Rus Pravoslav Kilsəsinin patriarxı Kirill Soçidə xidmət edən keşiş Qavriilin müsəlmanlara qarşı bəyanatlarını kəskin şəkildə pisləyib. Kalininqrad yeparxiyasının ruhaniləri ilə görüşən Kirill Qavriilin xütbəsini “xaricdən yönəlmiş təxribat” kimi qiymətləndirib. Patriarx deyib: “Rusiyanın çətin günlər yaşadığı bir vaxtda İslam və pravoslavlıq arasında münaqişə yaratmağa çalışan hər kəs ya əqli cəhətdən qüsurludur, ya da ümumiyyətlə, niyyəti pisdir”.
Hafta.az-ın yazdığına görə, Kirill müsəlmanlarla pravoslavlıq arasında Allaha inanc kimi əsas oxşarlıqların olduğunu, lakin bəzi məsələlərdə fərqliliklərin də mövcudluğunu bildirib. Onların çoxarvadlılıq kimi nikah anlayışındakı fərqliliklərə toxunan patriarx deyib ki, həqiqətən vacib olan vətən sevgisidir. Bu harmoniyanın xarici gücləri narahat etdiyini əsas gətirən dini lider, "Kimsə Rusiya, rus mədəniyyəti və ya pravoslav kilsəsi adına müsəlmanlara qarşı mübarizəyə çağırırsa, o şəxsi uzaqlaşdırın. Bu, açıq-aşkar təxribatdır" deyə çağırış edib.
Açıqlamalardan əvvəl Qavriilin iyunun 5-də Soçidə tutduğu vəzifədən uzaqlaşdırıldığı açıqlanıb. Valaam monastırının Telegram kanalı bu qərarın keşişin sosial mediada təxribat xarakterli açıqlamalarına görə verildiyini bildirib. Həmçinin ona bir həftə ərzində bütün hesablarını bağlamaq və Valaam monastırının adından heç bir mediada danışmamaq tapşırılıb. Monastır rəhbərliyi Qavrilin din xadimi statusuna hörmət edilməli olduğunu vurğulasa da, artan ictimai qəzəb səbəbindən müdaxilə etdiklərini bildirib. Digər tərəfdən, general Apti Alaudinovla pravoslav vətəndaş hərəkatı “Sorok Sorokov” arasında gərginlik azalmağa başlayıb. Əvvəlcə Alaudinovun Qavrillə bağlı sərt sözlərinə reaksiya verən qrup iyunun 14-də keçirilən görüşdən sonra razılığa gəlib. Hərəkatın lideri Andrey Kormuxin deyib: "Biz əvvəlcə üzr istəməyi tələb etməyi düşünürdük, lakin görüşdən sonra buna ehtiyac olmadığını anladıq. General emosional bir anında video çəkilişdə səhv etdiyini bynuna aldı".
Kormuxin əlavə edib ki, Alaudinov “rusların və pravoslavların düşməni deyil, dostudur”.