Pandemiyadan sonra ilk Həcc ziyarəti - Aktual

17:05 11.05.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İkiillik fasilədən sonra, nəhayət, Səudiyyə Ərəbistanı Krallığı Həcc ziyarətinə icazə verdi. Bu il Səudiyyə Krallığı daxilindən və dünya dövlətlərindən toplam 1 milyon zəvvarın müqəddəs prosesdə iştirakına icazə verilir. Əlbəttə, bunun üçün həm Səudiyyə Ərəbistanının özünə, həm də ayrı-ayrı xarici ölkələrə müəyən kvota təyin edilir. Hər bir ölkəyə müsəlman əhalisinin sayına uyğun təyin olunan kvota, görəsən, ikiillik pandemiyadan sonra – bu il necə müəyyənləşib? Konkret olaraq, Azərbaycandan bu il neçə zəvvar Həccə gedə bilər, tələb olunan vəsait nə qədər olacaq, hansı qayda və prosedurları keçməlidir və sair.

Xatırladaq ki, 2020 və 2021-ci illərdə məlum koronavirus pandemiyası səbəbindən Səudiyyə hökuməti Həcc, eləcə də Ümrə ziyarətini dayandırmışdı. Sonuncu Həcc ziyarəti 2019-cu ilə təsadüf edir. O vaxt Azərbaycandan 1400 zəvvar müqəddəs şəhərlərə getmək şansı qazanmışdı. Xərcinə gəldikdə, məsələn, 2019-cu ildə Azərbaycandan Həcc ziyarətinə gedənlər 4285 dollar ödəniş ediblər. Qiymətə təyyarə biletləri, otel xərcləri, gündəlik yemək, nəqliyyat, Ərəfat və Minada qurulan çadırların pulları daxil idi.

Builki əlavə qaydaya əsasən, yaşı 65-i keçmiş möminlər Həcc ziyarətinə gedə bilməyəcəklər. Səbəbi pandemiya ilə bağlıdır. Hamımıza bəllidir ki, 65 yaşüstü insanlar koronavirusa qarşı daha həssasdırlar. Onların, hətta vaksin vurdursalar belə, istənilən təsadüfi şəraitdə yoluxma və digər xoşagəlməz hallar yaşaması ehtimalı daha yüksək olduğundan bu il ziyarətə buraxılmırlar.

Bu arada vaksin məsələsində bəzi detallar nəzərə alınmalıdır. Hər iki doza vaksin vurdursalar belə, zəvvarlar Səudiyyə torpaqlarına ayaq basmazdan əvvəl 72 saat ərzində aparılan mənfi PCR test nəticəsini təqdim etməlidirlər.

Zəvvarların bir məsələni də bilməsi lazımdır ki, Səudiyyə Krallığı hökuməti hər vurulan vaksini qəbul etmir. Məsələn, Çin istehsalı olan “Sinovac” vaksini Səudiyyə Krallığında qəbul olunmur. Onlar üçün “Pfizer”, “BioNTech”, “Moderna” və “AstraZeneca” vaksinləri keçərlidir. Son illər, xüsusilə İslam Şərqində “Sinovac”a əlçatanlıq daha asan olduğundan, müsəlman kütlənin böyük əksəriyyətinin məhz Çin vaksini vurdurmasını və müsəlman ölkələrinin ər-Riyada narazılıq bildirməsi nəticəsində Səudiyyə hökuməti qərarında düzəliş edib. Bu düzəlişə əsasən, iki doza “Sinovac”la aşılananlar mütləq buster doza olaraq “Pfizer”i vurdurmaqla müqəddəs torpaqlara gələ bilər.

Yeri gəlmişkən, Qafqaz Müsəlmanları İdarəsi Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangir vaksin məsələsi ilə bağlı vətəndaşlara müraciət edərək bildirib ki, əsas şərt olaraq, ziyarət üçün səfərdən iki həftə əvvəl mütləq, ən azı, 1 doza “Pfizer” vaksini vurulmalıdır. Yəni iki doza “Sinovac” vurulsa belə, Səudiyyə Ərəbistanı bunu qəbul etmir. Həmin vaksini vurduranlar mütləq bir doza “Pfizer” vurdurmalıdır. Yox, əgər ümumiyyətlə “Sinovac” vurulmayıbsa, o zaman mütləq iki doza “Pfizer”lə getmək mümkündür.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayevin də Həcc məsələsi ilə bağlı açıqlamaları var. QMİ rəsmisi deyir ki, Azərbaycan vətəndaşı olan istənilən şəxs ziyarətə gedə bilər və onlara bu müstəvidə hər hansı əngəl qoyulmur. Dövlət üçün ayrılan kvotaya gəldikdə, bu turda ancaq Azərbaycan vətəndaşları iştirak edə bilər. Tutaq ki, hansısa imtiyazla Azərbaycanda yaşayan İran, Türkiyə, Gürcüstan və digər xarici ölkələrin vətəndaşları dövlətə ayrılmış kvota çərçivəsində Həccə gedə bilməyəcəklər.

Bəs bu il Azərbaycandan müqəddəs yolçuluğa neçə nəfərlik kvota ayrılıb, səfər xərcləri nə qədər olacaq? QMİ rəsmisinin sözlərinə görə, Azərbaycana ayrılan kvota və qiymətlər hələlik dəqiqləşməyib və təxminən, 10 gün ərzində bütün suallara cavab olacaq.

Məlumat üçün bildirək ki, bu il Həcc ziyarətinə gedəcək türkiyəli zəvvarların kvotası barədə rəsmi məlumat artıq Ankaraya göndərilib. Qardaş ölkədən Həccə 37770 zəvvar yollanacaq. Azərbaycanlı möminlərə isə bir neçə gün səbirlə gözləmək qalır…

Oxunma sayı 689