“Qarşıdurma yaratmaq Əli Kərimlinin ağalarının sifarişi idi” – RƏY

13:09 09.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Oktyabr ayının 8-də Milli Şura piket keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Bakı meriyası da onlara 50 nəfərdən ibarət heyətlə piket keçirməyə icazə vermişdi. Amma dünən biz gördük ki, Milli Şura bu dəfə saxtakarlığa əl ataraq 50 nəfərlə yox, bir az daha çox adamla piket keçirmək qərarına gəlib. Orada dövlətçiliyimizə, ölkəmizə, hüquq-mühafizə orqanlarına qarşı güc tətbiq edilməsi ilə bağlı çağırışlara əl atdılar. Əslində dünənki piketin əsas məqsədi ondan ibarət idi ki, guya bunlar sərbəst toplaşmaq haqqında qanuna əsasən mitinq keçirmək istəyirlər, amma Bakı Şəhər İcra Hakmiyyəti buna icazə vermir. Milli Şura üzvləri piketin keçirilməsinə əsas səbəb kimi  meriyanın mitinq keçirilməsinə icazə verməməsini göstərirdilər. Bunların qoyduğu ad ondan ibarət idi. Əslində isə belə deyil. Bir müddət öncə icra hakimiyyəti bunlara razılıq vermişdi. Rəsmi icazədən sonra Milli Şura rəhbərliyi – Cəmil Həsənli, Əli Kərimli mitinqi keçirməkdən vaz keçdilər. Onlar dedilər ki, mitinqə 3 gün qalmış icazə verilib. Yerin uzaqlığını bəhanə gətirdilər. Əgər insanların ürəyində nəyəsə qarşı çıxmaq, toplaşmaq, nəyisə müzakirə etmək istəyi varsa, 3 gün də böyük müddətdir”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib. Millət vəkili bildirib ki, sadəcə, burada təşkilatçılığa ehtiyac var idi. Onlar yaxşı başa düşürdülər ki, özlərinin sosial bazaları yoxdur:  “Yaxşı başa düşürdülər ki, mitinqdə çox az adam iştirak edəcəkdi. Anlayırdılar ki, həmin mitinqə yalnız öz ətrafları, bir də aldada bildikləri adamlar qatılacaq.  Növbəti dəfə xalqın qarşısında biabır olacaqdılar. Ona görə də növbəti dəfə mitinqdən imtina etdilər. Dünən də 50 nəfərlik piket keçirmək adı ilə bir az daha çox adamı oraya cəlb etməyə çalışdılar. Çalışdılar ki, ölkəmizdə olan stabilliyə, iqtisadi inkişafa xələl gətirsinlər. Sabitliyi pozmağa çalışsınlar.  Burada məqsəd ondan ibarət idi ki, ölkəmizdəki sabitliyə xələl gətirsinlər. Onu pozsunlar. Ümumilikdə bu, AXCP sədri Əli Kərimlinin, Milli Şuranın, onların ağalarının bir sifarişi idi ki, qarşıdurma yaratsınlar. Onlar ayrı-ayrı çağırışlarla hüquq-mühafizə orqanlarını qarşıdurmaya təhrik edirdilər. Cəhdləri də bu idi. Amma hüquq-mühafizə orqanları çox səbrlə, təmkinlə  bütün bu işlərə nəzarət elədi. Piketçilərin gələcəklə bağlı çağırışı ondan ibarət idi ki, onlara icazə verildi-verilmədi, ürəkləri istədikləri vaxt, ürəkləri istədikləri yerdə mitinq edəcəklər. Bir daha qeyd edim ki, məqsədləri qanunsuz, icazəsiz mitinq edərək bir neçə nəfərlə qarşıdurma yaratmaqdır. Sabitliyimizə, əminamanlığımıza xələl gətirmək istəyirlər. Hüquqi cəmiyyətdə belə hallar baş vermir. Çünki dünyanın hər yerində icazəsiz mitinqlərin qarşısı alınıb.  Azərbaycan da hüquqi bir dövlətdir. Burada hüquqi bir cəmiyyət yaranıb. Demokratik bir dövlətimiz var. Ona görə də icazəsiz mitinqə nə xalq, nə də dövlətimiz icazə verməyəcək”.

Millət vəkili bildirib ki, Azərbaycanda sabitliyi pozmağa qarşı edilən bütün cəhdlərin qarşısı alınacaq.  Çünki bunu ilk növbədə xalqımız istəmir: “Dünən elə piketə gələnlərin özləri sloqanlar atırdılar ki, Əli Kərimlinin özü hardadır, niyə qaçıb gizlənib?! Ona görə də bu cür hadisələr Azərbaycanı sevməyən qüvvələrin, xüsusi ilə də erməni lobbisinin Milli Şuranın əli ilə ölkəmizdə sabitliyi pozmaq cəhdləridir. Cənab prezidentimizin “Valday” diskussiya klubunda çıxışı və Azərbaycanın mövqeyinin bir daha ortaya qoyulması, Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm bəyanatlarına “Qarabağ Azərbaycandır və nida işarəsi” ilə cavabın verilməsi, Paşinyanın Dağlıq Qarabağ və burada yaşayan insanlar haqqında söylədiyi fikirlərinüstünü  cənab prezidentimiz çox məharətlə açıb. Hər birinin yalan olduğunu bütün dünya ictimaiyyətinə bildirməsi bunları və bunların ağalarını daha da qızışdırdı. Onlar da çalışırlar ki, bu cür məsələlərlə fikirləri yayındırsınlar. Amma bütün dünya cənab prezidentimizin “Valday” klubundakı çıxışından danışır. Həmin çıxışın hər bir kəlməsinin böyük bir kəlam olduğunu dünya ictimaiyyəti də yaxşı başa düşür”.

 

Siyasət rubrikasından digər xəbərlər