Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyası hazırlanır – Hikmət Babaoğlu

16:12 26.01.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Tarixi faktlar, sənədlər, xəritələr indiki Ermənistan ərazisinin Azərbaycan türklərinə, azərbaycanlılara məxsus olduğunu hər addımda, hər daş, kağız səhifəsində təsdiqləyir. Artıq bu torpaqlara Azərbaycanlıların Qayıdış Konsepsiyası hazırlanır, sistemləşdirilir. Məlumdur ki, “Qərbi Azərbaycanlıların İcması” İctimai Birliyi yaranıb və dövlət başçısı,  Ali Baş Komandan bu tapşırığı verərkən məhz öz xalqının istəklərini, tələblərini nəzərə alıb, dəyərləndirib. Bu istiqamətdə “Həftə İçi”nə danışan Milli Məclisin deputatı, “Qərbi Azərbaycan İcması” İctimai Birliyinin sədr müavini Hikmət Babaoğlu mühüm faktlara diqqət çəkib.

- Tarixi torpaqlarımıza Qayıdış Konsepsiyası bu gün həmin ərazilərdə yaşayan erməniləri, onların havadarlarını hansı faktlar qarşısında qoyacaq, hansı mesajları verəcək?

-Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması ilə bağlı qaldırdığı iddialar, hər şeydən öncə Qərbi Azərbaycan ərazisində ermənilərin onilliklər boyu azərbaycanlılara qarşı törətdikləri cinayətlərini yenidən gündəmə gətirilməsinə səbəb oldu.  Bütün dünyaya bir daha aydın oldu ki, bu gün Qərbi Azərbaycanda qurulan “Ermənistan dövləti” yerli əhaliyə qarşı aparılan cinayət və etnik təmizləmə sayəsində mümkün olub. Yerli əhalinin bu və ya digər üsullarla öz tarixi vətənlərindən qovulmasının nəticəsidir ki, bu gün Ermənistan həmin  ərazilərində monoetnik  dövlət yaratmağı bacarıb. Ancaq buna baxmayaraq ermənilər o torpaqlardan azərbaycanlıların izlərini silə bilməyiblər. Çünki Qərbi Azərbaycanın, yəni bugünkü Ermənistanda yerləşən 24 rayonunun və bütün şəhərlərinin hər birində Azərbaycan xalqının yaratdığı zəngin maddi-mədəni irs var. Qəbiristanlıqlardan tutmuş qalalara qədər, karvansaralardan tutmuş müqəddəs yerlə qədər, toponimlərdən tutmuş hidronimlərə, etnonimlərə qədər...Ermənilər nə qədər saxtalaşdırma aparsalar da,  bu gün də o yerlərdə, indiki Ermənistan ərazisində  Qərbi Azərbaycanlıların təzahür forması var.  Ona görə də dünya yaranmış yeni reallıqlar kontekstində bir daha bu tarixi reallıqlarla üzləşməli oldu. Ermənilər bu gün həyəcan təbili çalaraq azərbaycanlıların öz tarixi vətənlərinə qayıtmaq hüququnu Ermənistana qarşı ərazi iddiası kimi təqdim etməyə çalışırlar. Düşünürəm ki, tamamilə yersiz, əsassız iddiadır.

- Qərbi Azərbaycana Qayıdış Konsepsiyası haqqında Prezidentin tapşırığı, tövsiyələri ölkə ictimaiyyətini hansı tarixi bünövrələr üzərində dayanıb araşdırmalar aparmağa səslədi, tariximizə qayıdışımız üçün hansı şansı, imkan yaratdı?

- Azərbaycan Prezidenti qeyd etdi ki, bizi Qarabağa, Zəngilana qaytaran tarixi yaddaşımızdır. Bu mənada Azərbaycan xalqı gələcək məqsədlərinə nail olmaq üçün mütləq indiki mərhələdə öz tarixi yaddaşını yeniləməlidir, milli yaddaşını bütövləşdirməlidir. Milli yaddaşımızın bütövlüyü isə bu gün Azərbaycanın siyasi sərhədlərindən kənarda qalan böyük etnosiyasi coğrafiyamızdakı tarixi yaddaşımızın bərpasından keçir. Bu bir millətin öz hədəflərinə yönəlməsi üçün vacib şərtdir. Ona görə də milli, tarixi  yaddaşımızın böyük bir hissəsi Qərbi  Azərbaycanla bağlıdır.  Düşünürəm ki, Azərbaycan Prezidentinin qoyduğu bu məsələ cəmiyyətimizdə bir canlanma yaratdı. Milli Elmlər Akademiyasının Folklor, Tarix İnstitundan tutmuş, ayrı-ayrı tədqiqatçıların fəaliyyətinə və bütövlükdə  Azərbaycanın ayrı-ayrı şəxslərinin müxtəlif  sahələrdəki fəaliyyət istiqamətlərinə qədər hər birimizin məqsədlərini, istiqamətlərini müəyyənləşdirmiş oldu.  Yəni məişət səviyyəsindən tutmuş, akademik səviyyəyə qədər bu gün Qərbi Azərbaycan məsələsi Azərbaycan cəmiyyətində müzakirə olunursa, bu özü tarixi yaddaşımıza qayıtmağımızın, tarixi yaddaşımızın təzələnməsinin  ümumi kütləvi formalarından biridir. Amma əlbəttə ki, bu məsələnin kökü ciddi, akademik tədqiqatlara aparacaqdır və həmin tədqiqatlar vaxtaşırı Azərbayacan cəmiyyətinə təqdim olunacaq. Və belələiklə Qərbi Azərbaycan icması öz hədəflərinə doğru daha bir addım atmış olacaqdır.   

- Azərbaycanın öz tarixi gerçəkliyini, tarixi əraziləri, maddi-mədəni abidələri, torpağı üzərində haqqını qoruması üçün daxildə hansı siyasəti aparılmalıdır. Beynəlxalq məhkəmələrə müraciətlər hansı sənədlərə əsaslanmalıdır?

-Məsələnin iki tərəfi var: mənəvi və hüquqi. Biz məsələnin tarixi tərəfini danışdıq. Mənəvi tərəfinə baxanda Qərbi Azərbaycanın müxtəlif coğrafiyalarında Azərbaycan incəsənətinin, musiqi estetikasının, poeziyasının, ədəbiyyatının, folklorunun formalaşmasında çoxlu nümunələri görmək olar.  Bütün bu nümunələr öz adları ilə yenidən Azərbaycan cəmiyyətinə təqdim olunmalı və göstərilməlidir ki, bunlar Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın yaradıcılıq üsulu, nümunələridir. Bu, fərqlilik üçün yox, tarixi bütövlüyümüz üçün lazımdır. Hər bir azərbaycanlı bilməlidir ki,  bizim tariximizin, mədəniyyətimizin bir parçası Qərbi Azərbaycandır.

İkinci əsas məsələ hüquqla bağlıdır. Burda da beynəlxalq hüququn vaxtilə deportasiyalara məruz qalmış, öz vətənindən didərgin düşmüş insanlara tanıdıqları hüququn qərbi azərbaycanlılara da tətbiq olunması üçün  mühüm bir mübarizə istiqaməti var. Bu da sistemli, ardıcıl şəkildə Avropaya, Avropanın insan hüquqlarının müdafiəsi ilə məşğul olan məhkəmələrinə daşınmalıdır ki, bizim qayıdışımız üçün də beynəlxalq ictimai rəy formalaşmış olsun.

 - Qərbi Azərbaycan ərazilərində olan tarixi abidələrin araşdırılması, ortaya çıxarılması və öz haqqını alması üçün hansı dəstəyə ehtiyac var? Bu prosesdə diaspora, lobbiçilik öz sözünü necə deməlidir?

- Azərbaycan dövləti bununla bağlı dəfələrlə müəyyən məlumatlar səsləndirib. Hazırda maddi-mədəniyyət abidələrimizin dəqiq siyahıya alınması, reystrinin aparılması və Azərbaycan cəmiyətinə tanıdılması, eləcə də qorunması ilə bağlı BMT-nin müvafiq qurumlarına müraciət edilməsi məsələsi gündəmdədir.  Çünki biz bilirik ki, İrəvan şəhərinin mərkəzində paytaxtın paytaxtı hesab olunan Təpəbaşı məhəlləsi abidəsində Azərbaycan xalqının irsinin son izləri silinməkdədir. Bu gün biz bu məsələ ilə bağlı həyəcan təbili  çalmalıyıq ki, bu abidələr Azərbaycan xalqının mədəni irsi kimi YUNESKO, İSESKO və digər beynəlxalq qurumların hesabatlarına salınsın.  Düşünürəm ki, bu istiqamətdə Azərbaycan cəmiyyəti bütövlükdə  öz gücünü  səfərbər etməlidir.

- Yeni nəsil Azərbaycanın hazırda Ermənistan ərazisində qalan tarixi torpaqları haqqında nə dərəcədə əsaslı, elmi bilgilərə yiyələnmək imkanına malikdir? Azərbaycanın orta məktəblərində, eləcə də tarix dərsliklərində Qərbi Azərbaycan mövzusunun ardıcıl olaraq tədrisi yönündə görülən işləri necə dəyərləndirərdiniz?

-Düşünürəm ki, bunu iki istiqamətdə qiymətləndirməliyik. Birincisi, Qərbi Azərbaycan kökənli olan vətəndaşların ailə-məişət zəminində, ailə-vərəsəliyi kontekstində Qərbi Azərbaycan mədəniyyətinin, musiqisinin, mətbəxinin gənc nəslə ötürdükləri bilgilərdir. Amma hazırki mərhələdə biz milli məqsəd kimi Qərbi Azərbaycana qayıdışı nəzərdə tuturuqsa, bu daha kütləvi olmalıdır. Qərbi Azərbaycan tarix, ədəbiyyat dərsliklərindən tutmuş, digər bütün akademik səviyyələrdə təbliğ olunmalıdır. Biz bilirik ki, tarix dərsliklərində 1988-ci ildə qərbi azərbaycanlıların öz vətənlərindən qovulması ilə bağlı məlumatlar verilib. Düşünürəm ki,  bu daha  geniş və kütləvi şəkildə olmalıdır. Çünki biz tarixi, milli yaddaşımızı bütövləşdirməliyik ki,  ümumi hədəflərimizə daha tez çataq.

-"Qərbi Azərbaycan muzey -şəhəri" yaradılarsa ümumi işimizə hansı töhfələri verə bilər?

- Əlbəttə ki, Qərbi Azərbaycanla bağlı “muzey-şəhər” düzəltmək mümkündür. Amma bu  bir qədər mürəkkəb, çətin və vaxt aparan işdir. O “şəhərdə” bizim tarixi abidələrin nümunələrini maket şəklində  təqdim etmək olar və bunun etnosiyasi coğrafiya, koorrdinatlar üzrə rayonlaşdırmaq da olar. Amma bu o qədər dərin prosesdir ki, uzun müddətli vaxt aparacaq. Çünki son 100 ildən əvvəlki dövrə də qayıtmalıyıq. Tutaq ki, “Ermənistan respublikası” yaradılmamışdan öncəki, rus  işğalı dövründə Qərbi Azərbaycanın etnosiyasi və etnomədəni xəritəsi üzə çıxarılmalıdır və orda olan obyektlərin maketini hazırlamalıyıq.  İzi silinın qalaların, məscidlrin maketlərini hazırlamalıyıq. Bunu tarixi instruksiyalar, şəkillər əsasında yaratmaq olar.  Əlbəttə, beləliklə virtual Qərbi Azərbaycan yaratmaq mümkündür. Amma bu, yenə də tarixi faktlarla, akademik göstəricilərlə həyata keçirilməlidir. Və bu maketdə o yerlərin təbiiəti də bədii əsərlərdən götürülərək əksini tapa bilər.  Ona görə də işlər çoxdur və düşünürəm ki, ümumilikdə o işlərin öhtəsindən gəlmək üçün səfərbər olmalıyıq.

Oxunma sayı 241