Misirdə etiraz aksiyası silahlı qarşıdurmaya səbəb olub

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt
Misirin paytaxtı Qahirədə xristian-koptlarla polis arasında qarşıdurma olub. Silahlı qarşıdurma 24 nəfərin ölümü ilə nəticələnib. Misirin cənubundakı Edfu şəhərində yerli idarə orqanlarının qərarıyla ölkənin cənubunda qanunsuz tikilən kilsənin uçurulması etiraza səbəb olub. Xristian-koptlar paytaxt Qahirədə etiraz aksiyası keçiriblər. Polis aksiyanın dayandırılması üçün etirazçılara xəbərdarlıq edib. Nümayişçilər polisə müqavimət göstərib, onları daşqalaq ediblər. Polis isə rezin dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə edib. Aksiyaçılar avtomobilləri yandıraraq, yolları bağlayıblar. Daha sonra etirazlar silahlı qarşıdurmaya çevrilib. Bir qrup aksiyaçı hərbçilərə hücum edərək onların silahlarını götürüb və asayiş keşikçilərinə atəş açıblar. Silahlı qarşıdurma nəticəsində 24 nəfər həlak olub, 200-dən çox insan isə yaralanıb. Hadisəylə bağlı xalqa müraciət edən Misirin baş naziri Əssam Şərəf baş verənləri təxribat adlandırıb. 10 mindən çox insanın qatıldığı aksiyaya xristian-koptlarla yanaşı, müsəlmanlar da qoşulub. Misir hökuməti etiraz aksiyasının əvvəlcədən planlaşdırıldığını və meydanlarda toplaşan etirazçıların polislərə qarşı aqressiv davrandıqlarını bəyan ediblər. Qeyd edək ki, Hüsnü Mübarəkin devrilməsindən sonra ölkədə qarşıdurmalar hələ də səngimək bilmir. Mütəmadi olaraq minlərlə insan meydanlara axışaraq müxtəlif tələblər irəli sürürlər.