“Prezidentin dediyi fikirlər mətbuatı daha məsuliyyətli olmağa çağırır” – Bəhruz Quliyev

17:17 18.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə bir sıra mühüm məsələlərə toxunub. Ölkə başçısı mətbuatla bağlı da iradlar səsləndirib.

Prezident deyib ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər: “Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Onların Prezidentin tapşırığı ilə apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik”.

Ölkə başçısının media ilə bağlı  dedikləri xüsusi diqqət çəkir. Məsələyə münasibət bildirən “Səs” İnformasiya Agentliyinin rəhbəri, siyasi ekspert Bəhruz Quliyev hafta.az-a açıqlamasında deyib ki, son dövrlər sosial, iqtisadi sahələrdə aparılan islahatlar, eləcə də kadr islahatları Azərbaycan dövlətinin güclənməsini, eyni zamanda, idarəçiliyin kifayət qədər çevik formada həyata keçirilməsini özündə ehtiva edir: “Mən belə hesab edirəm ki, mətbuat da buna dəstək olmağı bacarmalıdır. Ümumiyyətlə, hər bir inkişaf özü ilə problemlər də gətirir. Hər bir dəyişiklik hamının ürəyincə olmaya da bilər. Müxtəlif adamlar – müxalifət liderləri, və yaxud anti-azərbaycançı qüvvələr bəzi nüanslardan yapışaraq onu istədikləri formada təhlil edirlər. Hətta onu başqa səmtə də yönəltməyə çalışırlar. Cənab prezident özü qeyd etdi ki, bir sıra məqamlarda biri o birisinə şantajı mətbuat vasitəsi ilə edir. Hesab edirəm ki, islahatlar inkişafa doğru atılan addımlardır. Yeni dünyanın çağırışına qoşulmaqdı”.

Bəhruz Quliyevin fikrincə, bu məsələdə mətbuat dövlətin yanında olmalıdır: “Amma təəssüflər olsun ki, bəzi məqamlarda müəyyən adamların təsis etdiyi mətbuat vasitələri, eyni zamanda, reket mətbuat onların vasitəsi ilə sifarişli yazıların verilməsini, yayımlanmasını təmin edirlər. Kiminsə əleyhinə, kiminsə marağına xidmət edən bəzi məlumatların, materialların verilməsini həyata keçirirlər. Bu mənada mətbuatdan da istifadə olunur. Geniş şəkildə olmasa da belə hallar var. Əgər bir mətbuat sifarişli yazılar verirsə, kiminsə əlində siyasi oyun predmetinə çevrilirsə və ya məişət problemlərinin şəxsi məcraya yönəldilməsində mətbuatdan istifadə olunursa, bu, artıq mətbuatın hər hansı bir formada ələ alınmasıdır. Yəni, həmin adamın sifarişlərini yerinə yetirir. Bunun özü də bir növ reketizmdir. Bütün dövlətlərdə bu hallardan istifadə olunur. Dünyanın bir sıra ölkəsində mətbuatdan bu cür istifadə praktikaları mövcuddur. Biri digərini “vurmaq”, “ifşa etmək” məqsədi ilə mətbuatdan istifadə edir. Bizdə isə bu hal deyərdim ki, yazılı mətbuatdan elektron versiyalara, resurslara keçib. Artıq bəzi elektron kütləvi informasiya vasitələrində reket xarakterli addımlar görmək olur. Yəni, onlardan hansısa formada istifadə edirlər. Bu da cənab prezidentin diqqətindən yayınmayıb”.

“SƏS” qəzetinin baş redaktoru onu da əlavə edib ki, əgər prezident çağırış edirsə və yaxud hər hansı bir məsələdə irad tutursa, hətta islahatların özündə baş verən tendensiyanın nöqsanlarını öz dili ilə deyirsə, bu bir növ nöqsanların düzəldilməsindən sonra atılan addım olmalıdır: “Eyni zamanda, cənab prezidentin mətbuatla bağlı dediyi fikirlər mətbuatı daha məsuliyyətli olmağa çağırır. Düşünürəm ki, biz də öz fəaliyyətimizdə aparılan islahatları cəmiyyətə çatdıra bilməliyik. İslahatlara maneə yaratmamalıyıq. Mətbuat da hansısa formada islahatlara əngəl olmamalıdır. Müsbət tendensiyalara qoşulmalıdır. Dövlətçilik marağından çıxış etməlidir. Bu, kiminsə marağına yönləndirilməməlidir. Mən belə hesab edirəm ki, cənab prezidentin dediyi fikirlər dəqiqdir, aydındır. Eyni zamanda, mətbuatın da özünütəmizləməyə ehtiyac olduğuna bir işarədir. Mətbuat rəhbərləri də, jurnalistlər də bu kimi hallara yol verməməlidir.  Sözsüz ki, Azərbaycan mətbuatının tarixi çox qədimdir. Təqribən 145 illik tarixi var. Ona görə də oturuşmuş mətbuat orqanları və onların nümayəndələrinin bu cür hallara yol verməsinə inanmıram. Amma təssüf ki, bəzi hallarda bizim bugünkü mətbuatdan da müəyyən məqsədlər üçün istifadə olunur. Düşünürəm ki, bu məsələyə həssaslıqla yanaşmalıyıq. Cənab prezidentin dediyi qüsurlar, nöqsanlar aradan qaldırılmalıdır. Bu istiqamətdə hər kəs – həm dövlət, həm cəmiyyət, həm də mətbuat işçiləri bu cür halların aradan qaldırılması istiqamətində ciddi addımlar atmalıdır”.

Siyasət rubrikasından digər xəbərlər