Qərb Qafqazın vahidliyi və demokratikləşməsində maraqlı görünür  - Zəlimxan Məmmədli

17:25 24.05.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda Brüssel görüşlərində əldə olunmuş nəticələrin əleyhinə olaraq keçirilən aksiyalar davam edir və onun arxasında konkret olaraq Rusiyanın dayandığı iddia olunur. Brüssel görüşünə qarşı aksiyanı idarə edənlərin vaxtilə hakimiyyətdə olduğunu və məkirli məqsədlərini təhlil edən qüvvələr belə bir şəraitdə danışıqların nəticələrinə hər hansı təsirlərin olma ehtimalını da ortaya atır. Çünki Ermənistan bütün danışıqlarda vəziyyəti gərginləşdirib prosesdən yayınmağa çalışır.

Bu dəfə Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən 3-cü Brüssel görüşündə əldə olunan razılaşmalara qarşı Rusiya və Ermənistan hakimiyyəti tərəfindən hər hansı təhdidlər yarana bilər?

Siyasi təhlilçi Zəlimxan Məmmədli hafta.az-a bildirib ki, qondarma Qarabağ problemini Rusiyanın yaratdığı heç kimə sirr deyil. Onun sözlərinə görə, Rusiya Azərbaycanı nəzarətdə saxlamaq üçün yaratdığı bu konfliktin həll olunmasında və ya onun iradəsindən kənar həll olunmasına qətiyyətlə razı deyil. Çünki bölgənin münaqişə zonası olaraq qalması Rusiyanın maraqlarına uyğundur.

Z.Məmmədli hesab edir ki, yeni mərhələ başlayıb.

“Rusiyanın Ukraynaya hərbi təcavüzü yeni geosiyasi durum yaradıb. Faktiki olaraq yeni dünyanın dizaynı gedir və konflikt ocaqlarından biri - Rusiya imperializmi çökmək üzrədir. Bu isə yeni siyasi reallıqlar yaratmaqdadır”.

 

Siyasi şərhçi bildirib ki, bu gün Qərb Qafqazın vahidliyi və demokratikləşməsində maraqlı görünür. Onun sözlərinə görə, Qərb hər üç Qafqaz dövlətləri üçün Rusiyanın yaratdığı problemlərin ədalətli həllinin tərəfdarı kimi çıxış edir. Çökən Rusiya fonunda Avropa İttifaqı yaranmış tarixi şəraiti doğru dəyərləndirərək Rusiyanın etnik zəmində yaratdığı münaqişə ocaqlarının söndürülməsi istiqamətdə israrlı təşəbbüslər irəli sürür.

“Ardıcıl keçirilən Brüssel görüşləri öz nəticəsini vermək üzrədir. Bir sıra pozitiv anlaşmalara nail olunub. Rusiyanın yaratdığı konflikt mühitinin aradan qaldırılması istiqamətində tarixi razılaşmalar Ermənistan və Azərbaycanı strateji olaraq yaxınlaşdırsa da, Rusiyanı məyus edir”.

Z.Məmmədli hesab edir ki, Ermənistanda baş verən etiraz aksiyaları birmənalı Rusiyanın layihəsi ola bilər.

“Çünki Ermənistanda rus hegemonluğu ilə “bütöv Ermənistan” xəstəliyinə tutulmuş xəstə çoxluq mövcuddur.  Rusiya artıq bir sıra diplomatik həmlələr etməkdədir. Paşinyanın Moskvaya dəvət olunması və qulaqburması verilməsinə cəhd ola bilər. Brüsseldə verilmiş bəyanatlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, bu dəfə Paşinyan da iradəli davranmaq zorundadır”.

Z.Məmmədli bildirib ki, Avropa İttifaqı rəhbərinin və hər iki dövlət başçısının verdiyi açıqlamalar Rusiyaya siyasi, diplomatik dirənişin güclü olacağına işarədir.

“Rusiya isə təxribatlar ölkəsidir. Siyasi sistem aqressivdir. Ukraynadakı çöküşün əvəzini Qafqazı qarışdırmağa cəhd etməklə kompensasiya etməyə çalışa bilər. Azərbaycanda da müəyyən təxribatlar ehtimalı yox deyildir. Odur ki, daha diqqətli və hazırlıqlı olmaq milli görəvimizə çevrilməlidir”.

Oxunma sayı 227
Siyasət rubrikasından digər xəbərlər