Prezidentin təltif etdiyi aktrisa mükafatı nazirdən aldı

12:33 31.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 30-da Azərbaycan Dövlət Akademik Rus Teatrında kiçik tamaşa salonunun açılışı keçirildi.

Hafta.az xəbər verir ki, mərasimdə Mədəniyyət naziri Əbülfəs Qarayev, tanınmış incəsənət xadimləri, Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Boçarnikov iştirak edirdi.

Açılış münasibətilə görkəmli aktrisa, respublikanın Xalq artisti Lüdmila Duxovnayanın iştirakı ilə “Gecəki qadın” monotamaşası nümayiş olundu.

Tamaşadan öncə çıxış edən teatrın baş rejissoru, Xalq artisti Aleksandr Şarovski bildirdi ki, belə yığcam, tamaşaçı ilə aktyorun çox məhrəm ünsiyyətdə olduğu kiçik səhnəyə bütün teatrlarda ehtiyac var: “O ki qaldı tamaşaya, mən bu tamaşa üzərində zövq alaraq işlədim. Əminəm ki, seyrçilər də həm mətndən, həm də Lüdmila Semyonovnanın peşəkarlığı, istedadı və məsuliyyətini bir araya gətirərək yaratdığı Qadın obrazından zövq alacaqlar”.

Əməkdar mədəniyyət işçisi Valentina Reznikovanın tərtib etdiyi poetik tamaşada Vilyam Şekspirin sonetləri və rus poeziyasının ən məşhur isimlərindən – Aleksandr Vertinski, Vladimir Mayakovski, Yevgeni Yevtuşenko, Marina Svetayeva, Anna Axmatova, Tatyana Bek, Andrey Voznesenski, Olqa Aqur və Sergey Markovun qadın qəlbinin dərinliklərini və gözəlliklərini əks etdirən şeirləri məntiqi ardıcıllıqla düzülərək vahid kompozisiya kimi qurulmuşdu. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovski, dekorasiya üzrə, geyim üzrə rəssamları və musiqi  tərtibatçısı Aleksandr Fyodorov, Olqa Abbasova və Vladimir Neverovdur.

Tamaşadan sonra Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış etdi: “Belə poetik tamaşadan sonra çıxış etmək, söz demək çətindir. Lüdmila xanımın gözəl və fərqli obrazlar yaratdığı bu tamaşanı yalnız “Hülya-həzrət Qadın” adlandırmaq olar. Yəqin bu gün mənim həm də çox mühüm və məsul tapşırığı yerinə yetirmək üçün burada olmağım da bir qanunauyğunluqdur. Yeni teatr-tamaşa məkanının açılışı, açılış günündə böyük və şərəfli yaradıcılıq yolu keçmiş və bu yolda uğurla davam edən görkəmli aktrisanın öz yubileyi münasibətilə monotamaşa oynadığı gündə ona Azərbaycan Prezidentinin sərəncamı ilə təltif edildiyi “Şöhrət” ordenini təqdim edirəm”.

 

Sonra nazir ordeni sənətkara təqdim etdi.

Xalq artisti Lüdmila Duxovnaya əməyinə verilən bu yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını ifadə etdi.