Qızıl almaq istəyənlərə BƏD XƏBƏR – TƏLƏSİN

15:56 10.03.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Son günlər dünya birjalarında qızılın qiymətinin kəskin bahalaşmasına şahid oluruq. Belə ki, qızılın qiyməti 2021-ci ilin əvvəlindən bəri ən yüksək səviyyəyə çatıb. Əsas səbəb kimi, Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatlar göstərilir.

Bəs görəsən, rublun fantastik dərəcədə dəyər itirməsi, həmçinin dünya bazarında qızılın bahalaşması ölkəmizdə bu metal növündən hazırlanan zinyət əşyalarının alğı-satqısına nə cür təsir edir?

Hafta.az olaraq yerli satışda vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün üz tutduq “Moskva Univermağı”na...

Göz oxşayan zərgərlik nümunələrin bəzədiyi vitrinlərin önü ilə içərini gəzdikcə, alğı-satqıyla məşğul olanların çəkişməli dialoqlarını eşitməmək mümkün deyil. Maraqlı söhbət olduqca ayaq saxlayıb qulaq müsafiri olurduq.  Balasının canına and içib, “Özümə də çox bir şey qalmır” deyən kim, od tutub yanan qiymətlərdən şikayət edən kim. 

Səhər saatları olmasına baxmayaraq univermaqda hərəkətlilik var idi. 2 gün öncəsinin 8 mart Beynəlxalq Qadınlar Bayramı olduğunu nəzərə alsaq, onda son günlər satışlar yaxşı olmalıdır. Ancaq tüccarlar tam əksini deyirlər. Hətta bildirirlər ki, pandemiyaya təsadüf edən bayramda daha çox alver olmuşdu, nəinki dünya bazarında qiymətlərin qalxdığı bu günlərdə...

Bahalaşma demişkən hazırda, piştaxtalardakı qızılların əyarlarına görə dəyəri belədir: Türkiyə qızılının qramı 85-90, Rus qızılının 75-90, İtaliya qızılının isə 85-95 manat arası dəyişir:  Əyarlara gəldikdə isə, Rus qızılı 582 əyar, Türkiyə-585, İtaliya-750 olaraq bildirilir.

Təbii olaraq əyarlar qalxdıqca qiymətlər də artır. Hazırda alıcıların daha çox maraq göstərdiyi qızıl İtaliya və Türkiyədən gətirilənlərdir. Bazarda yeni növ Rus qızılları olmadığından, təzə model zinyət əşyası almaq istəyənlər bu iki ölkənin qızıllarına üstünlük verirlər. Demək olar bütün rus qızılları “ikinci əl”dir.

Gələn-gedənin az olmasından gileylənən narazı satıcılardan birinə yaxınlaşıb həmsöhbət olduq. Bildirdi ki, uzun illərdir qızıl satışı ilə məşğulıdur. 7-10 il əvvəl, hələ qiymətlər 60-65(qızılın 1 qramı) manat olandan bəri bu işi görür. Ancaq son illər qızılın bahalaşması satıcıların özlərinə də mənfi təsir göstərir:

“İndi qiymət əyar və ölkələrə görə dəyişsə də, ortalama 80-90 manatdır. Çalışırıq qiymətləri çox qaldırmayaq ki müştərilər qaçmasın. Bu günkü vəziyyət bizim də ziyanımızadır. Rusiyada yaranan vəziyyətlə bağlı yaxın zamanlarda qiymətlərin daha da qalxacağını güman edirik. Belə davam eləsə, işimiz çətinləşəcək”.

Müştərilər və satıcılarla apardığımız söhbətdən belə görünür ki hər kəs bahalaşan qiymətlərdən şikayətlənir. Alan da, satan da eyni fikirdədir. Bəs görəsən qiymət artımı nə vaxta qədər davam edəcək? Ümumiyyətlə məlum proseslərin davam etdiyi bir vaxtda dünya bazarlarında qızılın qiymətindən hansı dəyişiklikləri gözləmək lazımdır?

Bu barədə yaranmış suallarımızı iqtisadi məsələlər üzrə ekspert Fuad İbrahimov cavablandırdı. Bildirdi ki, sivil qaydalarla qızılın qiyməti birjalarla müəyyənləşir. Birja qiymətlərindən kənarlaşma halı əsasən qızıl məmulatlarının işlənməsi və hazırlanmasında istifadə olunan əməkdən irəli gəlir.

Ümumiyyətlə isə son dövrlər qızılın qiymətində bahalaşma baş verib: “Bugünkü göstəricilərə baxsaq, 0.51 faizə qədər bahalaşmaya şahid olarıq. Dünya bazarında qızıl qiymətləri ilə ölkəmizdəkini müqayisə etsək bizdə bahalaşmanın daha çox olduğunu görərik. Son dövrlər Rusiya kimi nəhəng qonşumuz dollardan asılılığını minumuma endirməyə hazırlaşır. Paralel olaraq bunu qızılla əvəz edir. Təbii olaraq bazar buna reaksiya verir”.

Ekspertin sözlərinə görə, qızılın hazırkı qiymətində siyasi məsələlər böyük rol oynayır. Yaxın günlərdə isə dünya birjalarından bütün sürpriz yenilikləri görə bilərik:

“Hazırda qiymətlərin qalxması  həm də Rusiyadakı vəziyyətlə əlaqədardır. Bu ondan ibarətdir ki, dünya bazarlarında qızıla təlabat artır. Eyni zamanda bütün dünya Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Belə bir vaxtda Rusiya bütün işlərini qızıl üzərindən həyata keçirərsə, qiymətlərdən eniş də gözləmək olar. Hazırda qızılın məzənnəsində dünya birjalarında bütün sürprizlərə hazır olmaq lazımdır”.

Oxunma sayı 817