Qadın yemək yarışında canını tapşırdı – Günün təzadları

18:15 28.01.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Avstraliya sakini biskvit yemək yarışında iştirak etdikdən sonra öldü. Hafta.az  Musavat.com-a istinadla xəbər verir ki, bu barədə “BBC xəbər yayıb.

Məlumata görə, iştirakçılar “Avstraliya Günü” şərəfinə Avstraliyanın Kvinslend ştatının Hervi-Bey hotelində keçirilən ənənəvi sürət yarışında şokoladlı biskvit yeyiblər. Şahidlərin sözlərinə görə, 60 yaşlı qadın növbəti şirniyyatı yeyərkən onda epilepsiya tutmaları başlayıb.

Qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edilir ki, Sürətli yemək yarışı qitədə milli bayram olan “Avstraliya Günü”ndə populyar əyləncə formasıdır.

 

Deputat AŞPA sessiyasında yuxuya getdi

Rusiya nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndələrindən biri, deputat Leonid Slutski Rusiya nümayəndə heyətinin AŞPA-ya qayıtmasına  etirazdan sonra Ukrayna nümayəndə heyətinin də qatıldığı iclasda yatdı.

 

Hafta.az-ın məlumatına görə, Moderator.az bu haqda Ukrayna mediasına istinadla xəbər verib.

 

Rus parlamentarinin yatmasının görüntüləndiyi müvafiq video “Avropa həqiqəti” nəşrinin “Facebook” səhifəsində paylaşılıb. Hadisənin AŞPA  siyasi komitəsinin iclasında baş verdiyi bildirilir.

“Yəqin ki, çox işləmək istəyib, gecələr hazırlaşıb” -deyə video-çarxa yazılan şərhdə deyilir.  

Videoda gerçəkdən də deputatın gözləri yumulmuş və olduqca rahatlanmış vəziyyətdə necə oturduğu aydın şəkildə görünür.

"Bütün gecə saunada xanım tərcüməçilərlə birgə hesabat hazırlayıb. Burada isə yalnız yatmaq lazımdır! Bu təşkilatdan heç bir fayda yoxdur”- deyə ironik şərhlərdə Rusiya nümayəndəsinə istehza edilir.

 

Suriya qaçqını türk ailəsini dağıntılar altından xilas etdi

Türkiyədə məskunlaşmış Suriyalı qaçqın Mahmud əl-Osman Elazığ şəhərində baş verən zəlzələ zamanı təkbaşına bir evli cütlüyü çökən binanın dağıntıları altından xilas etdi.

Hafta.az bu haqda Rusiya mediasına  istinadla xəbər verir.  

Həmin vaxt idman zalında olan Firat universitetinin tələbəsi Mahmud zəlzələni duyan anlarda bayıra çıxıb. O, çökmüş binanın altından səsləri eşidən kimi dərhal köməyə tələsib. Suriya qaçqını heç bir avadanlıq olmadan, yalın əlləri ilə  dağıntıları qazaraq kənara atıb artıq xilas olmaq ümidini itirmiş ər-arvad Dürdanə və Zülküf Aydınların həyatını xilas edə bilib. Türkiyə Daxili İşlər naziri Süleyman Soylu və Səhiyyə naziri Fahrettin Xoca   suriyalı gənclə görüşərək bu qəhrəmanlığına görə ona təşəkkür ediblər.

 

Bərdədə antisanitar şəraitdə işləyən qənd sexi aşkarlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində Bərdə rayonunda monitorinq keçirdi.

Hafta.az yazır ki, agentlikdən verilən məlumata görə, qurumun əməkdaşları tərəfindən növbəti reyd Bərdə Alaçadırlı kəndində fəaliyyət göstərən fiziki şəxs Sadıqov Vüqar Ənvər oğluna məxsus qənd sexində həyata keçirilib. Reyd zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərin kobud şəkildə pozulduğu aşkarlanıb. Müəssisədə xammal və hazır məhsulların düzgün şəkildə saxlanılmadığı, müvafiq dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı məlum olub. Eləcə də istifadə edilən xammalların minimum keyfiyyət və təhlükəsizliyini təsdiqləyən sənədlərin mövcud olmadığı müəyyən olunub.

Yoxlama zamanı sexdə istehsal edilən qənddən nümunələr götürülərək müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun (AQTİ) müvafiq laboratoriyalarına göndərilib.

Aşkar olunmuş faktlar əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

 

Məhkəmə binasında atışma oldu

ABŞ-ın Konnektikut ştatının Bricport şəhərinin məhkəmə binasında atışma oldu.

Hafta.az-ın yazdığına görə, “Report” xəbər verir ki, bu barədə məhkəmə aparatının əməkdaşına istinadla “New York Post” qəzeti bildirib.

Məlumata görə, atışma nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onların həyatı üçün təhlükənin olmadığı bildirilir.

Hadisəni törədən cinayətkarların tutulması barədə hələ heç nə məlum deyil.

"Konnektikut ştatının polisi Bridjport şəhərinin polisinə məhkəmə binasında olmuş atışma hadisəsinin araşdırılmasında yardım göstərir", - ştat polisinin mətbuat xidmətinin “Twitter”də yerləşdirilmiş xəbərində deyilir.