“Qərib ağa“nın qərib tarixi

15:15 24.07.2010
Yazını böyüt
Yazını kiçilt
Əsrlər boyu xalqımız uca Tanrıya və bir sıra ibadətgahlara inanmış və onlara itaət etmişlər. Azərbaycanda bir sıra sınanmış pirlər var ki, onlar xalq arasında tanınır və insanlar ora pənah aparırlar. Amma razılaşın ki, mənən sakitlik, şəfa tapdığımız yerlərin tarixi haqqında bəzən heç bir məlumatımız olmur.
Belə pirlərdən biri də məhz “Qərib ağa“ piridir ki, bu günə kimi bu pir haqqında hələ də dəqiq məlumat yoxdur. Bu pir Hövsan kəndində yerləşir. Adı qeyri-adi olan bu pirə pənah aparanlar sırasına qoşulub, biz də bu ibadətgaha yollandıq. Uzaqdan görünüşcə digər pirlərdən fərqlənməsə də, tarixən digərlərindən çox fərqlidir. Elə bizi də ora çəkib aparan məhz bu amil oldu. Bəs necə olub ki, bu qəbir pir adlandırılıb?!
İlk olaraq ziyarətgaha gələnlərlə görüşüb, söhbət etdik. Sakinlər söylədilər ki, bu ibadətgaha gələn heç kəs buradan əliboş geri qayıtmaz. Hətta bir xanım söylədi ki, mən buradan bir sınanmış şam da aparmışam. Xanım həmin şamı bizə göstərərək dedi: “Mən bu şamı buradan götürəndə ağır xəstə idim, əməliyyat olunmalı idim. Sağalacağıma heç ümid yox idi. Lakin bu şamı aparıb niyyət etdim. İndi artıq əməliyyatdan sağ-salamat çıxmışam. Bu şamı da gətirdim ki, kim xəstədirsə bu şamdan, onun möcüzəsindən istifadə etsin“.
Mənə bir xeyli maraq üstün gəldiyindən yaxınlaşıb, bir neçə ziyarət edən kəslərdən pirin yaranması tarixilə bağlı suallar verdim. Necə olub ki, bu pirin adı məhz “Qərib ağa“ adlandırılıb? Ümumilikdə bu pirin yaranma tarixi neçənci illərə təsadüf edir? Sualıma cavab ala bilmədim. Düşündüm ki, ziyarət edənlərdən çox, bu pir barədə orada çalışanlar daha çox məlumatlı olar. Bununla bağlı orada könüllü işçi olaraq çalışan Rasim Güloğlan oğlu Qədirovla görüşdük. Rasim həm də eyni zamanda şərqşünasdır. Elmlər Akademiyasında kiçik elmi işçi olaraq da çalışır.
Onun dediklərinə görə, bu pirin tarixi çox qədimdir. Belə ki, “Qərib ağa“ deyilən bu şəxs vaxtilə Hövsan kəndinə gəlib, orada məskunlaşıb: “O illərdə Qərib ağa dənizin sahilində məskən salıb. Bircə onu bilirəm ki, onun əsl adı və kim olduğu bilinmir. Lakin həmin şəxsin imam övladı olduğu bəllidir. Burada dünyasını dəyişən Qərib ağanın qəbri bir xeyli müddət heç kəsə bəlli olmayıb. Dəniz suyu qalxdığından indiki pirin yeri itib. Lakin sonralar təxminən 150 il bundan əvvəl Xanmirzə adlı bir kişi yuxuda görür ki, yaşıl paltarlı, yaşıl atlı bir nəfər gəlib indiki pirin yerini göstərərək ona deyir ki, buranı qazın, burada bizim övladlarımız yatır. Onları qazıb çıxardın. Bu minvalla Xanmırzə kişi bu yuxunu 3 dəfə görür. Sonralar həmin ərazidə qazıntı işlərinə başalayır. Oradan 3 qəbir çıxır. Hazırda pirdə gördüyünüz qəbirlər həmin qəbirlərdir. Bir qəbir digərlərindən fərqlənir. Bir az böyük, bir az da hündür olan bu qəbir istər-istəməz diqqəti cəlb edir. Sonralar Xanmirzə kişi başlayır burada türbə inşa etməyə. Balaca bir türbə tikir. Təəssüflər olsun ki, 1937-ci ildə repressiya dövrü həmin tarixi abidə dağıdılır. Həmçinin türbənin içərisində olan kitabələr, müxtəlif yazılı daşlar yerlə-yeksan edilir. Sonralar burada türbə yenidən ucaldılır. Ümumilikdə götürəndə adıçəkilən türbənin möcüzələri çox olub. Onu da qeyd edək ki, 2000-ci ilə kimi bu ibadətgah “İmam Hüseyn və Həzrəti Abbas“ adına Cümə məscidinin nəzdində fəaliyyət göstərib, 2000-ci ildən “Abidələr“ idarəsində qeydiyyata alınıb. Həmçinin 2001-ci ildə isə Dini Qrumlarla iş üzrə Dövlət Komitəsinin nəzdində müstəqil fəaliyyətə başlayıb. Bu pirə də şərti adın verilməsi məhz burada uyuyan müqəddəs adamın kim olduğu məlum olmadığından irəli gəlir. Vaxtilə burada yaşayan şəxsin bir Qərib olduğundan, elə bu pirin də şərti adı bunun şərəfinə verilərək “Qərib ağa“ piri adlandırılıb. Ümumilikdə burada möcüzəli hadisələr çox olub“. Rasim Qədirov onu da bildirdi ki, Hövsan kəndində tarixi abidələr çoxluq təşkil edib. Sonralar həmin daşlar, abidələr İçərişəhərdə olan bazar meydanına aparılıb; məsələn: pirdə bir sıra möcüzəli daşlar olub ki, onlardan biri təxminən 1920-ci illərdə kənddə olan bir bəy tərəfindən ata bağlanaraq evinə aparılarkən yolda bir sıra faciələrlə qarşılaşıb. Hətta həmin vaxt bəy öz övladını da itirib. Həmin daş “yeddiguşəli“ adlandırılıbmış ki, hər cümə axşamları həmin guşələrdə su axarmış. Bundan başqa, təxminən 40 il bundan əvvəl bir kişi bu pirə hər dəfə ailəvi gələrmiş, həmişə ailə üzvləri piri ziyarət edərmiş, özü pirə girə bilməzmiş. Gözünə ilanlar görünüb, üzərinə yeriyərmiş. Deyilənlərə görə, həmin kişi pisniyyətli olduğu üçün bu pir onu qəbul etməzmiş. Hazırda dünyasını dəyişib. 2000-ci illərdə bir kişi burada işləyirdi. Onun da gözünə pis şeylər görünürdü. Əvvəllər bu kimi hadisələrə inanmadığını söyləyən Rasim sonralar bu kimi hadisələri gördükdən sonra bir daha möcüzələrə əmin olduğunu söylədi.
Biz də bu ziyarətgaha gələnlərə niyyətlərinin hasil olmasını diləyir, ümid edirik ki, hər hansısa bir gündə orada gedəcək arxeoloji qazıntı işləri növbəti məlumatları əldə edəcəyimizə imkan yaradacaq.

Pərvin İsmayılova
Oxunma sayı