Piramidaların altında aşkarlanan "anomaliya" arxeoloqları heyrətə saldı

10:35 21.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Arxeoloqlar Misirdəki Giza piramida kompleksinin altında basdırılan nəhəng “anomaliya” kimi təsvir etdikləri şeylə rastlaşıblar.

Hafta.az-ın yazdığına görə, tədqiqatçılar Gizadakı Qərb qəbiristanlığının altında aşkar edilməmiş hər hansı bir şeyin basdırıldığını görmək üçün yerə nüfuz edən radar kimi yeni vasitələrdən istifadə edərək tapıntını qiymətləndiriblər.

Tədqiqatçılar 4500 illik Böyük Piramidanın yaxınlığındakı kral qəbiristanlığının altında biri dayaz, digəri dərin olan bir cüt yeraltı tikili tapıblar. Arxeoloqlar onları anomaliya kimi təsvir ediblər, çünki strukturların sıxlığı ətrafdakı torpaqdan fərqli idi.

Alimlər formalarına görə bu tikililərin süni olduğunu düşünür və bu strukturların tikildikdən sonra doldurulduğundan şübhələnirlər.

“Gizadakı Qərb qəbiristanlığı kral ailəsinin üzvlərinin və yüksək səviyyəli nümayəndələrin mühüm dəfn yeri kimi tanınır” deyən arxeoloqlar əlavə ediblər ki, yeraltı radar və elektrik müqavimət tomoqrafiyası ilə aparılan ilkin iş “Gizanın şimalında bir anomaliya” aşkar edib.

Anomaliyanın baş verdiyi ərazini təxmini müəyyənləşdirmək mümkün olsa da, strukturun xüsusiyyətlərini və yerini dəqiqləşdirmək mümkün olmayıb.

Eni 10 metr, uzunluğu 15 metr olan dayaz strukturun dərinliyi 2 metrdən də azdır. Tədqiqatçılar bunun daha böyük, daha dərin strukturun tikintisini dəstəkləmək üçün edildiyindən şübhələnirlər. Dərin strukturun ən dayaz yeri təxminən 5 metr, ən dərin yeri isə 10 metrdir.

Tədqiqatçıların fikrincə belə anomaliyaya qum və çınqıl qarışığı və ya "hava boşluqları ilə seyrək intervallar" səbəb ola bilər.

"Bu, daha dərin strukturun girişi ola bilər. Hesab edirik ki, dayaz strukturun dərin və daha böyük strukturla əlaqəsi vacibdir. Tədqiqat nəticələrinə əsasən, anomaliyaya səbəb olan materialı müəyyən edə bilmədik, lakin bu, həm də böyük bir yeraltı arxeoloji quruluş ola bilər”, - tədqiqatçılar deyib.

Tədqiqatçılar ümid edirlər ki, ərazinin diqqətlə qazılması bu strukturların xarakterini müəyyən edə biləcək.

Oxunma sayı 141