Piyadanı vurub qaçan sürücü tutulub

16:41 28.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hacıqabul rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Baş Prokurorluqdan hafta.az-a verilən məlumata görə, yanvarın 28-də saat 02 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində Qaradağ rayon sakini 1987-ci il təvəllüdlü Orxan Güləliyevin idarə etdiyi “MAN” markalı 99-JK-244 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yolu keçən piyada – 1982-ci il təvəllüdlü Adil Kərimovu vurması nəticəsində sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub və digər zəruri istintaq hərəkətləri aparılıb.

Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin sürücü O.Güləliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Oxunma sayı 142