dağılmasına səbəb olur. Ozon qatının dağılması ekvator zonasında planktonların məhvi nəticəsində okeanın biogenezinin dağılmasına, flora və faunanın məhvinə, insanlarda göz və xərçəng xəstəliklərinin artmasına, eləcə də insan və heyvanların immun sisteminin zəifləməsi nəticəsində müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. Hesablamala görə, təxminən 1970-ci ildən başlayaraq stratosfer ozonunun miqdarının qlobal azalması müşahidə olunur. Ozonun ümumi miqdarının azalması buzlaqların əriməsinə səbəb olur, digər tərəfdən, son yüz ildə Yer kürəsində orta illik temperaturun 0,6 dərəcəyə qədər artması qlobal istiləşmə problemi yaradır. Yer kürəsinə düşən UB şüalanmanın artması nəticəsində buzlaqların ərimə sürəti artır. Nəticədə son yüz ildə okean sularının səviyyəsi 10-15 sm artıb.

Hazırda ozon təbəqəsinin müşahidəsi ilə ABŞ-ın Milli Aeronavtika və Kosmik Agentliyi (NASA), Ümumdünya Meteorologiya Təşkilatı kimi mötəbər təşkilatlar, həmçinin Kanada, Böyük  Britaniya, Yeni Zelandiya və s. ölkələrin çoxsaylı təşkilatları müntəzəm olaraq məşğul olurlar.

Xatırladaq ki, 1982-ci ilin yanvar ayında BMT-nin Ətraf Mühit Proqramı Ozon Qatının Qorunması Haqqında Qlobal Konvensiyanın layihəsinin hazırlanması üçün xüsusi hüquqi və texniki ekspertlər qrupunun ilk müşavirəsini çağırıb. 3 illik aktiv danışıqlardan sonra Konvensiya 1985-ci il mart ayında Vyana şəhərində qəbul edilib. Konvensiyanın 21-ci maddəsinə görə, ölkələr insan sağlamlığını ətraf mühitin ozon qatının dağılması ilə əlaqədar təsirlərdən qorumağa dair öhdəliklər götürüb.

Araşdrmalara görə, ozon qatının azalmasına səbəb stratosferə düşən və texniki fəaliyyətin nəticəsi olan kimyəvi birləşmələrdir. Stratosfer qatında aparılan ölçmələr bu fikri təsdiq edib.Bəzi alimlər ozonun azalmasını meteoroloji dəyişmələrlə də izah edirlər. Lakin meteoroloji təsir nəzəriyyəsi ozon qatının niyə məhz axırıncı 20 ildə azaldığını izah edə bilmir. Bəzi tədqiqatçılar bu hadisəni günəşin aktivliyi ilə bağlayırlar. Lakin bu nəzəriyyə də sistematik ölçmələr aparılmasını tələb edir. Beləliklə, ozon qatının azalması faktı realdır və bu azalma son 20 ildə təxminən 2 faiz təşkil edibr. Səbəb atmosferə antropogen tullantıların miqdarının artmasıdır. Ona görə də, hazırda beynəlxalq miqyasda azot oksidlərinin, xlorlu karbohidrogenlərin atmosferə buraxılmasını azaltmaq üçün tədbirlər görülür, sazişlər bağlanır. Lakin Yer üzərində həyat davam edir və ozon qatını normal vəziyyətə çatdırmayana qədər bütün canlılar bu problemlə bağlı mənfi fiziki təsirlərə məruz qalacaqlar. Belə şəraitdə ozon qatının vəziyyəti ilə əlaqədar məlumatlar almaq, xüsusilə qeyri-məqbul günlərdə davranış qaydalarına əməl etmək vacibdir. Ən əvvəl ozonun atmosferdə miqdarı bir sıra faktorlardan - ilin fəsillərindən, coğrafi en dairəsindən və hündürlükdən asılı olaraq dəyişir. Ozonun miqdarı qışın axırı və yazın əvvəlində artır, payızda isə azalır. Bu maksimumlar tropik zonada nisbətən aşağı məsafədə baş verir. Digər tərəfdən, ozonun ümumi miqdarının dəyişməsində təxminən iki illik dövr müəyyən olunub. Belə dövrün mövcudluğu nəticəsində 70-80-ci illərdə müşayiət olunan azalma sürəti sonralar müşahidə olunmayıb. Hətta bu azalma sürəti qaldığı halda ozonun ümumi miqdarının üçdə bir hissəsinin azalması üçün təxminən 200 il vaxt lazımdır.

Son illər tez-tez səsləndirilən ozon qatının deşilməsi barədə söylənilən fikirlərin də yalnız mülahizələr olduğu ortaya çıxıb və mütəxəssislərin qənaətinə əsasən, onun nə vaxt deşiləcəyini müəyyənləşdirmək uzun bir prosesdir. Ozon qatının yaxın zamanlarda deşiləcəyi ilə bağlı rus alimlərinin proqnozları da dünya alimləri tərəfindən birmənalı qarşılanmır. Çünki onu dəqiq müəyyən etmək üçün güclü laboratoriyalar lazımdır. Belə sistematik laboratoriyalar yalnız bir neçə inkişaf etmiş ölkələrdə var. Amma onların da elmi hazırlıqları bunu araşdırmağa imkan vermir. Bir çox alimlər isə deyirlər ki, ozon qatı müəyyən müddətdən sonra bərpa olunur və təhlükə tədricən azalır.

Qeyd edək ki, Azərbaycan Respublikası da müstəqil bir dövlət kimi dünyanın aparıcı dövlətləri sırasına qoşularaq, ümumbəşəri ekoloji problem olan ozon təbəqəsinin mühafizəsi haqqında Vyana Konvensiyasının (1985), Monreal Protokolunun (1987), London (1990), Kopenhagen (1992) və Monreal (1997) düzəlişlərinin ratifikasiya edilməsi haqqında Qanun, 2012-ci ildə isə Monreal Protokolunun 25 illik yubileyində Pekin düzəlişinə qoşulub. Ratifikasiyadan sonra Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit və İnkişaf Proqramlarının dəstəyi ilə “Çinar” soyuducu və Sumqayıt kompressorlar zavodlarında, yanğınsöndürmə idarələrində istifadə olunan - İnsanın təsərrüfat fəaliyyəti nəticəsində atmosferdə ozondağıdıcı maddələrin - ODM-in istifadədən çıxarılması, sənayenin müxtəlif sahələri və məişətdə istifadə olunan ODM olan soyuducu agentlərin bərpası, yenidən istifadəsi, bu sahədə təlimatçı və texniklərin öyrədilməsi, Monreal Protokolunun yerinə yetirilməsi üçün təşkilatı strukturların möhkəmləndirilməsi üzrə layihələr həyata keçirilib. Azərbaycan Respublikası ozon təbəqəsinin qorunması üzrə dünya ictimaiyyətinin bütün səylərini dəstəkləyir və beynəlxalq razılaşma əsasında qəbul etdiyi öhdəlikləri ardıcıl olaraq yerinə yetirməyə çalışır. Ölkəmiz bir sıra ozondağıdıcı maddələrin istifadədən çıxarılması və həmin maddələrin atmosferə atılmasının qarşısının alınması üzrə dünya birliyinin həyata keçirdiyi tədbirlərdə fəal iştirak edir. 2008-ci ildə ozon qatının davamlı müşahidəsinin aparılması məqsədi ilə BMT-nin Ətraf Mühit Proqramı (UNEP), Qlobal Ətraf Mühit Fondu (GEF) və Ümumdünya Meteorologiya təşkilatına ozonometrin alınması üçün layihəyə təklif verilib. 2010-cu ildə “Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində Ozon qatının qorunması sahəsində fəaliyyətlərin gücləndirilməsi” regional texniki layihə çərçivəsində İqlim Dəyişmələri və Ozon Mərkəzində ofis avadanlıqları quraşdırılmış və lokal şəbəkə yaradılıb. Layihə cərcivəsində fəaliyyətlər davam etdirilərək ozondağıdıcı maddələrin iqlim dəyişmələrinə daha az təsir göstərən yeni maddələrlə əvəz edilməsi məqsədilə layihə təklifi hazırlanıb GEF-ə təqdim edilib.

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Sosial rubrikasından digər xəbərlər