“Metsamor“ çalxalanır

15:15 21.10.2011
Yazını böyüt
Yazını kiçilt
ErmƏnistanın “Metsamor“ atom elektrik stansiyasının bir ay əvvəl işdən getmək barədə ərizə vermiş 158 əməkdaşı sabahdan işə çıxmayacaq. Bu barədə Ermənistanın “Aykakan jamanak“ qəzeti yazır. “Bizdə olan məlumata görə, Ermənistanın energetika və təbii resurslar naziri Armen Movsisyan dünən AES-in baş direktoru Qaqik Markosyana onların işdən çıxarılması barədə əmrlərinin imzalanmasına dair göstəriş verib. Bu o deməkdir ki, Ermənistanda AES yenidən işə salınmayacaq və onun fəaliyyəti müvəqqəti dayandırılmalıdır. İstismar üçün lazım olan mütəxəssislərin böyük hissəsini də məhz ərizə vermiş əməkdaşlar təşkil edir. Xatırladaq ki, ərizəçilər Ermənistan AES-in rəhbərliyindən əməkhaqlarına yenidən baxılmasını və onların artırılmasını tələb etmişdilər.
Bizdəki məlumatlara görə, Armen Movsisyan iclas zamanı bildirib ki, mütəxəssislərin məsələsini bir ay ərzində həll edəcək. AES üçün mütəxəssislər tapmaq təkcə Ermənistan kimi ölkə üçün deyil, hətta inkişaf etmiş ölkələrdə də çox ciddi problemdir. İstənilən halda mütəxəssislərin məsələsinin əsas ilkin şərti əməkhaqlarına yenidən baxılmasıdır. Lakin belə bir fikir var ki, Ermənistan hakimiyyəti bu problemin tez həll olunmasına meyilli deyil. Ekspertlərin qiymətləndirmələrinə görə, AES-in istismarı dayandırılacağı halda elektrik enerjisinə lazımi tələbat istilik elektrik stansiyaları vasitəsilə təmin olunacaq. AES işləyərkən onlar demək olar ki, işsiz dayanmışdılar“, - qəzet “news1.am“ agentliyinə istinadən yazır. “Metsamor“ AES-in istismar müddəti 2010-cu ildə bitib, lakin Ermənistan və BAEA-nın ekspertləri stansiyanın istismarının 2016-cı ilədək davam etdirilməsi barədə razılığa gəliblər. AES seysmik aktiv zonada, əhalisi 1 milyondan çox olan paytaxt İrəvandan təxminən 30 kilometr qərbdə yerləşir.
Azad