Pullu dərnəklərin təşkil edildiyi Gənclər evləri - REPORTAJ

11:34 21.11.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Sovetlər Birliyi dövründə rayonlarda  Komsomol Gənclər İttifaqları mövcud idi. Həmin o gənclər təşkilatlarının nəzdində Pioner evləri fəaliyyət göstərərdi. Sözügedən pioner evlərində pulsuz dərnəklər təşkil edilərdi. Yaxşl yadımdadır, Ağdamda Pionerlər evi vardı. Həmin o Pionerlər evinin nəzdində isə “Qarabağ bülbülləri” ansamblı fəaliyyət göstərirdi. Həmin ansamblın səsi Kremlin Qurultaylar Sarayından, dünyanın hər yerindən gəlirdi.  Respublikanın əksər sənətçiləri, Xalq artistləri, incəsənət xadimləri, maarif işçiləri elə o Pionerlər evindən çıxmışdı.

Artıq müstəqil bir dövlətik. Həmin Lenin Komsomol Gənclər İttifaqı Rayon Gənclər və İdmab İdarəsi, Pionerlər evi isə Gənclər evi ilə əvəz olunub.  O dövrdə Gənclər evi köhnə, heç bir şəraiti olmayan təmirsiz, qapı və pəncərələri köhnə, sınıq-salxaq, bəsit otaqlarda fəaliyyət göstərirdi. Onları indiki Gənclər evi ilə müqayisə etmək çox çətin idi.  Ona görə ki, indiki Gənclər evi hər bir şəraiti olan yaraşıqlı, ikimərtəbəli binada fəaliyyət göstərir. Gənclər evində kompüter, elektron kameralardan tutmuş, Akt zalınadək hər şey var. Sovet dövründəki kimi fəaliyyəti gözə çarpmır. Elə bu səbəbdən də ölkə başçısı İlham Əliyev haqlı olaraq Gənclər evlərinin fəaliyyətindən narazı qaldığını bildirib. Elə bu səbəbdən, paytaxt və rayonlarda yerləşən Gənclər evinin fəaliyyəti ilə bağlı silsilə yazılarımızı davam etdirəcəyik.

Bu dəfə yolumuzu Sabunçu rayonunun Gənclər evindən saldıq.  Gənclər evi Bakıxanov qəsəbəsinin Yavər Əliyev küçəsində yerləşir. Gənclər evi “Pilot layihə” əsasında tikilib. İkimərtəbəli yaraşıqlı, müasir üslubda tikilmiş binada yerləşir.  Binanın bir tərəfində Gənclər evi, o biri tərəfində isə Sabunçu Rayon Gənclər və İdman İdarəsi yerləşir. Hər ikisi Gənclər və İdman Nazirliyinin tabeliyindədir.

...Səhər saat 10 radələrində Gənclər evinə gəldim. Qapısı bağlı idi. Saat, təxminən, 10:15-də gənc bir qız gəlib Gənclər evinin qapısını açdı. Aradan 5-10 dəqiqə keçəndən sonra, qapını açıb içəri daxil oldum. Girəcəkdə gözüm Elanlar asılmış lövhəyə sataşdı. Lövhədə keçən həftə baş tutmuş tədbir və dərnəklərin adları yazılmışdı. Burada göstərilib ki, Gənclər evində çərşənbə axşamı 12.11 2019-cu il tarixdə  “Bumerang” açıq qapı - 10:00- 18:00, Psixiloji xidmət-14:00-15:00, “Alo hardasan?” 16:30-17:30. Çərşənbə günündə “Bumerang” açıq qapı-10:00-18:00,Faydalı 2 saat (fizika)-14-15:00, Mafiya oyunu-15-16:00,  Rəqs klubu, Kitab oxunma,  Cümə günü ”Bumerang” açıq qapı, “Səssiz sinema”, Şənbə günü “Bumeang” açıq qapı, Skautlar Formu, Qrup terapiyası, Faydalı saat (Az. dili) , Gren-art, Rəsm klubu, Kitab oxuma, Kinofilm nümunəsi, bazar günü olmaqla saatına kimi göstərilib. Amma bu həftə ərzində keçiriləcək dərnəklərin nə siyahısı, nə də saatları yazılmışdı. Saat 12-yə işləsə də, Gənclər evində, ancaq bir-iki nəfər işçi var idi. Gənclər evinin girəcəyində, sol küncdə masada əyləşən xanıma yaxınlaşırıq. Lalə xanım məlumatçı işlədiyini söylədi: “Gənclər evinin direktoru Samir Mehrəliyev keçən həftədən Macarıstana gedib. Müavin isə gəlməyib, 10 nəfər işçimiz var. Gənclər evi hər gün səhər saat 10:00-dan 18:00-a kimi fəaliyyət göstərir. Gənclər gəlib asudə vaxtlarını burada keçirirlər. Birləşib ansambl yaradırlar, konsertlər təşkil edirik. Bizdə dərnəklər, məşğələlər pulsuzdur, 14-29 yaşına qədər gənclər iştirak edir.  Azərbaycan dili dərslik kimi keçirilir, İngilis dili şifahi, danışıq kimi öyrədilir. Bazar günü 15:30-da keçirilir. Hər bir dərnək  və klubların özlərinin saatları var. Həmin saatlarda da dərnəyi keçən müəllimlər gəlir”.

Sonra Sabunçu Rayon İcra Hakimiyyətinin qarşı tərəfində fəaliyyət göstərən Bakı Gənclər Mərkəzinə üz tutduq. Xatırladım ki, Bakı şəhərində ilk mərkəzdir, burada fəaliyyət göstərir. Mərkəzin həyətində istirahət guşəsi salınıb. İşıqlanma, idman  qurğuları və uşaq oyuncaqları quraşdırılıb. Oturcaqlarar, müasir zibil qurularınadək qoyulub. Mərkəzin ön tərəfində ulu öndər Heydər Əliyevin abidəsi ucaldılıb. Möhtəşəm binadır, şəhərə xüsusi gözəllik verir. Saat, təxminən, 12 olardı, qapını açıb içəri daxil oldum. Sakitçilik idi, içəridə – birinci mərtəbədə 3-4 nəfər işçi var idi. Mərkəzin direktoru işə gəlməmişdi. Sakitçilik olduğundan, yuxarı mərtəbənin işıqları yanmırdı. Mərkəzin birinci mərtəbəsində əyləşən xanımlara yaxınlaşıb, Mərkəzdə hansı dərnəklərin fəaliyyət göstərdiyi ilə maraqlandım. Arzu adlı gənc xanım Mərkəzdə təlim-tədris işləri üzrə menecer işlədiyini dedi: “Mərkəzdə dərnəklər pulludur. Peşəkar və savadlı müəllimlər fəaliyyət göstərir. İngilis dili  dərnəyi uşaqlar və böyüklər üzrə olmaqla, fərdi halda 80 manat, qrup şəklində adambaşına 55, şahmat fərdi 120,  qrup halında adambaşına 52 manata keçirilir. Rus dili, mühasibatlıq və digər kurslar da fəaliyyət göstərir. Kurs və dərnəklərin qiymətləri müxtəlifdir”.

Ədalər Şahbazov təşkilatçı işlədiyini və Mərkəzin 3 mərtəbədən ibarət olduğunu söylədi. Birinci mərtəbədə dərnək və məşğələlər yerləşir. “Şahmat” dərsi keçilirdi. İki dərnək rəhbəri gəlmişdi. Fərdi şəkildə azyaşlı oğlan və qız uşaqlarına şahmat dərsi keçirdilər.

Ədalər Şahbazov söylədi ki, Mərkəzdə zəngin kitabxana fəaliyyət göstərir. Mərkəzin 3-cü mərtəbəsi kafe kimi fəaliyyət göstərir. Adam olmadığına görə, mərtəbənin işıqları sönrürülmüşdü. Otaqlar, kabinələr isə bağlı idi. Təşkilatçı qeyd etdi ki, Mərkəzdə RİH-in tədbirləri, konfranslar keçirilir.

Yaxınlıqda yerləşən  Sabunçu Rayon İcra Hakimiyyətinə getdik. RİH-dən bildirdilər ki, Bakı Gənclər Mərkəzi hələ aralıqda qalıb: “Bu yaxınlarda İdman və Gənclər Nazirliyinin balansına veriləcək. Binanı və parkı saxlamaq üçün vəsait lazımdır. Dərnək və məşğələlər də ona görə pulludur”.