“Rasim Balayev məni imtahandan kəsdi” – Müsahibə

14:30 28.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aktyor üçün təhsil nə qədər önəmli olsa da, istedad, qabiliyyət daha vacibdir. Oynadığı obrazları ilə seçilən aktyor Cavanşir Məmmədovun təhsili olmasa da, digər həmkarlarından heç də geri qalmır. Hafta.az-ın budəfəki müsahibi gənc aktyor Cavanşir Məmmədovdur.

- İncəsənət Universitetini bitirməmisiniz. Maraqlıdır, bəs bu istedad sizdə necə yaranıb?

- Həmişə deyirlər, təvazökar danışırsan, amma belə deyil. Uşaqlıqdan, 9-10 yaşlarımdan dram dərnəklərinə, xalq teatrlarına gedirdim. Davamlı olaraq, Azərbaycan fimlərinə, televizya tamaşalarına çox baxırdım. Evdə kinoya baxanda heç kəsi səs salmağa, danışmağa qoymurdum. 2004-cü ildə qabiliyyət imtahanı üçün sənədlərimi İncəsənət Universitetinə verdim. Orada da gözəl aktyorumuz Rasim Balayev məni imtahandan kəsdi. Mənim şeirimə, təmsilimə qulaq asıb dedi ki, “Oğlum, sən çox arıqsan, gələn il kökəlib gələrsən”. Həqiqətən bu söz mənə çox pis təsir etdi. Yəni aktyorun arığı, kökü, balaca boyu da olarmı? Bəlkə də maddi vəziyyətim zəif olmasaydı, imtahandan keçərdim. Sonradan yenidən sənədlərimi verdim, onda da test imtahandan kəsildim. Həmin vaxt isə Uşaq Teatrının rejissoru Loğman Kərimov sayəsində işləməyə başladım. Düzdür, əvvəllər teatra  əlçatmaz  baxırdım. Hətta sual edirdim ki, görəsən, universitetdə oxumasam, diplomum olmasa, bu qurumda işləyə bilərəmmi? Vaxt keçdikcə baxırsan ki, sənə təhsil çox da vacib deyil. Son vaxtlar tələbələrdə  istedad görmürəm. Filmə, seriala çəkilirlər, amma  heykəl kimi quruyub qalırlar. Sonralar  fərqinə vardım ki, diplom o qədər önəmli deyil. Əsas ürəkdir. Rəhmətlik aktrisa Nuriyyə Əhmədova demişdi: “Aktyor gərək doğulandan aktyor doğula”. Kiminsə qohumudur deyə, aktyor olmaqla deyil. Səhnəyə çıxanda hər şey bəlli olur. Necə deyərlər, xalqın gözü tərəzidir. İstedad yoxdursa, tamaşaçı nəyə baxacaq? Bu günün özündə kütlənin əksəriyyəti bərbad durumdadır. Hələ tamaşaçı bilmir nəyə gülür, nəyə ağlayır. İki seriala, üç klipə çəkilir, deyir aktyoram.

Şəxsən mən özümə aktyor deməyə utanıram. O söz mənim üçün çox böyükdür. Aktyor sözünün arxasında heç kəs dayana bilməz. Həmişə deyirəm ki, bu gün özümüzə aktyor deyiriksə, onda Səməndər Rzayev, Yaşar Nuri kimdilər...

- Bəs təhsiliniz olmadan teatrda necə fəaliyyət göstərdiniz?

- Bu gün tamaşaçı səhnədə bizə baxır. O dəqiqə soruşmur ki, görəsən, aktyorun diplomu var, ya yox. Bilirsiniz, elə aktyor var ki, səhnəyə çıxanda tamaşaçı yuxulayır. Bəzən aktyor baş rolda oynayır, amma tamaşaçı ona baxmır. Enerjini ötürə bilmirsənsə, niyə səhnəyə çıxırsan?  Bir dəfə mənə dedilər ki, sən səhnədə çox görünürsən. Guya mən tamaşaçıya deyirəm ki, mənə baxın. İndi belə şey yoxdur. Keçmişdə belə idi ki, qabaq fonda monoloq deyən aktyor, arxa fonda isə aktrisa olurdu. Aktrisa qabaq fonda olan aktyora mane olmaq üçün qırmızı yaylığı arxada fırladırdı ki, tamaşaçı məcbur buna baxsın. Mənə arxa planda yarpaq rolunu belə versələr, yenə də görünəcəyəm. Yarpaq olaraq elə qalmayacağam ki. Əsəcəyəm ki, maraqlı bir şey olsun.

- Aktyor üçün vacib olan nədir?

- Aktyor üçün vacib olan ürəkdir. Son zamanlar teatra baxıram, aktyor çıxır səhnəyə, hələ bilmir nə baş verir, nə oynayır, obrazı nədir... Fikirləşir ki, ancaq sözümü, mətnimi deyim, gedim. Səhnəyə 100 dəfə çıxsan belə, bu sənin üçün ilk olmalıdır. Aktyorun ürəyi olmalıdır, başqa heç nə...

- Çəkiliş vaxtı başınıza gələn ən maraqlı hadisə...

- Başıma o qədər maraqlı hadisələr gəlib ki...  “Qayınana” serialı var idi. Həmin serialı da 2011-ci ildə Rüfət Şahbazov çəkirdi. Baş rolda Sənubər xanım oynayırdı. Mən də restoranda barmen obrazında idim. Orada bir səhnə var. Əlimdə şam tutası olmuşdum. Həmin səhnəni də özüm istədim. Onda saçlarım uzun idi. Şam əlimdə çəkiliş gedir. Üzümü yana çevirəndə saçlarım şama dəydi. Təsəvvür edin saçlarım yanır, amma xəbərim yoxdur. Bir də gördüm, ssenarist gülür. Tez mühərriki saxlayıb, alışan saçlarımı söndürdülər. Əsas nəticənin yaxşı olmasıdır.

- Aktyor nə qədər istedadlıdırsa, bir o qədər parıldayir. Sizcə, belədir?

- Bu gün teatrlarımızda elə istedadlı aktyorlarımız var ki, “mənəm-mənəm” deyən xalq artistlərinin yanında çox möhtəşəmdilər. Ancaq onlar tanınmırlar. Məsələn, hazırda aktyor Vüsal Mehrəliyev Moskvada rejissorluğu oxuyur. İllərini teatra verib.  Nə olsun... Cəmiyyət bu gün onu tanımır. Mən 60 yaşında yox, 30 yaşında tanınmaq istəyirəm. Yaş ötdükcə adam heyfsilənir.

- Bu sənətdə hansı məqama çatmaq istərdiniz?

- Aktyorluq elə bir sənətdir ki, bunun pik nöqtəsi yoxdur. Həmişə istəyirsən ki, oynamadığın obrazları oynayasan. Bu istək, arzu ömrünün sonunadək davam edir. İnanmıram, hansısa aktyor bu sənətdə özünə “bəsdir” desin. Rəhmətlik Ağazadə Gəraybəylinin gözü görməsə də, yenə də sənətdə olub. Teatr səhnələrində rol alırdı. Gör, bu sənəti necə sevibsə, ömrünün sonunadək bu səhnədə olub.

- Çəkildiyiniz obrazlar sizi qane edirmi?

- Hazırda çəkildiyim “İmtahan” serialında Ramin Nəbiyevin verdiyi obraz ürəyimə yatır. Çox vaxt rejissorlar aktyorlardan düzgün istifadə edə bilmirlər. Həyata üzüm gülsə də, zarafatlar etsəm belə, daxilən tamam başqayam. Yolla gedəndə, güzgüyə baxanda belə tez-tez özümlə danışıram, özümə qapalı adamam. Çox istəyirəm ki, psixoloji dramatik rola çəkilim. Maraqlı bir bomjun həyatını canlandırardım. Bizdə elə bil hamını möhürləyirlər. Hansısa aktyor bir dəfə komediya rolunda oynayıbsa, o demək deyil ki elə o obrazda da sonadək çəkiləcək. Belə olmaz axı...

Bir dəfə filmdə oynamaq üçün obraz təklif etdilər. O zaman onlara dedim ki, mənə 2 gün vaxt verin. Vaxt itirmədən mənə oxşar aktyor tapdılar. Amma xaricdə elə deyil. Əgər mənə bu aktyor lazımdırsa, elə onu da gözləyib çəkəcəyəm. Qiymət deyirsən, razı olmurlar. Deyirlər, başqasını taparıq. Ancaq baxırsan elə aktyor tapıblar ki, sənlə onun arasında yerlə-göy qədər fərq var.

- Bu sənətdə ən çox nədən zövq alırsınız?

- Tərəf-müqabilim ürəyimcə olanda zövq alıram. Zaman keçdikcə görürəm ki, aktyorun həyatında tərəf-müqabilin yaxşı olması böyük rol oynayır. Bilsəm ki, bu film xaricə çıxacaq, pulsuz da çəkilərəm. Mən verdiyim enerjini ala bilməyəndə yoruluram.

-  Səhnə sizin üçün nə deməkdir?

- Səhnə mənim üçün bəlkədə evimdən də artıqdır. Yəni evimdən çox səhnədə olmuşam. Elə bil sehirli aləmə düşürəm. Əgər tamaşaçı mənə baxmasa, onda özümü təhqir olunmuş kimi hiss edərəm. Belə ifadə var ki, aktyor səhnənin tozunu udmalıdır. Səhnəyə çıxanda elə bil yenidən doğuluram, hər şeyi unuduram.

- Etiraf edirəm ki...

- Hərdən ürəyimdə etiraf edirəm ki, görəsən, bu sənəti niyə seçdim? Bu da sırf maddiyyata görədir. Amma bu fikri içimdə tez boğuram. Heç bir dəqiqə də keçmir. Özümü başqa yerdə təsəvvür edə bilmirəm, amma maddiyyat məni çox sıxır. Gözləntilərim tamamilə başqa idi. Hərdən elə olub ki, 40 qəpik tapa bilməmişəm ki, evə gedim, dostuma zəng eləmişəm.

- Ustadlardan kimlərdən dərs almısan?

- Yaşar Nuri mənim qohumumdur. Evində hazırlaşdırırdı. Bir dəfə Yaşar Nuriyev mənə dedi ki, “Səndən aktyor olucey, prosda qaldı onların öz vicdanına. Baxarıq, yaxşı olcey, bunu mən deyirəm sənə, mən bunu hər tələbəmə demirəm”. Təbii ki, onların yanında adam özünə aktyor deyə bilməz.  Eləcə də Bakı Uşaq Teatrının direktoru aktyor İntiqam Soltandan dərs almışam. 

Şahnun