“PKK-nın əsas himayədarları İran və Hizbullahdır” – KEÇMİŞ PKK KOMANDİRİ SƏRHAT KƏRİM

14:45 06.07.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

AKP iqtidarı qardaş Türkiyəni idarə etməyə başlayandan sonra, vaxtilə SSRİ tərəfindən yaradılmış PKK-ya qarşı mübarizə tədbirləri sürətlə və effektiv şəkildə həyata keçirilir. Artıq PKK-nın terror hücumları sıxışdırılaraq Türkiyə dövlətinin ərazisindən kənara çıxarılıb. Sərhəddən kənarda da fərqli adlar altında fəaliyyət göstərən yan quruluşların himayə və yardımı ilə zaman-zaman qardaş ölkəyə qarşı terror hücumları edilir.

Amma əlbəttə, artıq Türkiyə 20 il öncəki zəif, Qərbin də planları əsasında, iki aydan bir koalisiya çəkişmələri nəticəsində hökumətsiz qalan, adi tüfəng mərmisi üçün Avropanın cırtdan ölkələrinin qapısına düşən, əksər hallarda da qarşısına min cür şərtlər qoyulub geri qaytarılan Türkiyə deyil. PKK da əvvəlki təşkilat deyil - artıq dağda-daşda öz canının hayındadır....

Yuxarıda qeyd etdim ki, PKK Sovet İttifaqı tərəfindən NATO Türkiyəsinə qarşı yaradılıb. Təbii ki, əvvəllər SSRİ-nin, indi isə birbaşa Rusiya kəşfiyyatının himayəsində olan PKK terrorçıları hələ də Kreml tərəfindən bəslənilir. Bunlardan biri, Rusiyanın kürd mənşəli vətəndaşı olan Sərhad Kərimdir. Təxminən 20 il öncə PKK-nın ən sözükeçən dırnaqarası komandirlərindən olmuş S.Kərim bu günlərdə “İndependent”ə bəzi sirləri açıb. Bildirib ki, 1998-ci ildə 19 yaşındaykən hüquq fakültəsinə daxil olduğu halda təhsilini bir kənara qoyub, PKK-ya qoşulub və qısa baxtda “komandir rütbəsinədək yüksəlib”. Amma aradan 20 il ötdükdən sonra PKK-nın mənasız olduğunu anlayıb oradan uzaqlaşır.

“PKK-dan uzaqlaşmaq istəyənlər öldürülür”

 

“O vaxt deyirdilər ki, təşkilatın məqsədi kürd və Kürdüstandır. Təşkilat rəhbərləri birmənalı olaraq deyirdilər ki, “Bu il Kürdüstanı xilas edəcəyik, bu il müstəqillik ilidir, gələn il azad yaşayacağıq” və sair. 2002-ci ilə qədər ümidim vardı. Yəni mənim keçiriləcək qurultayda yeni nəsə olacağına ümidlərim var idi. Səddamın devrilməsi ilə İraq Kürdüstanında kürd hökuməti qurulacaqdı. PKK-nın da həmin hökumətə qoşulacağı gözlənilirdi. Xüsusilə təşkilatda bizim üçün böyük gözlənti vardı, amma onu da məhv etdilər. Təbii ki, zaman keçdikcə müxtəlif hadisələrin şahidi olduq, gözləntilərin özünü doğrultmadığını anladım...”, - deyib S.Kərim.

O bildirib ki, qurultay 2002-2003-cü illər arasında Qəndildəki mağaralardan birində keçirilib. Məhz həmin il beynəlxalq güclər KDP (Kürdüstan Demokratik Partiyası) və KYB-ni (Kürdüstan Vətənpərvərlər Partiyası) bir araya gətirərək ortaq kürd hökuməti qurmaq istəyirdilər. Bizə aydın idi ki, Qərb o zaman Ərbil hökumətinin timsalında PKK-nı siyasi quruluş olaraq təsdiqləməyə çalışırdı. “Yadımdadır, vəkilləri Abdullah Öcalanın məktubunu Qəndilə gətirdilər. Öcalan qəti tapşırıq vermişdi ki, PKK-nın sükanı arxasında olan heç kim qurultaya qatılmasın. O vaxt ssenari beləydi ki, Məsud Bərzani yeni hökumətə rəhbərlik edəcək, Leyla Zana da onun yardımcısı olacaq. Öcalan məktubda qeyd edirdi ki, təşkilatın adını dəyişib KADEK (Kürdüstan Azadlıq və Demokratiya Konqresi) qoyulsun və Karayılan ona rəhbərlik eləsin. KADEK-in toplantısı “İmralı”dan idarə olunurdu. Qurultayda Zübeyir Aydar, Remzi Kartal, İran PJAK-ının rəsmisi, Ərbildən ziyalılar iştirak edirdi. Daha sonra 4 aprel 2002-ci ildə qurultayın ilk günü PKK adı altında həyata keçirilən fəaliyyətlərin dayandırılması və KADEK adının üst təşkilat kimi istifadə edilməsi qərara alındı. Lakin Aponun təklif və göstərişlərinə əməl edilmədi. Bu layihə və proses Cəmil Bayıkın liderliyində Mustafa Karasu və Duran Kalkan kimi adlarla baltalandı. Karayılan təzyiq altında və könülsüz şəkildə Bayıkın tərəfinə keçsə də, ümumiyyətlə, hələ də ortada oynayır. Üstəlik, Osman Öcalan və Nizaməddin Taş kimi adlarla fikir ayrılığı dalana dirəndikdən sonra onlar partiyadan çıxarıldılar. Müqavimət göstərsəydilər edam olunacaqdılar. Onlar da o zaman Kürdüstan hökumətinə sığındılar. Əslində doğru addım atdılar, çünki PKK-dan ayrılan və ya ümumiyyətlə, öz həyatına qayıtmaq istəyənlərin əksəriyyəti artıq öldürülüb...”, - deyir keçmiş PKK komandiri.

 

Şiə himayədarlar

 

Müsahib bildirib ki, o vaxt PKK-nın və liderləri, o cümlədən Cəmil Bayık İranın tapşırıqlarını yerinə yetirirdi. İran bu yolla gələcəkdə özünün ərazi bütövlüyünə təhlükə olmasın deyə edirdi. “Bu gün də görürük ki, Rəmzi Kartal, Zübeyir Aydar və bir çoxları Avropada kürdlərə, Kürdüstana işləməyə imkan vermirlər. Bir sözlə, Abdulla Öcalanı dinləmədilər. Onlar hətta Öcalanın qardaşı Osman Öcalanı öldürməyə cəhd ediblər” deyən S.Kərim bildirib ki, kürdlərin birliyi məhz sözügedən proseslə pozulub.

Keçmiş PKK-çı qeyd edib ki, 2002-ci ildən sonra PKK-nın mövqeyi həm kürdlər arasında, həm də Avropada, Skandinaviyada və Rusiya kimi bir çox ölkələrdə xeyli zəifləyib.

“Öcalan həbs edildikdən sonra Cəmil Bayık lider oldu, amma çoxları onu ciddi qəbul eləmir. Odur ki, o, hər an Apoya istinad edir, yəni Aponun kölgəsində fırlanır. Amma fakt odur ki, necə deyərlər, yağ lampası Cəmil Bayıkın əlindədir... O, özünü quldur mafiya başçısı kimi aparır. 2003-cü ildən sonra PKK Abdullah Öcalanın PKK-sı deyil və nöqtə! Cəmil Bayık PKK-nı yenidən formalaşdırdı və 19 ildir ki, Bayık İrana qarşı istənilən təhdid və hücumlara icazə vermir. O, birmənalı şəkildə İranın adamıdır. Bayık hətta Öcalanın İmralıdan göndərdiyi məktubları belə öz istəyinə uyğun şərh edir. Öcalan onun barəsində çoxlu mənfi fikirlər bildirmişdi, hətta bir müddət təşkilatdan kənarda qalmasını istəmişdi. Amma onun dediklərinə məhəl qoyulmadı. Təsəvvür edin, 2003-cü ildə İrana müdaxilə edəcəkdik, amma Bayik icazə vermədi. O, İran nə göstəriş verirsə, onu yerinə yetirir. Onlar İranın, eləcə də 100 faiz Hizbullahın təsiri altındadırlar. Bu gün biz İran siyasətinin bir çox nümunəsini görürük və kürdlər bunun ziyanını çəkir. Şengal, Kərkük, Mahmur və Rojavada da eyni siyasəti yürüdürlər. Qəndil müəyyən mənada İrana və Hizbullaha arxalanır”, - deyib S.Kərim.

Keçmiş PKK-çı qeyd edib ki, Cəmil Bayık Livanda yaradılmış Mahsum Qorxmaz Akademiyasının düşərgəsinə əsaslanır. Bayık o dövrdə İranla dialoqlarını artırmış və o dövrdə İranla münasibətlər də daxil olmaqla, PKK-nın bütün fəaliyyətini, diplomatik işlərini yürüdüb.

 

PKK uşaqları qurban edir...

 

“Artıq əvvəlki kimi deyil, nə Avropada, nə Türkiyədə, nə də Rojhilatda (Suriyada) insanlar Qəndil üçün küçələrə çıxmırlar. Bu gün idarəçilər dəyişib, Rojavada PYD-nin çağırışları dinlənilir. Bu gün PKK öz bazasını azyaşlı uşaqlar hesabına gücləndirir. Onlarla, yüzlərlə kiçik uşaqları görmək olar PKK düşərgələrində ki, əllərinə silah verib döyüşməyə məcbur edirlər. Onlardan hər biri 60-70 nəfərlik batalyonlar təşkil edilir və onlara Duran Kalkan idarə edir. Bu batalyonlara cəlb edilmiş uşaqlar 12, 13, 14, 15 yaşlarındadır. Bu uşaqlara qurban olmağı öyrədirlər, sonra özlərinin və İranın maraqları üçün qurban verirlər”, - deyir S.Kərim.

Müsahib qeyd edir ki, hazırda PKK-ya qarşı minlərlə deyil, milyonlarla cinayət işi var. Beynəlxalq məhkəmələrdə hər bir işə ayrıca baxılması üçün illər lazım ola bilər. Amma onun qənaətincə, 2003-cü ildə PKK-nın adı və sistemi dəyişdirilsəydi, bir çox ittihamlardan da qurtulardı. Lakin PKK adını dəyişmək istəsə belə, İran buna icazə verməyəcək. İran Qəndili öz maraqlarına uyğun şəkildə şantaj edir. İranın Qəndilə qarşı oynadığı bir çox sənəd və videogörüntülər var ki, onların yayılması Qəndilin sonunu gətirər. Yəni İran PKK-nı tamamilə öz nəzarətinə götürüb.

S.Kərimin fikrincə, kürdlərin əsas siyasi partiyası olan HDP-nin çox böyük səhvləri olub. Onlar ehtiyac yarandıqda vətəndaş hərəkatında işlərini davam etdirməli idilər, lakin əksinə, kürd siyasətçilərə partizan paltarı geyindirib, danışıqlara qatıblar. “HDP kürdlərin əsas siyasi partiyası olduğu halda, nə baş verdi ki, PKK-nın təsiri altında olan Cəmil Bayık, Karayılan, Duran Kalkan başda olmaqla oradan çıxmadı və vəziyyət getdikcə pisləşir. Qəndilin başbilənləri - Duran Kalkan, xüsusən də Cəmil Bayık sülh danışıqlarını pozdular. Sülh prosesinin reallaşması əslində arzuolunan deyildi. Bir qrup PKK-çı məmurlar - onlar mafiyadır, quldurdur - mən bunu çox açıq deyirəm – öz maraqlarını güdürlər. Onların problemi heç də kürdlər və Kürdüstan deyil, öz gələcəklərini təmin etməklə məşğuldurlar. HDP heç bir şəkildə PKK-ya yaxınlaşmamalıydı. Yenə soruşuram: Səlahəddin Dəmirtaşın Qəndildə nə işi vardı? Üstəlik, partizan paltarı geyinib, şəkil çəkdirdilər. HDP Türkiyə dövlətinin siyasi partiyasıdır. İşlərinə davam etsəydilər, sayı 80 olan deputatlarını daha da artırardılar. Hansı ki, indi olan deputatların da bir çoxu həbs edilib. HDP ilə Qəndil xalqın ümidini qırdı”, - o, deyib.

Müsahib onu da vurğulayıb ki, hazırda HDP CXP-dən mədət umur, amma onlar özləri zəif olduqlarından heç bir dəstək verə bilməyəcəklər. HDP-nin statusu birmənalı deyil. Hərdən CXP-yə yaxınlaşsa da, əlaqələri zəifdir. Onların ortaq məqsədi Türkiyənin hazırkı hakimiyyətinə qarşı birgə hərəkət etməkdir. Əgər Ərdoğan iqtidarını devirə bilsələr, CXP hakimiyyətə gələcək, kürdlər də verdikləri dəstəyin əvəzində mükafatlarını alacaqlar.

 

İsveç də Türkiyənin tələblərinə boyun əydi

 

S.Kərim son vaxtlar Ərdoğanın “Bir gecə qəfildən gələcəyik” sözlərinin işarə etdiyi məqama – Türkiyənin Suriyada daha bir antiterror əməliyyatı aparmaq istəməsinə də münasibət bildirib. Deyib ki, hazırda Suriyada üç böyük güc var: ABŞ, Rusiya və Türkiyə. Burada Türkiyəni gözardı etmək olmaz. Çünki türklər kiminsə yaşıl işıq yandırmasını gözləmədən Suriyaya girə bilər. Necə ki, əvvəllər də belə edib.

“Qəndil istədiyi qədər təbliğat aparsın, Türkiyə hərbi cəhətdən güclü ölkədir. Güclü deyildisə, Afrin, Serəkaniyə, Tel Abyadı necə aldı? Burada PKK-nın xüsusi rolu var. Qəndilin son açıqlamalarına baxın: “Bu dəfə əvvəlki kimi olmayacaq, bu dəfə sərt cavab veriləcək” və sair. Bizim dövrümüzdə də belə idilər, indi də, bəs nəticə nədir? Türkiyənin daxili işlər naziri Süleyman Soylu bu yaxınlarda “2023-cü ilədək Qəndilə bayraq sancacayıq” deyib. Süleyman Soylu ölkəsinin hazırkı hərbi qüvvəsinə əsaslanaraq bu sözləri dilə gətirib. Bayaq da dedim: Türkiyə artıq əvvəlki Türkiyə deyil. Üstəlik, Rojavada kürdlərin çoxluq təşkil etdiyi bölgələrin əksəriyyətinə ərəb yerləşdirilib. PKK hər keçən gün həm sosial baza, həm də hərbi, iqtisadi, logistika baxımından zəifləyir. Bunlar realdır və Ankara bunlardan xəbərdardır. Məsələn, Şenqal əhalisi son vaxtlar PKK başda olmaqla, bütün qüvvələrin bölgəni tərk etməsini istəyir və bu tələb tədricən bütün bölgəyə sirayət edib. Kürdüstan hökuməti hər zaman PKK-nı öz ərazisini tərk etməyə çağırıb. Rojavada insanlar narahatlığını dilə gətirməyə qorxsalar da, bezəndə sözlərini deyirlər. Yəni PKK hər cəhətdən zəiflədilib. Demokratikliyi ilə tanınan İsveç də Türkiyənin son tələblərinə boyun əydi. Siyasət bir oyundur və ən demokratik ölkələr belə öz şəxsi mənafeyindən çıxış edir. Məsələn, İsveç demokratik ölkə olduğu üçün, həm də ölkənin maraqlarını hər şeydən üstün tutur.

Oxunma sayı 1998
Siyasət rubrikasından digər xəbərlər