“Qarabağla bağlı mitinqlər Bakıda yox, cəbhəyanı rayonlarda keçirilməlidir” – Nəsib Məhəməliyev

16:30 13.09.2019 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Avqustun 5-dən başlayaraq işğalçı Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır, vəssalam” tipli ard-arda bəyanatlar səsləndirdi. İrəvanın işğalçılıq siyasətini açıq dillə ifadə etdi. Rəsmi Bakı bu cür sərsəm açıqlama bir qədər dözüm göstərsə də, sonda Xarici İşlər Nazirliyi Paşinyan və onun hökumətinə açıq şəkildə çox ciddi xəbərdarlıq etdi. XİN-nin bəyanatında qeyd olundu ki, Azərbaycanın suverenliyini bərpa edəcəyindən Ermənistan rəhbərliyi heç bir şübhə etməsin.

Ümumiyyətlə, Nikol Paşinyanın bəyanatı beynəlxalq qurumların nümayəndələrini də bir o qədər tərpətmədi. Başda BMT olmaqla nə Avropa Şurası, nə də ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri münasibət bildirmədi. Ya küçə hərəkatından kürsüyə gəlmiş Nikol Paşinyanın populist bəyanatlarına əhəmiyyət vermədilər, ya da kulisdə başqa səbəblər var.

Millət vəkili Nəsib Məhəməliyevlə elə bu mövzuda söhbətləşmişik. Millət vəkili hafta.az-a müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ictimaiyyətin hansı formada təşəbbüskarlıq göstərməli olduğundan da danışıb.

-Nəsib müəllim, sizə elə gəlmirmi ki, Dağlıq Qarabağ mövzusunda rəsmi Bakının cavab bəyanatları bir qədər gecikir. Siyasi ritorikalar sanki bir qədər ləng aparılır. Beynəlxalq təşkilatlar da işğalçı ölkənin baş nazirnin hədələrinə göz yumurlar. Paşinyan ciddiyə alınmır yoxsa, başqa səbəblər var?

- Bilirsiniz, burada bir neçə səbəb var. Birincisi, Azərbaycan əvvəlki qaydada indiyə qədər apardığı sülhsevər siyasətini davam etdirir. İndiki halda dünya görür ki, Azərbaycan sülh danışıqlarına sadiqdir. Üstəlik, beynəlxalq hüquq normalarına sistemli şəkildə riayət edir. Hazırda problemin həlli ilə məşğul olan beynəlxalq vasitəçilərə, ATƏT-in Minsk qrupunun üzvü olan həmsədr ölkələrə inamla yanaşır. Bu baxımdan, regionda yenidən qan tökülməsinin, ümumiyyətlə, müharibənin qarşısını almağa cəhd edir. Problemin sülh yolu ilə həll olunmasına ciddi səy göstərir. Lakin təəssüf ki, Minsk qrupu üzərinə götürdüyü missiyanın öhdəsindən gəlmir.

-Bəs Paşinyanı bu cür bəyanatları verməyə təhrik edən nədir? Bunun hansısa səbəbi varmı?

-Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gəldikdən sonra verdiyi ziddiyətli bəyanatlar onun mahiyyətini, xarakterini bir daha biruzə verir. Paşinyan peşəkar siyasətçi deyil. O, hakimiyyətə küçədən gəlmiş bir dövlət rəhbəridir. O da SSRİ parçalanandan sonra separatizmin alovlandığı bir ölkədə sistemli şəkildə Ermənistan hakimiyyətinə gələn cinayətkar rəhbərlərin, özünü doğrultmayan siyasi hakimiyyətlərin bir-birini əvəz etməsi nəticəsində küçədən hakimiyyətə gəldi. Özü də üsyan nəticəsində. Nikol Paşinyan hakimiyyətə gələndən sonra çoxlu problemlərlə üz-üzə qaldı. İlk növbədə Ermənistan cəmiyyətinin ondan gözlədiyinin heç birisini onlara verə bilmədi. Bunun da səbəbi Ermənistan iqtisadiyyatının olduqca zəif olmasıdır. Əvvəlki hakimiyyətlərin dövründə Amerikadan, Rusiyadan, Avropadan güclü erməni diasporları Ermənistanın saxlanılması üçün sistemli şəkildə yardımlar edirdilər. Onlar bir çox marafon keçirirdilər. Dilənirdilər. İndi əvvəlki dəstək yoxdur. Nə Amerikadan, nə də Avropadan maliyyə dəstəyi ala bildi. Sonuncu dəfə təxminən 10 gün bundan əvvəl Amerika Konqresi Ermənistana yardım adı ilə 84 milyon dollar vəsait ayrılması ilə bağlı qərar qəbul etdi. Bu da Donald Tramp adminstrasiyası tərəfindən təsdiqlənmədi. Rusiya ilə aparılan siyasətdəki qarşılıqlı ziddiyətlərə görə orada yaşayan ermənilər tərəfindən də İrəvana heç bir maliyyə dəstəyi yoxdur. Belə olan halda Nikol Paşinyan Ermənistan cəmiyyəti üçün sınanmış “Qarabağ kartı”nı işə saldı. Ziddiyyətli bəyanatlar verməyə başladı. Çünki daxildə çox böyük narazılıq və əks-təsirlə rastlaşdı. Artıq özündən əvvəlki hakimiyyətin qalıqları ilə də bacarmadı. Onların hakimiyyətə olan təsirini azalda bilmədi. Bu baxımdan, yəqin ki, yaxın zamanlarda biz onun siyasi hakimiyyətinin sonunu görəcəyik.

-Siyasi müstəvidən kənarda Azərbaycan cəmiyyəti Dağlıq Qarabağ məsələsi ilə bağlı hansı işləri görə bilər? Dağlıq Qarabağın azərbaycanlı icması 1 milyondan artıq insanın hüquqlarının tapdanmasını dünyaya hansı sivil yollarla çatdıra bilər?

- Hesab etmirəm ki, bu məsələdə biz təkcə adekvat bəyanatlarla kifayətlənməliyik. Bu yaxınlarda Qarabağla bağlı Qarabağ ictimaiyyətinin nümayəndələri mitinq keçirdilər. Bu mitinq Bakı şəhərində keçirildi və dünya ictimaiyyəti üçün ciddi bir mesaj ola bilərdi. Ancaq müxalifətin ayrı-ayrı siyasi alverçilərinin oraya cəlb olunması və hakimiyyəti tənqid eləmələri ilə Qarabağ məsələsi yaddan çıxdı. Mən buna olduqca mənfi baxdım. Qarabağ məsələsi Azərbaycanın ümummilli problemidir. Düşünürəm ki, indiki vəziyyətdə, mitinqlərin Bakı şəhərində deyil, sərhədyanı rayonlarda keçirilməsi daha effektiv olardı. Burada ilk şərt o olmalıdır ki, bütün siyasi qüvvələr, siyasi partiyalar belə tədbirlərə buraxılmasın, əhali dövlətçiliyimizi dəstəkləməklə “Öz ata-baba torpaqlarımıza qayıtmaq istəyirik!” şuarlarını səsləndirməlidirlər. Heç bir siyasi partiya ilə əməkdaşlıq etmədiklərini bəyan etməlidirlər. Ümumiyyətlə, əvvəlcədən elan olunmalıdır ki, Qarabağla bağlı tədbirlərin heç birində siyasi partiyaların funksionerləri iştirak etməməlidirlər. Heç kim üçün sirr deyil ki, torpaqlarımızın itirilməsinə zəmin yaradan əsas səbəblərdən biri də kreslo davası, hakimiyyət uğrunda mübarizə səbəb olub. Əhali bütün siyasətçiləri həmin tədbirlərdən kənarlaşdırmalıdır. Bundan sonra ziyalılar, o torpaqların övladları ərazilərimizin qaytarılmasını beynəlxalq təşkilatlardan tələb etməlidir. Konkret əməli iş görmələrini onların qarşısında tələb kimi qoymalıdırlar.

- Bəs cəbhəyanı bölgələrdə təşkil olunan bu aksiyalarda, mitinqlərdə hansı fikirlər, şüarlar səsləndirilməlidir ki, dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltmək mümkün olsun?

-İndiki halda Paşinyan və onun siyasi hakimiyyəti öz bəyanatları ilə bizim əlimizə kifayət qədər arqument verib. İlk növbədə işğal olunmuş rayonların sakinləri və Vətən, topraq üçün hər cür fədakarlığa hazır olan hər bir vətəndaşımız bu aksiyaya qoşulmalıdır. Ermənilər axır ki, əsl iç üzlərini göstərdilər və heç bir halda işğal olunmuş torpaqların Azərbaycana qaytarılmaması ilə bağlı fikirlərini səsləndirdilər.  Nəticə olaraq danışıqların davam etdirilməsi perspektivsiz görünür. Belə olan halda Azərbaycan xalqını narahat edən nə etməli sualı yaranır. İlk növbədə Respublika Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək daxili sabitliyi qorumalı və qeyd etdiyim kimi Qarabağ probleminin hər hansı bir siyasi partiyaların müdaxiləsi olmadan beynəlxalq təşkilatlardan, dünya birliyindən tələb etməlidirlər. Düşünürəm ki, işğal olunmuş torpaqlarla bağlı aparılan siyasətin daha uğurlu alınması üçün bu aksiyalar Respublika prezidentinə dəstək rolunu oynamalıdır. Dünya birliyi Azərbaycan xalqının siyasi hakimiyyətlə birliyini görməlidir. Bu vaxta qədər keçdiyimiz yola nəzər salsaq görərik ki, bizim çoxsaylı siyasi partiyalarımız, ictimai siyasi təşkilatlarımız işğal olunmuş torpaqları siyasi alver predmetinə çeviriblər. Bu gün də istənilən siyasətçinin ritorikasına fikir versəniz Qarabağ kartından istifadə edərək öz siyasi ambisiyalarını həyata keçirmək istəyirlər. Bu olduqca təhlükəlidir. Bu ritorikadan çıxmaq lazımdır. İnsanlarımız dövləti dəstəkləməli, dövlət də insanların arxasında olmalıdır. Beynəlxalq təşkilatlar görməlidir ki, xalq artıq bu üzücü danışıqlardan bezib, öz torpağını istəyir. Ümumiyyətlə Qarabağı sevən hər bir Azərbaycan vətəndaşı istənilən siyasətdən uzaqlaşaraq yalnız və yalnız işğal altında olan torpaqların azad olunmasını tələb etməlidir. Dünya görməlidir ki, Azərbaycan xalqı Qarabağı yaddan çıxartmayıb və o torpaqlar uğrunda ölümə belə hazırdırlar.