Pəhriz tutmadan arıqlama dövrü başladı

10:15 18.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Nottingem Trent Universitetinin alimləri pəhriz saxlamadan arıqlamağı mümkün edən əsaslar kəşf ediblər. Tədqiqatçılar qəhvəyi yağ toxumasından PHD2 adlı genin çıxarılmasının orqanizmdə maddələr mübadiləsini sürətləndirdiyini və daha çox kalori yandırılmasına imkan verdiyini aşkar ediblər.

Hafta.az-ın yazdığına görə, bu kəşf piylənmə və 2-ci tip diabet kimi artıq çəki ilə əlaqəli xəstəliklərin müalicəsi üçün yeni və perspektivli üsul təklif edir. “Nature Communications” jurnalında dərc edilən araşdırma nəticələri göstərdi ki, PHD2 geni çıxarılan siçanlar normaldan çox yesələr də, bu geni olanlardan 60 faiz daha çox kalori yandırıblar.

PHD2 geni soyuq havalarda bədəni isti saxlayan qəhvəyi yağ toxumasının tənzimlənməsində mühüm rol oynayır. Tədqiqatçılar hesab edirlər ki, bu genin təsirinin azaldılması artıq çəki ilə 2-ci tip diabet arasındakı əlaqəni poza bilər. Araşdırmanın aparıcı tədqiqatçısı Dr. Zoy Miçailidu, tapıntıların xüsusilə piylənmə və diabet riski yüksək olan insanlar üçün böyük əhəmiyyət kəsb etdiyini bildirir.

Dr. Miçailidu, PHD2 geninin qəhvəyi yağ toxumasından çıxarılmasının maddələr mübadiləsini sürətləndirməyə və daimi pəhriz saxlamağa ehtiyac olmadan arıqlamağa kömək edə biləcəyini bildirir. Tədqiqatçılar yüksək dağlıq ərazilərdə yaşayan insanların daha sürətli maddələr mübadiləsinə malik olduğunu, PHD2 genini manipulyasiya edərək bu təsiri təqlid etməyi hədəflədiklərini müşahidə ediblər. Yüksək hündürlüklərdə oksigen səviyyəsi aşağı olduğundan, bədən daha çox kalori yandırmağa məcbur olur.

Komanda PHD2 geninin təsirini daha yaxşı başa düşmək üçün 5000-dən çox insanın qanını analiz edib. Nəticələr göstərdi ki, PHD2 zülal səviyyəsi daha çox qarın yağı daşıyan insanlarda daha yüksəkdir. Bundan əlavə, bu genin diabet və tiroid xəstəlikləri kimi metabolik xəstəliklərin riskini artırdığı aşkar edilib.

Dr. Miçailidu bildirir ki, siçanlar və insan hüceyrələrində PHD2 zülalını bloklayaraq, soyuq havaya məruz qalmasalar belə, kalori yandırmasını artıra biliblər. Bu, PHD2 genini hədəf alan müalicələrin arıqlamaq və metabolik xəstəliklərlə mübarizə aparmaq üçün təsirli bir üsul ola biləcəyini göstərir. Bununla belə, Dr. Miçailidu bu metodun insanlarda istifadə edilməsindən əvvəl daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayır.