Qarabağda “rus icması” – KREMLİN MƏKRLİ PLANININ YENİ DETALLARI

18:19 09.12.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Rusiya Qarabağda sülhməramlıların müvəqqəti nəzarət zonasında “rus icması”nın yaradılması prosesinə başlayıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasının keçmiş məzunu Aleksandır Bordovun Qarabağdakı rus icmasına rəhbər seçilməsi xəbəri yayılıb.

Yayılan xəbərlərə görə, dekabrın 1-dən başlayaraq Xankəndi və ətrafında “slavyan əsilli” şəxslərin siyahıya alınmasına başalanıb. Bunu separatçı rejim yox, Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya silahlı qüvvələri təşkil edir. Qarabağda yaşayan rusların sayı çox deyil, onlar ermənilərlə qarışıq ailələrdə yaşayırlar. Belədirsə Qarabağda təşkilatlanmış rus icmasına nə ehtiyac var?

Politoloq Elxan Şahinoğlu hafta.az-a şərhində bildirib ki, ola bilər ki, bu həm Moskvaya, həm də erməni separatçılarına lazımdır. Onun sözlərnə görə, bu, “Donbas ssenarisinə” bənzəyir.

“Rusiya əvvəlcə Donbasda separatçılığı dəstəklədi, bundan sonra orada yaşayanlara Rusiya pasportları payladı. Hazırda Rusiya Ukraynanı hədələyir ki, Donbasa hücum olarsa, Rusiya bu bölgədəki vətəndaşlarını qorumaq üçün Ukraynaya müdaxilə edəcək. Abxaziya və Cənubi Osetiya da eyni yolla Gürcüstandan qopardılmışdı”.

Politoloq hesab edir ki, Moskvanın Qarabağdakı ermənilərə də Rusiya pasportları paylaması təhlükəsi var. Onun fikrincə, belə olarsa Rusiya Qarabağda Rusiya vətəndaşı olan erməni separatçılarını qorumaq bəhanəsiylə Azərbaycanın Xankəndi və ətrafını nəzarətə götürməsinə mane olacaq.

«Moskvaya Qarabağdakı ermənilərə Rusiya pasportlarının paylaması həm də ona görə lazımdır ki, 2020-ci ildə bölgədə yerləşdirdiyi hərbçilərinin varlığını daimi edə bilsin. Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski rusiyalı hərbçilərin Qarabağa daxil olduğu gün Rusiyanın televiziya kanalında demişdi ki, “Biz Qarabağda əbədi qalacağıq, oradan çıxmayacağıq”. Məlumdur ki, Kreml bir sıra ideyalarını Jirinovski vasitəsilə səsləndirir. Azərbaycanın icazəsi olmadan rusiyalı hərbçilərin Xocalıda provaslav kilsəsi açması, rus sərkərdəsi Aleksandr Nevski başda olmaqla rus yazıçılarının abidələrini qoyması bu siyasətin tərkib hissəsidir”.

E.Şahinoğlu bildirib ki, əgər biz Rusiyalı hərbçilərin 4 ildən sonra Qarabağı tərk etmələrini istəyiriksə, Moskvanın erməni separatçılarıyla birgə həyata keçirdikləri planları pozmağa çalışmalıyıq.

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı bir sıra iddiasını rədd etdi. Ancaq müxtəlif istiqamətlərə təhlükələr ard-arda gəlir. Erməni lobbisi və ona dəstək verən siyasi mərkəzlər Azərbaycana qarşı məkrli planlarından əl çəkən deyillər. Qarşımızda həll ediləsi xeyli məsələ var. Eyforiyaya varmağa vaxt yoxdur”.

Oxunma sayı 625
Siyasət rubrikasından digər xəbərlər