“Qarabağ qazisini icra başçısı təyin edilməsi alqışlanmalıdır” – Elman Məmmədov

13:41 13.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin 12 noyabrda imzaladığı sərəncamla Quliyev Rafiq Çəpərxan oğlu Xətai rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildi.

Hafta.az xəbər verir ki, yeni təyin olunan icra başçısı 17 yanvar 1974-cü ildə Ermənistan Respublikası, Sisiyan rayonu, Ərəvsə kəndində anadan olub. 1981-ci ildə Ərəvsə kənd orta məktəbində 1-ci sinfə gedib. Məlum səbəblərə görə 1988-ci ildə ailəsi ilə birgə Bakı şəhərində məskunlaşıb. 1991-ci ildə Xətai rayonu 204 saylı orta məktəbi bitirib.

1992-1993-cü illərdə Milli Orduda xidmət edib. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb. Müharibə veteranıdır. Qarabağ qazisidir. O, 1993-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında mühəndis iqtisadiyyatı ixtisası üzrə təhsil alıb. 2003-2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və Bələdiyyə İdarəetmə” ixtisası üzrə kursu fərqlənmə diplomu ilə bitirib.

Ölkə başçısı tərəfindən Qarabağ qazisinin icra başçısı təyin edilməsi cəmiyyətdə də xoş qarşılanıb. Bu, Qarabağ qazilərinə dövlətin, ölkə başçısının diqqəti kimi qiymətləndirilib.

Yeni təyinatı hafta.az-a şərh edən Qarabağ müharibəsi veteranı, millət vəkili Elman Məmmədov açıqlamasında deyib ki, ölkə başçısının dünən imzaladığı sərəncam alqışa layiqdir: “Mənə belə gəlir ki, həmişə bir kriteriyanı üstün tutmalıyıq. Kim əlinə silah götürüb Vətən, torpaq uğrunda döyüşə gedibsə, döyüşübsə, onların hər biri dövlətimiz, xalqımız üçün dəyərli insanlardır. Müharibə veteranlarımız da, Qarabağ qazilərimiz də, əlillərimiz də, şəhidlərimiz də ən böyük qiymətə, dəyərə və sayğıya malik insanlarımızdır. Cəmiyyətimiz, dövlətimiz də onlara layiq olduğu dəyəri, qiyməti verir. Dövlət başçımız da bu kateqoriyadan olan insanlara diqqət və qayğı ilə yanaşır. Mən də Qarabağ müharibəsi veteranı kimi belə hesab edirəm ki, Xətai rayonuna yeni təyin olunmuş icra başçısı Rafiq Quliyev həmin ağır günləri görüb. Yaşayıb. Döyüşçü olub. Döyüşlərdə iştirak edib. O, məcburi köçkünün də, veteranın da, döyüşçünün də, şəhid ailəsinin də qədrini daha yüksək səviyyədə biləcək. Hesab edirəm ki, o, cənab prezidentimizin də etimadını doğruldacaq. Cənab prezidentin Qarabağ qazisini icra başçısı təyin etməsi alqışlanmalıdır. Bu sərəncam təqdirəlayiqdir. Alqışlayıram”.

Siyasət rubrikasından digər xəbərlər