“Qazprom” Qaraqalpaqıstandakı “Şoxpaxta” qaz yatağından məhsul bölgüsü müqaviləsinin müddəti bitdiyinə görə imtina edib.
Hafta.az-ın “İnterfaks”a istinadən yazdığına görə, müqavilənin müddəti ötən il iyulun 31-də başa çatıb. Bu səbəbdən “Qazprom Zarubejneftegaz” ötən il yataqda fəaliyyətini dayandırıb.
“Şoxpaxta” yatağı 1962-ci ildə Qaraqalpaqıstanın Kungirat rayonundakı Ustyurt yaylasının cənub-şərq hissəsində kəşf edilib. Yatağın yenidən qurulması “Qazprom”un Özbəkistandakı ilk layihəsidir. O, 2004-cü ildə 15 il müddətinə imzalanmış Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə əsasən həyata keçirilib.
2018-ci il avqustun 30-da prezident “Şoxpaxta” yatağında qaz hasilatı lisenziyasının daha 5 il müddətinə uzadılması haqqında sərəncam imzalayıb. Lisenziya müddətinin daha 5 il uzadılması niyyəti həmin ilin mayında Rusiyada keçirilən Beynəlxalq İqtisadi Forumda “Özbəknefteqaz” və “Qazprom” arasında müvafiq sənədin imzalanması ilə təsdiqlənib. 2018-ci il avqustun 20-də Özbəkistan prezidenti bununla bağlı müvafiq qərar imzalayıb.
Nefteqaz.ru portalının məlumatına görə, son illər “Şoxpaxta”da hər il 350 milyon kubmetr qaz hasil edilir. 2023-cü ilin iyununda Özbəkistan “Qazprom”la gündəlik tədarük həcmi 9 milyon kubmetr, illik həcmi isə təxminən 2,8 milyard kubmetr olan iki illik qaz alqı-satqı müqaviləsi imzalayıb. Bu müqavilə çərçivəsində tədarüklər 7 oktyabr 2023-cü ildə başlayıb.