“Foto-Fakt“da bu gün

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt

Bakıda heyvan leşləri və quş cəsədləri çoxalıb

Son zamanlar Bakı şəhərinin müxtəlif yerlərində ölmüş heyvan və quş cəsədlərinə tez-tez rast gəlmək mümkündür. Təbii ki, ekzogen proseslərin, yəni təbiətlə bağlı hadisələrin, məsələn, hava şəraitinin qeyri-normal keçməsi, daha doğrusu, həddən artıq şaxta və sazağın olması üzündən heyvanların və quşların tələf olması normal qarşılanmalıdır. Lakin son illərdə antropogen proseslər, yəni insan fəaliyyəti nəticəsində sözügedən leşlərin və cəsədlərin artmasına biganə yanaşmaq mümkün deyil. Xüsusilə paytaxtdaxili və Bakıətrafı magistral avtomobil yollarının, eləcə də məhəllədaxili yolların müəyyən hissələrində, hətta səkilərdə belə ölmüş pişik və itlərlə, eləcə də göyərçin və qarğalarla tez-tez rastlaşırıq. Ən dəhşətlisi də odur ki, haqqında söhbət gedən yollarda sürətlə şütüyən nəqliyyat vasitələri tərəfindən it və pişiklər hərdən vurularaq öldürülür. Leş yoldan götürülmədiyindən digər maşınların hərəkəti nəticəsində ölü heyvanın cəsədi asfalt örtüyünə pərçimlənir. Bəzən də yol kənarındakı ölmüş heyvanın leşi günlərlə, həftələrlə götürülməmiş qalır. Üstəlik, heyvan leşlərinə və quş cəsədlərinə daraşan ziyanverici həşəratların sayı da az qala günbəgün çoxalır. Oxucularımıza təqdim etdiyimiz şəkil Səməd Vurğun küçəsində çəkilib. Göyərçinin hansı səbəbdən ölməsinin səbəbləri bizə bəlli olmasa da, havalar hələlik xoş keçdiyindən ölümün ekzogen proseslər üzündən baş verməsi inandırıcı deyil. Hər halda onun nəqliyyat vasitəsi tərəfindən vurulması ehtimalı yüksəkdir. Bir həftə boyunca göyərçin quşunun cəsədinin götürülməməsi isə daha acınacaqlı hal yaradıb. Yəni leşlərin və cəsədlərin aşkarlandığı yerlər əsl antisanitariya məskənidir. Hətta belə yerlərdə üfunət iyindən belə dayanmaq olmur. Bu səbəbdən də leşlər və cəsədlər aşkarlandıqları yerlərdən dərhal götürülməli, həmin ərazilər dezinfeksiya edilməlidir. Əks təqdirdə haqqında bəhs etdiyimiz məkanlarda yaranmış acınacaqlı antisanitariya üzündən nəinki yerli sakinlərin, hətta piyadaların belə müxtəlif mikroblara və yolxucu xəstəliklərə mübtəla olacağı istisna edilmir. Ümidvarıq ki, aidiyyəti qurumlar “Foto-Fakt“ vasitəsilə qaldırdığımız problemi diqqətdə saxlayacaq, Bakı şəhərinin hər bir yerini nəzarətdə saxlayacaq, paytaxtın müxtəlif yerlərində tez-tez rast gəlinən leşləri və cəsədləri götürəcək və ərazini nəzarətdə saxlayacaqlar. Unutmayaq ki, Növbəti ildə “Eurovision-2012“ mahnı yarışması Bakıda keçiriləcək. Müvafiq dövlət orqanları indidən özlərində məsuliyyət hiss etməsələr, paytaxtımıza təşrif buyuranların və gələcək əcnəbi qonaqların leşləri və cəsədləri görərkən hansı hissləri keçirəcəklərini və belə mənzərələrin onlarda hansı təəssüratları yaradacağını indidən təsəvvür etmək olar.
Təbriz Vəfalı