Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” şüarı ilə Qərb bölgəsinə yollandılar

11:20 13.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Ölkəmizi tanıyaq” tur-aksiyasına həsr olunmuş tədbir keçirilib.

Hafta.az yazır ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, İcra Hakimiyyəti başçısının müavinləri və digər əməkdaşları, ziyalılar, məktəb direktorları, valideynlər iştirak ediblər.

Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunandan sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” şüarı altında vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyalarının təşkil olunması artıq ənənə halını alıb. Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. "Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən “Ölkəmizi tanıyaq” layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq. Əvvəlki illərdə iştirak edən şagirdlərin zəngin və xoş təəssüratlarla geri dönüblər", deyib S.Mikayılov.

O bildirib ki, tur-aksiya çərçivəsində 13-16 noyabr tarixlərində Qaradağ rayonundan olan 40 məktəbli Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə səfər edəcək və eyni zamanda, tarixi məkanlarla, yeni tikililərlə yaxından tanış ola biləcəklər. Gəncədə Qədim qala divarları, Gəncə tarix diyarşünaslıq muzeyi, “İmamzadə” kompleksi, Nizami Gəncəvinin məqbərəsi, Şəmkirdə “Orta əsr Şəmkir şəhəri”, Alman kilsəsi, “İstiqlal” parkı, Göygöldə Heydər Əliyev Mərkəzi, Bayraq meydanı, Göygöl milli parkı və digər məkanlara ekskursiya şagirdlərin yaddaşında silinməz iz qoyacaq.

Tədbirdə çıxış edən müəllimlər, valideynlər, məktəblilər ölkə başçısının, eləcə də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın onlara göstərdiyi diqqət və qayğıdan məmnun olduqlarını bildirdilər, gənc nəsil üçün yaradılan şəraitdən söz açıblar.

Sonda məktəblilər rayon icra hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyəti, müəllimlər və valideynlərin iştirakı ilə Gəncə, Şəmkir və Göygöl istiqamətinə təntənəli şəkildə yola salınıblar.