Qlobal taxıl böhranı: QITLIQ VƏ BAHALAŞMA QAÇILMAZDIR (ARAŞDIRMA)

14:40 18.05.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün bəlkə də, dünyanın bir nömrəli narahatlığı buğda qıtlığının yarana biləcəyi ilə bağlıdır. Çünki Rusiyanın Ukraynaya qarşı müharibəsi son üç ay ərzində ən strateji ərzaq növü olan çörəyin sürətlə bahalaşmasına gətirib çıxarıb. Niyə, ona görə ki, dünyanın ən böyük buğda istehsalçılarından olan Rusiya və Ukrayna məlum savaşa görə xarici bazarlara məhsul göndərmir və ya göndərə bilmir.

Hay-küyə düşən digər buğda istehsalçıları da ixracı məhdudlaşdıraraq öz qara günlərini fikirləşməyə başlayıblar. Məsələn, Rusiya Qərbə dərs olsun deyə xaricə buğda satışını dayandırandan qısa vaxt sonra eyni addımı Qazaxıstan da atdı. Bütün idxalçı ölkələr üz tutdular Hindistana. Bir neçə gün öncə onlar da ixracı məhdudlaşdırmaq qərarına gəldilər. Bu isə beynəlxalq miqyasda təşvişi daha da artırıb. Hətta BMT-nin hesabatına görə, buğda çatışmazlığı 1 milyarddan artıq insanı kəskin aclıqla üzləşdirə bilər.

 

Problemlər və çıxış yolu

 

Nəzərə alaq ki, Azərbaycan da buğdanın bir hissəsini xaricdən, xüsusilə də Rusiya, Ukrayna və Qazaxıstandan idxal edir. Əgər Rusiya və Qazaxıstan satmayacaqsa, Ukrayna da müharibədən dolayısı ixracla bağlı öhdəliklərini məcburən yerinə yetirə bilmirsə, o zaman taxıl idxalını mütləq şaxələndirməliyik.

Bildiyimizə görə, rəsmi Bakı bu müstəvidə Hindistanla danışıqlar aparırdı. Amma son günlər Hindistan buğda satmaq fikrindən vaz keçdiyindən, heç ağlımıza gəlməyən ölkələrə üz tuta bilərik. Özü də vaxt itirmədən. Çünki ən iri ixracatçıların qərarı məlum olduğundan, böyük buğda alıcıları yeni bazarlar arayışındadır. Onlar isə o qədər də çox deyil. Hətta indiki şərtlər daxilində bir çox inkişaf etmiş buğda istehsalçıları yığdıqları məhsulu hazır un və un məhsullarına çevirərək satmağa üstünlük verirlər. Məsələn, Fransa dünyanın ən böyük buğda istehsalçılarından olsa da, bu ölkə buğdanı xammal şəklində deyil, vermişel, makaron və başqa onlarca adda hazır məhsul olaraq xarici bazara çıxarmağa üstünlük verir. Bununla da həm ölkədə əlavə iş yerləri yaranır, həm də emal olunmuş məhsulu dəfələrlə baha satmaqla yaxşıca qazanır. 

Bir məsələni də yadda saxlamaq lazımdır ki, hətta günü sabah Ukraynada müharibə başa çatsa belə, ən azı 35 faiz və ya 9 milyon ton buğda kəsirinin yaranması qaçılmazdır. Çünki müharibə ölkənin kənd təsərrüfatına olduqca ağır zərbələr vurub.

 

Dünyanın taxıl anbarları

 

Yuxarıda qeyd etdik ki, dünyada ağlımaza gətirmədiyimiz fərqli, amma satış həcmi bir az məhdud olan buğda bazarları var. Amma həmin bazarların satış həcmi məhdud olsa da, cəmi 10 milyonluq Azərbaycanın idxal tələbatına yararlı ola bilərlər. Ümumiyyətlə, dünyanın hansı ölkələri buğda ixrac edir və ya etmək imkanına sahibdir? Gəlin bu bazarlar haqda məlumatlara ötəri nəzər salaq:

1. 2021-ci il statistikasına görə, dünyada ən çox buğda istehsal edən ölkə Çindir. Bu ölkədə 24 milyon 269 min hektar ərazidə taxıl biçinləri gerçəkləşdirilib və nəticədə 131 milyon 448 min tona yaxın buğda yığılıb. Bu da adambaşına 94,3 kiloqramdan bir az artıq deməkdir. Məhsuldarlıq hər hektara 5416 kiloqramdır.

2. Hindistanda 29 milyon 580 min hektarda səpin işləri həyata keçirilib və 99 milyon 700 min ton buğda hasil olunub. 2021-ci ildə Hindistanda adambaşına 74,6 kiloqram buğda yığılıb. Hindistanda hər hektara görə məhsuldarlıq 3370 kiloqram olub.

3. Buğda istehsalında dünya üçüncüsü Rusiyadır. Bu ölkədə 26 milyon 472 min hektardan artıq sahədə buğda səpilib və 72 milyon 136 min ton məhsul yığılıb. Hər hektara görə məhsuldarlıq 2725 kiloqram olan Rusiyada adambaşına 491 kiloqramdan çox buğda düşür.

Bu yerdə haşiyəyə çıxaraq qeyd etmək istərdik ki, Rusiya buğdasının ən böyük alıcısı qardaş Türkiyədir. Ötən il Türkiyə Rusiyadan 1,8 milyard dollarlıq məhsul idxal edib. Rus buğdasının alıcıları arasında ikinci iri müştəri Misirdir ki, onlar 1,5 milyard dollarlıq buğda alıblar.

Azərbaycan Rusiya buğdasının üçüncü iri müştərisidir. Ötən il respublikamız Rusiyadan 292 milyon dollarlıq buğda alıb. Rusiya buğdasının ilk beşlikdə olan sonrakı iki müştərisi isə Nigeriya (253 milyon dollar) və özü xaricə məhsul satsa da, Qazaxıstandır (213 milyon dollar).

4. ABŞ buğda istehsalına görə dünyada dördüncü yeri tutur. Bu ölkədə 16 milyon 28 min hektarda buğda səpilib və 51 milyon 287 min tona yaxın məhsul toplanıb. ABŞ-da hər hektara görə məhsuldarlıq 3200 kiloqram olub, adambaşına 156,5 kiloqram buğda düşür.

5. Dünyada beşinci iri buğda istehsalçısı olan Fransada 2021-ci ildə 5 milyon 232 min hektar ərazidə buğda səpilib və 35,8 milyon tona yaxın məhsul götürülüb. Adambaşı bölgüylə 532 kiloqram buğda istehsal edən Fransada hər hektarda məhsuldarlıq 6843 kiloqramdır. Məhz məhsuldarlıq göstəricisinə görə Fransa dünyada birinci yerdədir.

6. Dünyanın altıncı iri buğda istehsalçısı olan Kanadada ötən il 9 milyon 881 min hektar sahədə buğda səpilib və 31 milyon 770 min tona yaxın məhsul yığılıb. Bu ölkədə hər hektarda məhsuldarlıq 3215 kiloqram olsa da, ölkə əhalisinin sayı az olduğundan, adambaşına düşən məhsulun çəkisinə görə birinci pillədədir – 853,7 kiloqram.

7. Yeddinci iri buğda istehsalçısı Pakistandır. Bu ölkədə 8 milyon 797 min hektarda buğda səpilib və mövsümün sonunda 25 milyon 76 min ton məhsul yığılıb. Adambaşına 124 kiloqramdan çox məhsul yığılan ölkədə hər hektara görə məhsuldarlıq 2850 kiloqramdan çoxdur.

8. Dünyanın səkkizinci böyük taxıl istehsalçısı Ukraynadır. Bu ölkədə ötən il 6 milyon 620 min hektarda buğda səpilib və 24 milyon 653 min ton məhsul yığılıb. Hər hektarda məhsuldarlıq 3724 kiloqram olan ölkədə adambaşına 583,3 kiloqram məhsul düşür.

9. Doqquzuncu iri istehsalçı olan Avstraliyada 10 milyon 919 min hektardan çox sahədə buğda səpilib və mövsümün sonunda 20 milyon 941 min tondan artıq məhsul toplanılıb. Bu ölkədə məhsuldarlığın həcmi hər hektara görə 1918 kiloqram olub, adambaşına 836 kiloqram buğda düşür.

10. İlk onluğu Almaniya tamamlayır. Bu ölkədə 2021-ci ildə 3 milyon 36 min hektar sahədə buğda səpilib və əvəzində 20 milyon 264 min ton məhsul yığılıb. Hər hektarda məhsuldarlıq 6674 kiloqram olan Almaniyada adambaşına 245 kiloqram buğda düşür.

11. Qardaş ölkə Türkiyə dünyanın 11-ci iri buğda istehsalçısıdır. Ötən il 7 milyon 289 min hektar ərazisində buğda səpilən qardaş ölkədə tam 20 milyon ton məhsul yığılıb. Adambaşına 248 kiloqram buğda yığılan Türkiyədə hər hektarda məhsuldarlıq 2744 kiloqramdır.

Bu yerdə qeyd edək ki, Türkiyədə ən çox buğda 2013-cü ildə yığılıb – 22,1 milyon ton. Yeni əkin mövsümündə isə qardaş ölkənin buğda əkinlərini 3 milyon hektaradək artırmaq niyyəti var.

 

Gizli bazarlar və ya çıxış yolu

 

Dünyanın ən böyük buğda istehsalçılarının siyahısında Türkiyədən sonrakı pillələri Argentina 18,4 milyon ton, adambaşına 401,7 kiloqram, Qazaxıstan 14,8 milyon ton, adambaşına 772 kiloqram, Böyük Britaniya 14,6 milyon ton, adambaşına 221 kiloqram, İran 14 milyon ton, adambaşına 164,2 kiloqram və sair tutur. 

Siyahı bununla bitmir, dünyanın beş qitəsində böyük buğda istehsalçıları mövcuddur. Amma onların öz məhsullarını xarici bazara çıxarmaq və ya daha çox çıxarmaq imkanları varmı? Məsələn, hər il Polşa 13 milyon ton,  Rumıniya 8 milyon ton, İtaliya 8 milyon ton, Özbəkistan 8 milyon ton, Braziliya 7 milyon ton və sair buğda istehsal edir. Avropanın bir çox ölkələrində - Çexiya, Bolqarıstan, Macarıstan, Danimarka və digər bir neçə ölkədə illik buğda yığımı 5-6 milyon ton civarındadır. Bu da həmin ölkələrin tələbatını üstələyir və müəyyən qədəri xarici bazara çıxarılır. Bütövlükdə Avropa İttifaqı ölkələri ildə 176 milyon ton buğda istehsal eləməkdədir.

Qeyd edək ki, Azərbaycan uzaq Kanada və ya Argentina bazarına çıxış axtarmaqdansa, ən azı Bolqarıstana, Macarıstan, Çexiya, Serbiya və digər Şərqi Avropa ölkələrinə üz tuta bilər. Məsələn, Bolqarıstanın əhalisi Azərbaycan əhalisinin təxminən 60 faizi qədər olmasına baxmayaraq, bu ölkədə Azərbaycandakından iki dəfə çox buğda istehsal edilir. Deməli, bolqar bazarında artıq buğda var. Düzdür, onlar əlavə məhsullarını üzv olduqları Avropa İttifaqı bazarına çıxara bilərlər. Amma hazırda bu ölkələr təbii qaz ticarətində böyük ölçüdə Azərbaycana bağlıdırlar. Güman etmək olar ki, rəsmi Bakı Şərqi Avropa ölkələri ilə daha asan dil tapa bilər. Amma bunu elə tez etmək lazımdır ki, daha böyük idxalçılar bizi qabaqlamasınlar…

Oxunma sayı 1061