“Prezidentin Konstitusiya Məhkəməsinə sorğusu Azərbaycanın ictimai-siyasi tarixində ilkdir” – Asim Mollazadə

12:25 04.12.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Beşinci çağırış Milli Məclisin tərkibi öz fəaliyyəti ilə razılaşmayaraq, buraxılması ilə bağlı Prezidentə müraciət etdi. Parlamentdə təmsil olunan müxalifət partiyaları da çoxluğun rəyinə əsasən vaxtından bir il əvvəl fəaliyyətini dayandırdı. Həmin partiyalar parlamentdə baş verənlərə necə yanaşır? İslahatlarla bağlı mövqeləri nədir? Elə bu suallarla Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadəyə müraciət etdik.

ADİP sədri hafta.az-a müsahibəsində bildirdi ki, partiyası islahatları dəstəkləyir. Asim Mollazadə onu da əlavə etdi ki, parlamentdə həm nəsil dəyişikliyi olmalıdır, həm də qanunverici hakimiyyətə yeni təfəkkürə malik siyasətçilər cəlb edilməlidir.

- Asim müəllim, beşinci çağırış parlamentin özünü buraxmasına ehtiyac var idimi? Buna münasibətinizi bilmək istəyirik. Parlamentin özü-özünü buraxmasının nə kimi səbəbləri var?

- Biz nəzərə almalıyıq ki, Azərbaycanın müstəqilliyini istəməyən, Azərbaycanın inkişafının qarşısını kəsmək istəyən qüvvələr dünyada kifayət qədər güclüdür. Onların qarşısını almaq üçün Azərbaycan müasir, güclü və demokratik bir dövlət olmalıdır. Azərbaycan xalqının ən böyük nailiyyəti müstəqil dövlətinin mövcudluğudur. Azərbaycanın müstəqilliyi Azərbaycan xalqının gələcəyini təmin edən ən əsas amildir. Ölkədə çox ciddi islahatlar həyata keçirilir. Bu, bir tərəfdən yeni nəslin dövlət idarəetməsinə dəvət edilməsi kimi qəbul olunmalıdır. Bununla yanaşı, islahatlarda, ələxsus kadr islahatlarında Azərbaycanın yeni təfəkkürə, yüksək səviyyəli təhsilə, bacarığa malik kadrlarına üstünlük verilməlidir. Yalnız belə mütəxəssislər çoxşaxəli islahatları həyata keçirməyə qadir ola bilər.

-Sizcə parlamentdə gəncləşmə, nəsil dəyişikliyi əsasən nəyə xidmət edəcək?

- Azərbaycan parlamentinin ölkədə gedən islahatlara uyğunlaşması, ölkə parlamentinə inamın artırılması üçün çox önəmlidir. Parlamentdə həm nəsil dəyişikliyi olmalıdır, həm də qanunverici hakimiyyətə yeni təfəkkürə malik siyasətçilər cəlb edilməlidir. Azərbaycan xalqı öz potensialını səfərbər edərək, hazırda mövcud olan çox ciddi təhlükələrlə mübarizə aparmaq üçün hazır olmalıdır. İndiyə qədər parlament qanunvericilik fəaliyyətində kifayət qədər uğurlar qazanıb. Azərbaycanın təhsil sisteminin islahatları üçün hüquqi bazanın qəbul olunmasını xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan parlamenti digər sahələrdə də bu qəbildən olan çox mühüm qanunları qəbul edib. Lakin inkişaf yeni güc, yeni təfəkkür tələb edir. Bizim partiya bu qərarı, islahatları dəstəkləyir. Onların daha da dərin olmasını arzulayır. İslahatları dəstəkləməklə yanaşı, Azərbaycanın müasir, demokratik bir dövlət kimi güclənməsinin tərəfdarıdır. Ümidvarıq ki, hər bir dəyişiklik xalqımızın potensialını reallaşdırmaq üçün Azərbaycan dövlətinin gücünü artırmağa xidmət edəcək.

-Altıncı çağırış parlament seçkilərinə qatılacaqsınızmı? 

-Bu barədə danışmaq hələ ki, tezdir. Çünki partiya olaraq hadisələri qabaqlamaq istəmirik. Bu barədə yığışıb müzakirə aparmalıyıq. Hələ ki, müzakirələrə başlanılmayıb. Hansı qərarlar qəbul olunacaqsa, o cür də edəcəyik. Düşünürəm ki, seçkilərə qatılıb-qatılmamaq qərarı partiyadaxili müzakirələrdən sonra məlum olacaq.

-Bir çoxları hesab edir ki, Asim Mollazadə 4 illik deputatlıq dönəmində fəal olsa da, partiyası haqqında bunları demək olmur. Səbəb kimi 4 il ərzində parlamentdə təmsil olunan müxalif partiya kimi hər hansı ölkə əhəmiyyətli məsələdə mitinq, piket, aksiya keçirmədi. Bu cür yanaşmalara münasibətinizi bilmək istərdik.

-Bizim sabit və stabil mövqeyimiz var. Partiyamızın mövqeyi belədir ki, proseslər artıq inqilablar deyil, məhz təkamül yolu ilə fərqli fikirləri ortaya atmaqla idarə olunur. Biz bu düşüncədəyik ki, Azərbaycandakı proseslər də inqilabi yolla deyil, təkamül yolu ilə həllini tapmalıdır. Biz hər zaman mühüm və əhəmiyyətli məsələlərdə mövqeyimizi açıq formada ifadə etmişik.

-Asim müəllim, ölkədə gəncləşdirmə siyasəti yürüdülür. Kadr islahatları aparılır. Hətta bu dalğa parlamentdən də yan keçmədi. Bəs siz ADİP-də islahatlara gediləcəkmi?

- Azərbaycan Demokratik İslahatlar Partiyasının tərkibi əsasən gənclərdən ibarətdir. Yaşlı insanların sayı azdır. Bizim partiyada gəncləşmə ilə bağlı problem olmadığını düşünürəm. Çünki partiyanın əsas sütununu gənclər təşkil edir.

-Ölkə başçısı İlham Əliyev parlamentin özünü buraxması ilə bağlı qərara birbaşa imza atmadı. Konistitusiya Məhkəməsinə sorğu göndərdi. Buna münasibətinizi bilmək istərdik.

-Düşünürəm ki, ölkə başçısının bu addımı doğru və yerində atılmış bir addımdır. Eyni zamanda, yenilikdir. Bu, Azərbaycanın ictimai-siyasi tarixində bir ilkdir. Qanunvericiliyin tələblərinə uyğundur. Ölkə başçısının parlamentin buraxılması ilə bağlı ona ünvanladığı müraciəti Konstitusiya məhkəməsinə göndərməsi ölkənin demokratik, konstitusyon əsaslara sadiqliyinin göstəricisidir.