“Gənc müəllim“lə tanış olun

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt
Qısa fasilədən sonra “Həftə içi“ olaraq oxucularımızı təhsil ocaqlarımızın rəsmi orqanları olan qəzetlərin işi və fəaliyyəti barədə yenidən tanış edirik. Rubrikamızın budəfəki səhifəsinə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Gənc müəllim“ qəzetini qonaq etmişik.

“Gənc müəllim“i yaxından tanımaq istəyənlərə rubrikamızla tanış olmaları ayrılmamaq məsləhət görülür.

53 illik tarixə qayıdış

“Gənc müəllim“ qəzeti 1958-ci ildə ilk dəfə jurnalist Xəlil Köçərlinin redaktorluğu ilə nəşrə başlayıb. Müxtəlif illərdə qəzetə redaktorluq edən Kamal Qəhrəmanov, Zahid Xəlil, Sərhəd Məmmədov, Zakir Sərdarov, Əziz Axundlu, Təranə Rəhimli universitetin elmi-mədəni nailiyyətlərini “Gənc müəllim“in səhifələrində işıqlandırmaqla yanaşı, tələbə-gənclərin yaradıcılığına da xüsusi diqqət yetiriblər. Sonralar isə Tofiq Qəhrəmanov, Akif Səməd, Tofiq Eyvazov, Rabil Novruzov və digər istedadlı şair və jurnalistlər qəzetin məsul katibi, müxbir və ədəbi işçisi kimi fəaliyyət göstəriblər. İmzaları “Gənc müəllim“in səhifələrində müntəzəm olaraq görünən Xəlil Rza Ulutürk, Xeyrəddin Qoca, Məmməd Elli, Tinatin Əliyeva, Əsəd Əsədov, Alqayıt və başqaları qəzetlə sıx əlaqə saxlayan ən fəal müəlliflərdən olublar. Bu ünlü imzalar təbii olaraq qəzetin keyfiyyətinin yüksəldilməsinə bilavasitə xidmət göstərib. 8 səhifədən ibarət olan qəzet 1500 tirajla hazırda Ayətxan İsgəndərovun redaktorluğu ilə ayda bir dəfə nəşr olunur. Onu da əlavə edək ki, qəzet 2010-cu ilin aprel ayından Mətbuat Şurasının üzvüdür.

“Beşikdən qəbir evinədək öyrənin!“

Qəzetin redaktoru Ayətxan İsgəndərovun sözlərinə görə, “Gənc müəllim“ qəzetinin universitet daxilində öz oxucu kütləsi var. Sevindirici haldır ki, xüsusilə son dövrlər oxucuların, hətta iştirakçıların da sayı artıb: “Qəzetimiz yarandığı gündən bu günə kimi doğma universitetimizin həyatını seyr edir, onun acılı-şirinli, kədərli-təntənəli günlərini tarixin yaddaşına köçürür. Bununla yanaşı, qəzet istedadlı tələbə-gənclərin ədəbi-bədii yaradıcılıq istiqamətlərinin düzgün müəyyənləşdirilməsində onlara yardım olub. Fakültələrdə yaradılan müxbir postları isə neçə-neçə tələbə-gəncin jurnalist istedadının püxtələşməsinə kömək edib“. Ayətxan müəllim rəhbərlik etdiyi qəzetin şüarına da aydınlıq gətirdi: “Məhəmməd peyğəmbərin kəlamı qəzetimiz yarandığı gündən ona şüar seçilib. “Beşikdən qəbir evinədək öyrənin!“ - məncə bu şüar hər bir tələbənin şüuraltına təsir edəcək qədər mükəmməl seçilmiş ifadədir. Bu kəlam tələbələri elmə, təhsilə, biliyə yiyələndirməkdə ən gözəl vasitə rolunu oynayır. Söhbət zamanı məlum oldu ki, əvvəllər qəzet 4 səhifədən ibarət olub, yalnız bir rəngdə çap olunsa da, son dövrlər səhifələrin sayının artırılması, tirajın çoxaldılması, iki rəngdə nəşr olunması, yüksək kompyuter dizaynı ilə təmin edilməsi “Gənc müəllim“in texniki cəhətdən təkmilləşməsinə şərait yaradıb“. Müsahibimin dediyinə görə, qəzetdə janr rəngarəngliyi, mövzu müxtəlifliyi özünü büruzə verir: “Eyni zamanda, tələbələrin, təbii ki, müəllimlərin də marağına səbəb olacaq yazılarla çıxış etməyə çalışırıq. Tarixi günlərlə əlaqədar elə rubrikalarımız olur ki, onlar daimi xarakter daşıyır. Amma təbii ki, dəyişən rubrikalarımız da çoxdur. Belə ki, rəsmi tədbirlərlə yanaşı, müxtəlif səpkili, elmi-publisistik yazılar, eyni zamanda böyük əhəmiyyətə malik materiallar universitetin magistr və tələbələrinin intellektual səviyyəsinin yüksəlməsində, onların dünyagörüşünün formalaşmasında mühüm rol oynayır“.

“Qəzet tələbələrin fikir ifadəetmə qabiliyyətini püxtələşdirir“

Redaktorun sözlərinə görə, qəzetə yazı verən tələbələr bütün fakültələrdəndir: “Onu da qeyd edim ki, tələbələrin yazdığı yazılar kifayət qədər olur. Əsasən də bədii-publisistik janrda yazmağa üstünlük verirlər. Ayda bir dəfə nəşr olunan bir qəzetdə bütün yazıları yerləşdirmək təbii ki, mümkün olmur. Belə olan halda bəzən yazıların dərc olunmasında növbələr yaranır“. Həmsöhbətim onu da xüsusi vurğuladı ki, ADPU-nin rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Yusif Məmmədovun təqdirəlayiq işi sayəsində universitet daxilində müxtəlif tədbirlər təşkil olunur, bunlar da eyni zamanda, qəzetin səhifələrində öz əksini tapır: “Bundan başqa, universitetimizdə “Gənc qələmlər yaradıcılıq birliyi“ni də xüsusi qeyd etmək istərdim ki, bu birliyə daxil olan tələbələr öz istedadları həmişə ön sıralarda olmağı bacarıblar“. A.İsgəndərov onu da əlavə etdi ki, qəzetdə tələbələrin yazılarının dərc olunması onların özləri üçün xeyirdir: “İctimai qəzetlərdə iştirak etməzdən öncə universitet qəzetində çıxış etmək tələbə qələminin formalaşması üçün böyük şansdır. Onu da deyim ki, yazı qabiliyyəti təkcə jurnalistlərə aid olmamalıdır. Belə ki, tələbələr bilməlidirlər ki, qəzet onların fikir ifadəetmə qabiliyyətini püxtələşdirir“.

“Tələbə yazılarına senzura yoxdur“

“Əgər tələbələrə qarşı hər hansı bir haqsızlıq baş verərsə, onu qəzetinizdə işıqlandırırsınızmı“ sualına Ayətxan müəllimin cavabı belə oldu: “İmtahanlar elektron variantda aparıldığından, demək olar ki, tələbəyə qarşı qiymət baxımından heç bir qanun pozuntusu halları baş vermir. Lakin təbii ki, başqa məqamlarda tələbənin nədənsə şikayəti olarsa, bu mütləq işıqlandırılmalıdır. Əlbəttə ki, onların şikayət dolu yazılarına bizdə senzura yoxdur“. İndi isə sözhaqqı tələbələrə verilir. Onlarla söhbət zamanı isə aydın oldu ki, demək olar universitetdə qəzeti tanımayan tələbə yoxdur, amma bununla yanaşı, fərqli fikirlərin şahidi olduq: “Daimi olaraq yazı verirəm, həm də daimi olaraq qəzeti izləyirəm, şəxsən mənim üçün çox maraqlıdı öz yazımı orada görmək. Bu mənim üçün fəxrdir“. Bu sözləri tarix fakültəsinin III kurs tələbəsi Samir Əzizov dedi. Nailə Cəbiyeva da qəzetdə aktiv iştirak edən tələbələrdəndir: “Fizika fakültəsinin tələbəsi olmağıma baxmayaraq, ədəbiyyata marağım böyükdür. Ona görə də buraya yazı verməkdə maraqlıyam. Üstəlik, hər yazıda bir az daha qələmim formalaşır“. Biologiya fakültəsinin III kurs tələbəsi Nərgiz Sadıqzadə isə bildirdi ki, özü qəzetlə əməkdaşlıq etsə də, lakin çox vaxt rəsmi materiallar dərc olunur: “Daha çox tələbələrin problemlərinə, onları maraqlandıran qeyri-rəsmi yazılara üstünlük versələr yaxşı olar“.
Sevda Zahidqızı