Qiymət artımına nəzarəti kim etməlidir – TARİF ŞURASI, YA MİLLİ MƏCLİS

17:50 20.09.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Benzinin qiymətinin bahalaşması ilə cəmiyyətdə barəsində heç də xoşagəlməyən rəy formalaşmış Tarif Şurası ilə bağlı müzakirələr yenidən başladı. Artıq az qala hə bir məhsulun qiyməti qalxanda əsas hədəf məhz bu qurum olur. Hətta Tarif Şurasının qiymət siyasəti ilə bağlı səlahiyyətlərinin Milli Məclisə verilməsi də təklif edilir.

Mövzu ilə bağlı hafta.az-a danışan iqtisadçı ekpert Azər Mehtiyev qiymət məsələlərinin Tarif Şurasında müzakirə edilməsini daha doğru sayır, nəyinki Milli Məclisdə...

“Qiytmətlərin artırılması məsələsi icra strukturuna aid olduğundan Milli Məclis hər dəfə qiymətlərin tənzimlənməsinə qərar verə bilməz. Bu qurum sadəcə hesabat tələb edib, bahalaşmanın nə qədər əsaslı olmasını gündəmə gətirə bilər. Milli Məclis dövlət qurumlarından şəffaflıq tələb edə bilər. İnhisarçı mövqedə çıxış edən dövlət şirkətlərinin fəaliyyətlərini nə qədər şəffaf həyata keçirir, bunu araşdırmalıdır. Hazırda məsələ qiymət artımından çox mexanizmin düzgün işləməməsidir. Heç deputatların özləri də qanunvericiliklə üzərlərinə düşən səlahiyyətləri düzgün yerinə yetirmirlər”.

İqtisadçının fikrincə, qiymət artımı ilə paralel pensiya və digər sosial ödənişləri artırmaq heç də düzgün deyil:

“Qiymət qalxmasına uyğun olaraq büdcədən sosial ödənişlərin artırılması çıxılmaz dalan yaradır. Bu olduqca narahatlıq doğuran zəncirvari prosesdir. Əgər hər qiymət qalxması zamanı hökümət büdcədən sosial ödənişləri çoxaltsa, yenidən qiymət artımı baş verə bilər. Neft ölkəsi olan Azərbaycanın sosial yükünün artırılması yeni risklər yarada bilər. Bu baxımdan ölkəmizdə qiymət artımının səbəbləri ortaya çıxarılmalıdır. Beləcə infilyasiyanın kökünün nədən qaynaqlandığını tapıb bu problem ətrafında işlər görülməlidir. Çarə dövlət büdcəsindən sosial ödənişləri artırmaq deyil. Ölkədə rəqabətli mühit yaratmaq lazımdır”.

A.Mehtiyevin sözlərinə görə, növbəti ilin büdcə planlaşdırılmasında birbaşa olaraq qiymət artımın qarşısını alan addımlar nəzərdə tutulmur:

“Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söylədi ki, BMT səfərindən qayıtdıqdan sonra ölkədə süni qiymət artımının qarşısını almaqla şəxsən özü məşğul olacaq. Bu cür inzibati addımlar real nəticələr verə bilmir. Nə qədər ki, ölkədə rəqabət olmayacaq burada heç bir inzibati tənzimləmə fayda verə bilməz.

Renta axtarışında olan sahibkar inzibati addımlardan yan keçmək məqsədilə müxtəlif tədbirlər görür. Düzdür, dövlət onlara cəzalar tətbiq edir, lakin problemin qarşısını tam ala bilmirlər. Dünya təcrübəsi də göstərir ki, qiymət artımının qarşısını ala biləcək ən effektiv üsul rəqabətin təmin edilməsidir”.

Görünən odur ki, sosial ödənişləri artırmaq da bahalaşmaya bir çıxış yolu deyil. Həll yolları, təkliflər müxtəlif, fakt isə təkdir. Üstəlik bütün təklifləri reallaşdırmaq heç də bir günün işi deyil. Ancaq, bütün sahələrdə bahalaşma var, qarşısı nə cür alınacaq bu da hələlik müəmmalar sırasındadır.

Oxunma sayı 914