Reabilitasiya mərkəzləri fəaliyyətini nə zaman bərpa edəcək? - AÇIQLAMA

11:28 03.09.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Ölkədə COVID-19 pandemiyası başladıqdan sonra paytaxt və regionlarda fəaliyyət göstərən reabilitasiya mərkəzləri fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Yəqin ki, mərkəzlər işini bərpa etdikdən sonra müraciət edənlərin sayında artım müşahidə olunacaq. Hazırda reabilitasiya mərkəzlərində hansı işlər aparılır, yenidən qəbul prosesi nə vaxt başlayacaq?

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Gülnar Əzizova hafta.az-a açıqlamasında bildirdi ki, koronovirus pandemiyası ilə əlaqədar yarana biləcək risklərin minimuma endirilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyindəki Bərpa Mərkəzlərində sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altındadır:

"Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq, əlilliyi olan şəxslərin, eləcə də onların yaxınları arasında yoluxma hallarının minimuma endirilməsi məqsədi ilə xüsusi karantin rejimi ərzində paytaxt və regionlarda fəaliyyət göstərən bərpa mərkəzlərində reabilitasiya tədbirləri müvəqqəti olaraq məhdudlaşdırılıb. Bu tədbirlər məhz əlilliyi olan şəxslərin sağlamlıq və təhlükəsizliyi nəzərə alınaraq həyata keçirilir. Ölkə ərazisində karantin müddəti başa çatdıqdan sonra əlilliyi olan şəxslər mütləq şəkildə reabilitasiyaya cəlb olunacaqlar.
İlkin mərhələdə reabilitasiya mərkəzlərinə karantin rejimi ilə əlaqədar bərpa müalicəsi yarımçıq qalan, daha çox reabilitasiyaya ehtiyacı olan, eləcə də, daha yüksək reabilitasiya potensiallı əlilliyi olan şəxslərin qəbulu nəzərdə tutulur".

G.Əzizova əlavə olaraq bildirdi ki, postpandemiya dövründə bərpa mərkəzlərində işin təşkil edilməsi, işçi heyətinin və əlilliyi olan şəxslərin təhlükəsizliyinin təmin olunması məqsədi ilə profilaktik tədbirlər haqqında daxili təlimatlar hazırlanıb:

"Nəzərinizə çatdırırıq ki, təkcə avqust ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Lənkəran, Şəki və Xaçmaz Reabilitasiya Mərkəzləri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildi. Növbəti aylarda Şirvan və Sumqayıt Reabilitasiya Mərkəzlərinin, eləcə də Şağan Müalicə Pansionatının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə hazırda Qəbələ və Şəmkir rayonlarında tikintisi həyata keçirilən uşaq reabilitasiya mərkəzlərinin cari ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır".

Oxunma sayı 1140
Sosial rubrikasından digər xəbərlər