Prezidentin təyyarəsi radarlardan itdi - GÜNÜN TƏZADLARI

19:07 11.10.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Konqo Demokratik Respublikasında göyərtəsində 8 nəfər olan “An-72” hərbi təyyarəsi radarlardan itdi. Hafta.az “Dəyərlər”ə istinadən xəbər verir ki, ölkənin Mülki Aviasiya İdarəsi axtarış-xilasetmə əməliyyatı keçirir. Məlumata görə, radarlardan itən hava gəmisi ölkə Prezidenti Feliks Çisekedinin xidməti təyyarəsidir. Amma həmin vaxt dövlət başçısı təyyarədə olmayıb. O, “Tvitter” hesabında yazıb ki, təyyarə Konqonun Qoma hava limanından Kinşasu şəhəri istiqamərində uçurmuş. Təyyarənin göyərtəsində 4 ekipaj üzvü və 4 sərnişin olub.

 

Çin UNO-ya bənzəyən yeni silah hazırladı

Çin dizaynerləri uçan naməlum obyektə (UNO) bənzəyən, hərbi məqsədlər üçün istifadəsi nəzərdə tutulan uçan boşqab hazırladılar. Hafta.az xəbər verir ki, “Report” un məlumatına görə,  yeni döyüş maşını “China Helicopter Exposition 2019” sərgisində təqdim edilib və layihə “Super-böyük ağ akula” adlandırılıb. Uçan boşqabı iki nəfər idarə edir. Qeyd edək ki, “Alert 5” adlı istifadəçi yeni silahın şəkillərini özünün “Twitter” səhifəsində yerləşdirib. Paylaşımında o, “Disket saatda 650 km sürətlə uçur”- deyə yazıb.

 

Pilot təyyarədə stüardessanı döydü

"Republican Airways" aviaşirkətinə məxsus sərnişin təyyarəsində pilotla stüardessa arasında baş verən insident sosal şəbəkədə izlənmə rekordu qırdı. Hafta.az-ın yazdığına  görə, “BAKU.WS” xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Hadisə ABŞ-ın Denver şəhər aeroportunda 14 sentyabr tarixində baş versə də, görüntülər bu günlərdə sosial şəbəkəyə yerləşdirilib. Təyyarədə 36 yaşlı pilot Uilyam Tomas və 29 yaşlı stüardessa Marişa Sporer dalaşıblar. Həmin vaxt təyyarənin göyərtəsində sərnişin olmayıb. Kadrlardan görünür ki, stüardessa pilota yaxınlaşır və onun üzünə tüpürür. Pilotun ona cavabı isə daha sərt olur.

 

 Sumqayıtda sex direktoru 3 000 manat cərimələndi

“Sumqayıtda yerləşən Etilen-Polietilen zavodu ərazisinə qaz və tüstünün yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat nazirliyin əməkdaşları tərəfindən yerində araşdırıldı. Aparılan monitorinq və araşdırma zamanı ətrafa yayılan iy-qoxunun yaxınlıqda yerləşən “TAC Metal” Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) məxsus metaləritmə sahəsində formalaşdığı məlum olub”. Hafta.az Musavat.com-a istinadla  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında 4 saylı Regional Ekologiya İdarəsinin rəisi Mübariz Vəliyev deyib. O qeyd edib ki, həmin ərazinin atmosfer havasından götürülən nümunələr üzərində aparılan analizlərin nəticələrinə görə etil-benzolun qatılılığının normadan 1,4 dəfə çox olduğu müəyyənləşib. Faktla bağlı metaləritmə sexinin direktoru Müslüm Abbasov barəsində akt və protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3 000 manat məbləğində cərimələnib. Gələcəkdə belə halların baş verməməsi üçün sexin direktoruna icrası məcburi olan müddətli göstəriş verilib.

 

Cəlilabadda qumbara tapıldı

 Cəlilabad rayonunda qumbara aşkar edildi. Hafta.az yazır ki, ANAMA-dan Musavat.com-a verilən məlumata görə, oktyabrın 10-u saat 09:54-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng Mərkəzi sistemindən Agentliyə Cəlilabad rayonu, Sərhədabad kəndi ərazisində əl qumbarasının tapılması barədə məlumat daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və polislər tərəfindən birlikdə  ərazidəki əkin sahəsinə baxış keçirilib. Təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.