Qarabağ qazisi “AZƏRSUN”dan şikayətçidir – Pulumu kəsiblər

14:49 21.09.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Müalicəm davam etməlidir, amma dayandırmaq məcburiyyətində qalacam. Ricam budur ki, sizə ünvanladığım bu müraciəti qəzetinizdə işıqlandırıb Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə, 1-ci vitse-prezident, Mehriban xanım  Əliyevaya çatdırasınız. Xahiş edirəm, bu şikayətimi AZƏRSUN Holdinq şirkətinin Müşahidə Şurasının sədri Abdulvari Gözəl və Holdinqin Müşahidə Şurasının sədr müavini Savaş Uzan bəyə çatdırmaqla məsələni araşdırasınız”.

Bunu hafta.az-a İmişli rayonun Cəfərli kəndindən olan Qarabağ qazisi, 4 medalla təltif olunan Ağabəyli Əfzələddin Ağakərim oğlu redaksiyamıza etdiyi müraciətində bildirib.

Qazi bir daha məlumat verib ki, o, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Vətən müharibəsi döyüşlərində iştirak edib və “Cəbrayılın işğaldan azad olunmasına görə”, “Cəsur  döyüşçü”, “İgidliyə görə” və “Qubadlı şəhərinin azad olunmasına görə” medalları ilə təltif olunub.  

Qazi Əfzələddin Ağabəyli müharibədən əvvəl çalışdığı AZƏRSUN Holdinqdən şikayətçidir. O, bülleten pulunun verilmədiyini və bu üzdən get-gələ salındığını, müalicəsini davam etdirə bilmədiyi bir kənara, ailəsinin maddi çətinlik çəkdiyini deyib.

“Şiirkət büllitendə olduğum müddətdə əməkhaqqımı köçürməkdən imtina edib. Sonuncu dəfə iyun ayında maaş almışam. Mənim müalicəm davam etməlidir. Yəni hələ ki, iş qabiliyyətim bərpa olunmayıb. Amma Azərsun Holdinq şirkəti mənim əməkhaqqımı köçürmür. Ona görə də məcbur olub müalicəmi dayandırıram. Hətta müalicəmi dayandırıb şirkətə dönsəm də, şirkət müalicəmi etməyəcək”.

Qazi bildirib ki, şirkətdən ona müalicəsi davam etdiyi üçün əməkhaqqının köçürülmədiyi deyilsə də, başqa mübahisəli məqamlar da orataya çıxıb. Ə.Ağabəyli  bildirib ki, o, şirkətin insan resursları üzrə aparıcı mütəxəssisi Rəşid adlı şəxsə zəng edərək maaşı ilə maraqlananda, həmin şəxs cavabında onun sənədlərini mühasibatlığa göndərdiyini deyib. Mühasibatlıqda işləyən İntiqam adlı şəxs isə deyib ki, ona heç bir sənəd göndərilməyib.

Qazi maaşla bağlı aldığı iki müxtəlif bir-birini təkzib edən cavablardan sonra məsələnin kökündə qaranlıq məqamların olduğunu düşünür. Ona görə də, eyni şikayəti AZƏRSUN Holdinqin rəhbərliyinə də ünvanlayıb.

AZƏRSUN Holdinqin Qarabağ qazilərinə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdiyini deyən qazimiz, bəzi şəxslərin bu münasibətə kölgə salmasına təəssüflə yanaşıb.

“Bunlar istəyirlər ki, qaziləri şirkətin əleyhinə qaldırsınlar”.

Hafta.az məsələyə aydınlıq gətirmək üçün AZƏRSUN Holdinqin ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlayıb.

Sözügedən şöbənin rəhbəri Xəyal Verdiyev bildirib ki, Ağabəyli Əfzələddin Ağakərim oğlunun sənədləri Dövlət Sosial Müdafiə Fonduna göndərilib. Pulu da DSMF tərəfindən yaxın zamanlarda ödəniləcək.

Oxunma sayı 37