Parlamentdə boş qalan yerlər – seçkilər nə zaman olacaq?

15:15 05.08.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, Azərbaycan Milli Məclisinin deputatı Eldəniz Səlimovun səlahiyyətlərinə xitam verildi və o, istintaqa cəlb edildi. Bununla da artıq parlamentdə 6 deputat yeri boş qalır. Beləliklə, parlamentdə boş qalan deputat yerlərinin qanunvericiliyə əsasən necə doldurulması məsələsi gündəmə gəlir.

Hafta.az hüquqşünas və siyasətçilərlə açıq qalan bu suala aydınlıq gətirməyə çalışıb. Maraqlıdır, məlum fakta əsasən Parlamentə seçkilər nə vaxt keçirilə bilər? MSK boş qalan yerlərə seçkilərin keçirilməsini nəzərdə tuturmu?

Hüquqşünas Ələsgər Məmmədli hafta.az-a açıqlamasında bildirib ki, parlament seçkiləri zamanı hansısa dairələrdə yerlər boş qalıbsa, həmin yerlərin doldurulması üçün əlavə seçkilərin keçirilməsi tələb olunur.

“İlyarımdan çox vaxtdır ki,  MSK bu məsələ ilə bağlı yeni seçkilərin keçirilməsini təyin etmədi.  Daha sonra davranış qaydalarını pozduqlarına görə ardıcıl olaraq bir neçə deputat yeri boşaldı.  Təbii ki, boş qalan yerlər Milli Məclisin qərarvermə prosesinə təsir etmir. Parlament  nəticə etibarilə maksimum 95 səslə, digər hallarda isə 83 və ya 63 səslə qərar qəbul edə bilir. Yəni hazırkı say tərkibi parlamentin funksionallığına təsir etmədiyi üçün  seçkilərin keçirilməsinə ehtiyac duyulmur. Orta hesabla deputatın 40-50 min seçicisi varsa, yarım milyona yaxın əhali Milli Məclisdə təmsilçisiz qalmış olur”. 

Hüquqşünas bildirir ki, demokratik cəmiyyətlərdə insanların sözünü çatdırmaq baxımından  boş qalan deputat yerləri problem kimi qəbul oluna bilər. 

“Düzdür, parlamentin yenilənmə qərarını MSK vermir,  amma boş qalan yerlər üzrə qərarı olmalıdır. Yəqin ki, MSK bu istiqamətdə düşünüb ləngimədən məsələni həll etməli, dairələr üzrə seçkiləri müəyyən etməlidir. Prosesi ona uyğun şəkildə də yekunlaşmalıdır”. 

Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı bildirir ki, MSK seçkinin keçirilməsi ilə bağlı qərarını verir, gününü təyin edir, ondan sonra da müvafiq qaydalara və Seçki Məcəlləsinin müddəalarına uyğun olaraq vətəndaşlar öz namizədliyini irəli sürür.

Müəyyən dövrdən sonra artıq təbliğat-təşviqat işləri başlayır, sonra səsvermə və sonda nəticə bəlli olur.

F.Ağamalı bir deputatın etik, davranış qaydalarına əməl etmədiyinə görə, Milli Məclisin nüfuzuna xələl gəlməsi ilə bağlı yanaşmalarla razılaşmadığını deyir.

Məsələ ilə bağlı MSK-ya da müraciət etdik. Mətbuat xidmətinin katibi Şahin Əsədli “Bir azdan danışarıq”, - dedi, amma нядянся sualımıza cavab gəlmədi...

Oxunma sayı 971
Siyasət rubrikasından digər xəbərlər