Həmsədrlərin səfəri gözlənilir

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt

Elmar Məmmədyarov: “Razılaşmışıq ki, Dağlıq Qarabağla bağlı danışıqları davam etdirək“

“Əgər Ermənistan
Silahlı Qüvvələri işğal edilmiş
torpaqlardan çıxsa, bu, regionda böyük imkanlar açacaq, kommunikasiyalar açılacaq, qaçqınlar öz torpaqlarına qayıdacaqlar.“

“Bu ayın sonuna kimi ATƏT Minsk Qrupunun həmsədrlərinin regiona səfəri gözlənilir“. Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. O qeyd edib ki, artıq səfərlə bağlı razılıq əldə olunub. “Biz eyni zamanda, həmsədrlərlə razılaşmışıq ki, Dağlıq Qarabağla bağlı danışıqları davam etdirək. Çünki bu, vacibdir“, - deyə E.Məmmədyarov vurğulayıb.

Nazirin sözlərinə görə, Dağlıq Qarabağla bağlı bəzi məsələlərin həllinə artıq nail olunub, çalışmaq lazımdır ki, əldə olunan bu nailiyyətlər itirilməsin. “Amma çətinliklər də çoxdur. Çünki elə məsələlər var ki, orada kompromis nöqtələri hələ tapılmayıb. Bununla bağlı ciddi müzakirələrə ehtiyac var və ona görə də Minsk Qrupu həmsədrləri bu ay regiona səfər edəcəklər“, - deyə o əlavə edib. Nazirin sözlərinə görə, hazırkı mərhələdə əsas məqsəd işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasıdır: “Başlıcası, işğal olunmuş ərazilərin qaytarılmasıdır. Status məsələsi yalnız sonuncu mərhələdə həll oluna bilər. Hazırkı status-kvo davam edə bilməz. Bunu ötən həftənin sonunda Bakıya və Yerevana səfəri zamanı Fransa prezidenti Nikola Sarkozi də təsdiqlədi. Azərbaycanın mövqeyi birmənalıdır: sülhə nə qədər tez nail olsaq, bir o qədər yaxşıdır“. Nazir vurğulayıb ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi Qarabağ münaqişəsinin həllində əsas problemdir: “Əgər Ermənistan Silahlı Qüvvələri işğal edilmiş torpaqlardan çıxsa, bu, regionda böyük imkanlar açacaq, kommunikasiyalar açılacaq, qaçqınlar öz torpaqlarına qayıdacaqlar“, - deyə o bildirib. Nazir danışıqlar prosesinin gedişatında bir sıra çətinliklərin mövcud olduğunu qeyd edib. “Bəzi məsələlərin müzakirəsi zamanı biz güzəştlər əsasında yeni formula nail olmaqda çətinliklə üzləşirik. Biz onlar üzərində işləməliyik. Açıq məsələlər var ki, onlara görə danışıqları davam etdirmək lazımdır“, - deyə E.Məmmədyarov bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri baza prinsiplərini razılaşdırmadan növbəti dəfə Qarabağ münaqişəsinin nizamlanması üzrə böyük sülh sazişi üzərində işə başlamağa çağırıb. “Əgər biz prinsipləri razılaşdıra bilmiriksə, bu, kiçik problemdir. Baza prinsiplərinin müəyyənləşdirilməsi zamanı tərəflərin razılığa gələ bilmədikləri məsələləri böyük sazişin hazırlanması zamanı razılaşdırmaq olar“, - deyə o vurğulayıb. Nazir həmçinin təhlükəsizliyin təmin olunması baxımından münaqişə zonasında sülhməramlı qüvvələrin yerləşdirilməsini zəruri hesab edib. “Əgər Ermənistan qoşunları əraziləri boşaltsalar və məcburi köçkünlər öz torpaqlarına qayıtsalar, onların təhlükəsizliyinin təmin olunması vacibdir, çünki biz Ermənistan tərəfinə, onlar isə bizə inanmırlar“, - deyə Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.
Azad