Rainai faciəsi – Litva xalqına qarşı törədilmiş qətliam

10:07 25.06.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Litvada Rainiai qırğınının 84-cü ili anılır. 1941-ci il iyunun 24-dən 25-nə keçən gecə Sovet ordusu və digər repressiv qurumları Litva ərazisində heç vaxt unudulmayacaq qanlı cinayətlər törədiblər.

Hafta.az-ın yazdığına görə, əslində bu gün Litvada sovet və nasist soyqırımlarının təsirinə məruz qalmayan ailə tapmaq çətindir. Bütün Litvada hiss olunan digər faciəli işğallarda da qırğınlar baş verib deyə, litvalıların tarixi demək olar ki, vətən uğrunda canından keçən şəhidlərinin qanı ilə yazılıb.

Rainai qırğını öz adını hadisənin yaşandığı meşənin adından götürüb. Yuxarıda da qeyd etdiyimiz kimi, 1941-ci il iyunun 24-dən 25-nə keçən gecə Telşiai yaxınlığındakı Rainiai meşəsində məhbuslar kütləvi olaraq güllələnib. Məlumatlara görə, bu qırğında 73 ziyalı - hüquqşünaslar, siyasətçilər və digər xalq düşməni elan edilmiş vətən övladları, o cümlədən Vladas Petronaitis öldürülüb. Amma bir neçə gün sonra oradan keçən bir nəfər basdırılmış qurbanların cəsədlərini tapıb.

Sonralar bu hadisənin yaddaşını silmək istəyən sovet hakimiyyəti Telşiai şəhər qəbiristanlığında tikilməyə başlanmış kilsəni söküb, Rainiai meşəsini isə doğrayaraq məhv edib. Buna baxmayaraq, yerli ictimaiyyət hadisəni unutmayıb və 1991-ci ildə siyasi məhbusların qətlinin 50-ci ildönümünü qeyd etmək üçün Rainiaidə kilsə - “Əzab Kapellası” tikib. Onun tavanı rəssam A.Kmieliauskasın freskaları ilə bəzədilib, burada Rainiai şəhidlərinin təsviri var.

Eyni zamanda, qırğın baş verən yerdə - kilsədən təxminən 300 metr aralıda, çəhrayı qranitdən “Üç xaç” abidəsi ucaldılıb

Arxiv məlumatlarına əsasən, burada qətlə yetirilən litvalılar öldürülməzdən öncə çox sərt və qeyri-insani işkəncələrə məruz qalıb. Dövrünün şahidləri deyirlərmiş ki, bütün meyitlərin üzərində tükürpədən qançırlar, yaralar  vardı, insanlar sağ ikən sümükləri sındırılıb və sair. Litva Müvəqqəti Hökumətinin Kənd Təsərrüfatı Palatası tərəfindən 25 iyul 1941-ci ildə nəşr olunan həftəlik “Ūkininko patarajes” qəzeti işgəncələri belə təsvir edirdi: “Bəzilərinin baş dərisi soyulmuş, bəzilərinin kürəyinin və sinəsinin dərisi kəsilmiş, bəzilərinin üz-gözü, bəzilərinin isə bütünlüklə dərisi yanmışdı. Bəzi qurbanların qabırğaları sınmış, bağırsağı əllərinə dolanmış şəkildə görüldü. Bir çox kişilərin cinsiyyət orqanı kəsilərək ağızlarına qoyulmuş, qadınlar isə isti ütülərlə yandırılmışdı. Bəzi qadınların döşlərini kəsib qulaqlarına bağlamışdılar. Bundan da amansız və iyrənc işgəncələr var idi”...

Məlumat üçün qeyd edək ki, qırğını həyata keçirənlərdən bəziləri son illərədək sağ olub. Məsələn, qətliamın iştirakçılarından biri, qurbanlardan ən azı 13 nəfərin ən ağır işkəncələrlə dindirilməsində iştirak edən NKVD-NKQB-nin Telşiai Dairə İdarəsinin əməliyyatçısı Naçmanas Duşanskis 1989-cu ildən İsraildə yaşayır. Cinayət əməllərinə görə Litvanın Baş Prokurorluğu 1996-cı ildə ona qarşı cinayət işi qaldırıb, lakin İsrail onu ekstradisiya etməkdən imtina edib.