Qərargahı olan və olmayan partiyalar SİYAHI

20:47 19.12.2013
Yazını böyüt
Yazını kiçilt
Milli Məclisin 17 dekabr sessiyasında "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunun 5-ci maddəsinə edilən dəyişiklik edildi. Əlavələrə əsasən, Azərbaycanda siyasi partiyalardan baş qərargahları ilə bağlı sənəd tələb ediləcək, əks halda həmin partiyalar qeydiyyata alınmayacaq, yaxud fəaliyyəti ləğv olunacaq.

Bəs hansı partiyaların qərargahı var? Hafta.az bu suala cavab tapmaq üçün bir neçə istiqamətdə araşdırma apardı.

Hazırda Azərbaycanda fəaliyyət göstərən və gündəmdə olan partiyaların qərargahının olub-olmamasını araşdırdıq. Bura 24 partiya daxil edildi. Bunlardan 17-nin qərargahı var, 7-nin isə yoxdu. Məlumatların bəzilərini partiyaların Wikipedia səhifəsindən, bəzilərini saytlarından, bir qismini isə funksionerlərlə əlaqə saxlayıb özlərindən əldə etdik.

Ortaya çıxan mənzərə əsasən partiyaları 2 yerə ayırdıq: Qərargahı olan partiyalar; qərargahı olmayan partiyalar;

QƏRARGAHI OLAN PARTIYALAR

YAP - Yeni Azərbaycan Partiyası hazırda Bülbül prospekti 13 ünvanındakı binada qərarlaşıb. Əvvəllər bu bina Ədliyyə Nazirliyinə məxsus olub. Buraya köçənə qədər isə YAP Ü.Hacıbəyov küçəsində hazırda "Yeni Azərbaycan" və "Səs" qəzetlərinin redaksiyalarının yerləşdiyi binada fəaliyyət göstərib. YAP-ın hazırkı qərargahının geniş otaqları, iclas zalı var. Həmçinin bina texniki təchizat sistemi, sürətli internetlə təmin edilib. Bina polis əməkdaşları tərəfindən mühafizə edilir

Müsavat Partiyası - Müsavat Partiyası 2003-cü ilə kimi Azərbaycan prospekti 37 ünvanında yerləşən binada fəaliyyət göstərib. Amma 2003-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərindən sonra partiya şəhərin mərkəzindəki qərargahını itirməli olub. Müsavat hazırda Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3097-ci məhəllədəki 4 mərtəbəli binanın iki mərtəbəsində fəaliyyət göstərir. Bu binaya köçən zaman otaqlar normal olmadığından Müsavat rəhbərliyi bir qədər xərc çəkərək, otaqlara əl gəzdirib təmir işləri aparıblar. Partiya hər ay kommunal xərclərlə birgə 1000 manata qədər dövlət rüsumu ödəyir.

AXCP – Azərbaycan Xalq Cəbhəsi Partiyası 2006-cı ilə qədər Xaqani küç. 33 ünvanındakı binada fəaliyyət göstərib. 2006-cı ilin noyabrında binanın dövlət tərəfindən Hesablama Palatasının balansına verilməsi nəticəsində 23 noyabr 2006-cı ildən partiya qərargahsız qalıb. Bunun qanunsuz olduğunu iddia edən partiya məsələ ilə əlaqədar məhkməyə müraciət edib. Dövlət tərəfindən partiyaya Keşlə qəsəbəsindəqərargah təklif olunsa da partiya tərəfindən bundan imtina edilib. Partiyanın qərargahsız fəaliyyət göstərdiyi dönəmdə toplantılar digər müxalifət partiyalarının qərargahlarında keçirilib. 2013-cü ildə Nərimanov rayonu, Tələt Şıxaliyev küç. 8 ünvanındakı ikimərtəbəli bina icarəyə götürülərək, partiyanın qərargahına çevrilib.

KXCP - Klassik Xalq Cəbhəsi Partiyasının qərargah problemi yoxdur və bu məsələdə partiya heç kimdən asılı deyil. Partiyanın rəhbərliyi təşəbbüs göstərərək üzvlərdən toplanmış ianələr hesabına Ağa Nemətulla 18 ünvanında yerləşən beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşən ofisi alıb. Hazırda ofis fiziki şəxsə məxsusdur və partiya burda yalnız kommunal xərcləri ödəyir.

VHP – Vətəndaş Həmrəyliyi Partiyası 1992-ci ildən 2009-cu il aprel ayının 1-dək Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsi, 9 ünvanında yerləşib. Həmin qərargah icarəyə götürülüb. 2009-cu il aprelin 1-dən 2010-cu il mayın 31-dək Səbail rayonu, Natəvan döngəsi, 1 ünvanında fəaliyyət göstərib. 2010-cu il iyunun 1-dən Xətai rayonu, Xaqani Rüstəmov küçəsi, 1210-cu məhəllədə yerləşən yeni ofisinə köçüb. Yeni ofis 6 mərtəbəli binadan ibarətdir. Bina partiyanın öz mülkiyyətidir.

ADP - Azərbaycan Demokrat Partiyası 1992-ci ildən Ələşrəf Əlizadə 13 ünvanında yerləşən qərargahı dövlətdən 25 illiyə icarəyə götürüb. Amma bina partiyanın deyil, "Hürriyyət" qəzetinin balansındadır. Belə demək mümkünsə, qəzet icarəyə götürdüyü binanın bir hissəsini partiyaya icarəyə verib. Bunun müqabilində isə partiya "Hürriyyət" qəzetilə birlikdə hər kvartal 600 manat icarə haqqı ödəyir.

Ümid - Ümid Partiyası Nərimanov rayonu ərazisində yerləşən birmərtəbəli özəl binada yerləşir. Bundan əlavə, partiya sədri İqbal Ağazadənin qərargahın həyətində rezidensiyası da var.

BAXCP - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının qərargahını yeni hesab etmək olar. Belə ki, uzun müddət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin nəzdindəki Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu Elm İstehsalat Birliyinin binasında yerləşən partiya sonradan buradan çıxarıldı. BAXCP hazırda "Xalq Cəbhəsi" qəzeti ilə birlikdə Yasamal rayonu, Seyidov küçəsi 23-də fəaliyyət göstərir,

Müasir Müsavat Partiyası - 20 otaqlı qərargah bir müddət əvvəl Müasir Müsavat Partiyasının əlindən alınıb. Əvəzində partiyaya Azadlıq prospekti, 189 ünvanında yerləşən binada qərargah verilib.

Ana Vətən Partiyası - Ana Vətən Partiyası uzun müddət Nərimanov rayonu ərazisində yerləşən "Azərinşaatlayihə" institutunun balansında olan binada fəaliyyət göstərib. Amma dövlət başçısının fərmanı ilə həmin bina Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verildikdən sonra AVP binanı tərk etməli olub. Hazırda partiya "Lider" telekanalının yaxınlığında, Şəfayət Mehdiyev küçəsindəki "Aqrotexnika"nın binasının 6-cı mərtəbəsində yerləşir. Burada partiya üçün 300 kvadratmetrlik sahəyə malik 8 otaqdan ibarət qərargah ayrılıb. Otaqlar əlverişli olmadığı üçün partiya bura köçəndən sonra təmir işləri aparılıb.

BQP, ALDP, Ədalət – Böyük Qurtuluş Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası və Ədalət Partiyası “Neftçilər” stansiyasının yaxınlığında Əzim Əzimzadə küçəsi, 4, m.3 ünvanında yerləşir. Bina partiyaya dövlət tərəfindən icarə müqaviləsi ilə verilib. Ədalət partiyası Əvvəllər Ceyhun Hacıbəyli 2 ünvanında yerləşən ofisdə fəaliyyət göstərib.

ADİP - Demokratik İslahatlar Partiyası yarandığı gündən yerləşdiyi Neftçilər prospektindəki qərargahı bir müddət əvvəl tərk edib. Partiya hazırda Bünyad Sərdarov 17/2 ünvanındakı qərargahda fəaliyyət göstərir. Partiyanın öz yerini dəyişməsinə səbəb isə əvvəlki qərargahın müəyyən tələblərə cavab verməməsi olub,

AMİP- Azərbaycan Milli İstiqlal Partiyası vaxtilə Azərbaycanda hətta hakim partiyadan belə yaxşı qərargaha malik olan siyasi təşkilat olub. Amma 2000-ci ildən bəri partiya yurdsuz qalıb. Bir müddət şəhərin ayrı-ayrı yerlərində kirayə ofis götürən AMİP hazırda partiyanın Nəsimi rayon təşkilatının ofisinə sığınıb. Tibb Universitetinin yaxınlığında yerləşən qərargah 3 otaqdan və bir zaldan ibarətdir.

MDHP – Milli Dirçəliş Hərəkatı Partiyası Bakı şəhəri, M.Məmmədzadə 5/7 ünavında yerləşir. Ofis şəxsi mülkdür.

ASDP – Azərbaycan Sosial Demokrat Partiyası əvvəl şəhərin mərkəzində 28 may küçəsində yerləşən partiya sonradan bir müddət Binəqədi rayonu ərazisində İ. Dadaşov 60 ünvanında fəaliyyət göstərib. Hazırda isə partiya yenə də Binəqədi rayonunda bu dəfə Azadlıq prospekti, 200-də yerləşən yeni qərargahda fəaliyyət göstərir. Partiyanın qərargahı 4 otaqdan ibarətdir. Qərargah partiyaya müvafiq dövlət qurumu tərəfindən ayrılıb.



QƏRARGAHI OLMAYAN PARTIYALAR

ACP –Açıq Cəmiyyət Partiyası bir neçə müddət idi ki, Nərimanov rayonu, Tələt Şıxaliyev küç. 8 ünvanında yerləşən ofisdə fəaliyyət göstərirdi. Bu ilin avqust ayında ACP qərargahdan çıxarıldı. Prezident seçkilərindən sonra isə həmin ofisi AXCP icarəyə götürdü. Hazırda ACP KXCP-nin qərargahında bir otağa sığınıb.

ALP - Azərbaycan Liberal Partiyası bu vaxta qədər bir neçə dəfə qərargah dəyişib. Əvvəl Bünyad Sərdarov küçəsində yerləşən partiya sonra Həsənbəy Zərdabi küçəsində yerləşən 3 mərtəbəli şəxsi tikilidə özünə sığınacaq tapıb. Amma 2005-ci ildən bəri partiya qərargahsızdır. Qərargahla təmin olunmaq üçün partiya rəhbərliyi dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, yer ala bilməyiblər.


AXP - Pənah Hüseynin lideri olduğu Xalq Partiyasının qərargahı yoxdur.

Azadlıq Partiyası - Azadlıq Partiyasının sədri Əhməd Oruc dəfələrlə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciət etsə də partiya qərargahla təmin olunmayıb. Uzun müddətdir Azadlıq “Müxalifət” qəzetinin ofisinə sığınmaq məcburiyyətində qalıb. Partiya sədri Əhməd Oruc hətta vaxtilə bu komitənin sədrinə qarşı məhkəmə iddiaları da qaldırıb. Amma faydası olmayıb,

AİP – Azərbaycan İslam Partiyası əvvəl Bakı şəhəri, Hidayətzadə küçəsi 51 ünvanında yerləşib. Hazırda Yasamal rayonu, Çingiz Mustafayev küçəsi, 69A ünvanında fəaliyyət göstərir.

DADP –Demokratik Azərbaycan Dünyası Partiyası Atatürk 17 ünavnında yerləşir. Partiya qərargahı icarəyə götürüb.

Vəhdət - Vəhdət Partiyasının özünün qərargahı yoxdur. Amma Bakı Kəndlər Birliyinin Bakı şəhəri, B.Səfəroglu, 28 ünavında yerləşən qərargahını elə Vəhdət Partiyasının qərargahı hesab etmək olar. Çünki Birliyin adına olan qərargahın qarşısında məhz partiyanın bayrağı asılıb. Yarandığı gündən Bakı Kəndlər Birliyi Vidadi küçəsi 89-da yerləşən bu ofisi icarə götürüb. Partiya rəhbərliyi qərargahın şəraitindən o qədər də şikayətçi deyil və bunun normal olduğunu bildirirlər. Qeyd edək ki, sözügedən binanın sahibi də Bakı Kəndlər Birliyinin üzvüdür və buna görə də icarə haqqı real bazar qiymətləri ilə müqayisədə xeyli ucuzdur.

Murad Əhməd, Hafta.az
Oxunma sayı