ABŞ İranı terroru dəstəkləməkdə ittiham etdi

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt
ABŞ dövlət katibi Hillari Klinton iki iranlının Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinə sui-qəsd cəhdinə dair iddialardan sonra İrana “çox ciddi mesaj“ göndərilməsinə çağırıb. O deyib ki, Vaşinqton İrana qarşı yeni sanksiyalar hazırlayır. Hansıki İran indiyədək də artıq müxtəlif beynəlxalq sanksiyalara məruz qalıb. Dövlət katibi İranla bağlı son hadisəni hüquq-mühafizə və kəşfiyyat orqanlarını böyük nailiyyəti kimi qiymətləndirib.
Bu arada ABŞ dünya ölkələrini xəbərdar edib ki, onların ərazisində anti-ABŞ aktları törədilə bilər. Xəbərdarlıqda deyilir: “ABŞ hökuməti belə qərara gəlib ki, Tehranın dəstəklədiyi, Səudiyyə səfirinə sui-qəsd planı İran hökumətinin bəzi ölkələrin diplomatlarına qarşı terror fəaliyyətinə daha təcavüzkar davrandığını göstərir“. ABŞ hökuməti xaricdə yaşayan və səfər edən vətəndaşlarını səfərlərə çıxmazdan öncə hər bir məlumatı diqqətlə öyrənməyə çağırıb.
İran isə ABŞ-ın iddialarını rədd edib və onları “saxta və əsassız“ adlandırıb. İrandan artıq bu ittihamlarla bağlı reaksiya gəlib. BBC-nin məlumatına görə, İranın BMT-dəki səfiri Məhəmməd Xəzai qurumun baş katibi Pan Gi Muna məktub yazaraq, ABŞ-ın ittihamlarından hiddətləndiyini ifadə edib. Məktubda deyilir ki, onlar terrorla mübariə aparırlar, İranın ABŞ-dakı Səudiyyə Ərəbistanı səfirini öldürtmək planına dair iddialar isə Fars körfəzi ölkələrində vəziyyəti gərginləşdirmək məqsədi daşıyır. İranın BMT-dəki səfiri ABŞ-ın ittihamlarının təbliğat xarakteri daşıdığına və əslində “pis niyyət“ olduğuna əminliyini də ifadə edib.
Bu ara isə məlum olub ki, ABŞ-da Səudiyyə səfirinə qarşı sui-qəsd sövdələşməsinin üstü açılıb. Bunu Birləşmiş Ştatların baş prokuroru Erik Holder təsdiqləyib. Onun sözlərinə görə, sui-qəsd planının arxasında İran hakimiyyətinin bəzi nümayəndələri olublar. “İran hakimiyyətindəki ayrı-ayrı qruplar Səudiyyə Ərəbistanın ABŞ-dakı səfirinin qətlə yetirilməsini planlaşdırıblar. Əməliyyat məhz İrandan planlaşdırılıb, maliyyələşdirilib və idarə olunub“, - E.Holder mətbuat konfransında bildirib. Baş prokurorun sözlərinə görə, bu məlumatı istintaqa saxlanılan İran vətəndaşlarından biri verib. Xatırladaq ki, E.Holderin bəyanatından əvvəl KİV-də məlumatlar yayılmışdı ki, Nyu-York məhkəməsi iki iranlıya Vaşinqtondakı İsrail və Sudiyyə Ərəbistanı səfirliklərində terror aktları həyata keçirməyə və Səudiyyə Ərəbistanı səfirini qətlə yetirməyə cəhddə ittiham edib. Saxlanılanlardan biri həm də ABŞ vətəndaşıdır.
Baş prokuror E.Holder ABŞ-ın buna görə İranı məsuliyyətə cəlb edəcəyini bildirib. Artıq hadisəylə bağlı 2 nəfər saxlanılıb. Sui-qəsdə cəhddə ittiham olunan şəxslərdən birinin ikili vətəndaşlığı olan Mansur Ərbabsiyar, digərinin isə “Qüds Qüvvələri“ qruplaşmasının üzvü Qulam Şakuri olduğu bildirilir. Federal Təhqiqatlar Bürosunun direktoru Robert Müller sui-qəsdin qarşısını almaqla xeyli insanın həyatını xilas etdiklərini deyib.
E.Holder deyib: “Mənsur Ərbab Siyar tutulduğu gündən bu terror planını həyata keçirmək üçün cəhd göstərdiklərini etiraf edib. O, İran hakimiyyətinin bu kimi əməliyyatlarda rolu haqda dəyərli məlumatlar da verib“.
Nyu-York Federal Prokurorluğunun təqdim etdiyi ittihama görə, M.Ə.Siyar bu ilin avqust ayında Meksikada özünü narkotik mafiyasının üzvü təqdim edən FTB məmuru ilə görüşdə ona Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirini öldürmək üçün 1,5 milyon dollar pul verməyə hazır olduğunu deyib və ona 100 min dollar beh verib. Bildirilir ki, Mənsur Ərbab Siyar sentyabrın 29-da İrandan Frankfurta səfər edib. O daha sonra terror əməliyyatı planına rəhbərlik etmək üçün Mexiko şəhərinə səfər etsə də, onun girişinə icazə verilməyib və Nyu-Yorka göndərildikdən sonra burada tutulub. İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst isə jurnalistlərə açıqlamasında ABŞ-ın “Sepah“ və onun “Qüds“ qanadına qarşı irəli sürdüyü ittihamları rədd edib: “Bunlar yalan və əsassız ittihamlardır. İslam düşmənlərinin hazırladığı bu ssenarilər bölgədə ixtilafları qızışdırmaq məqsədi daşıyır“.
ABŞ “axmaq çıxışları“ ilə diqqəti öz daxili problemlərindən və regionun problemlərindən yayındırmağa çalışır. Bunu İran parlamentinin spikeri Əli Laricani bildirib. Xəbəri MEHR agentliyi yayıb. “Belə axmaq çıxışlarla ABŞ hay-küy qaldırmağa və öz daxili problemlərindən xilas olmağa çalışır“, - Laricani deyib. Spiker bəyan edib ki, İranla Səudiyyə Ərəbistanı arasında münasibətlər yaxşı səviyyədədir və Tehranın “axmaq oyunlar oynamaq“ üçün səbəbi yoxdur: “Belə bəyanatlar verməklə, ABŞ müsəlman ölkələri arasında fikir ayrılığı salmağa və regiondakı islam oyanışından diqqəti yayındırmağa çalışır. Lakin Birləşmiş Ştatlar buna nail ola bilməyəcək“.
Vüsal