Riqada Azərbaycanın mətbuat sahəsində nailiyyətlərinin təqdimatı keçirilib

15:06 15.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 13-14-də Riqada Avropa Komissiyasının xətti ilə “Şərq tərəfdaşlığı media konfransı 2019: biznes və dayanıqlı inkişaf” konfransı keçirilib.

Tədbirdə iştirak etmiş “Baku Network” Ekspert şurasının prezidenti Elxan Ələsgərov bildirib ki, TREND Beynəlxalq İnformasiya Agentliyinin Baş direktorunun müavini Lina Vaytkyaviçene məruzə ilə çıxış edib. O, öz çıxışında TREND Beynəlxalq İnformasiya Agentliyinin inkişafının timsalında müxtəlif ölkələrdən olan jurnalistlərə Azərbaycanda KİV sahəsində vəziyyəti təqdim edib, ölkənin media məkanındakı azad, demokratik mühitin TREND-in uğurlarına təsiri, dövlət tərəfindən mətbuatın inkişafına göstərilən böyük dəstək barədə danışıb.

E.Ələsgərov qeyd edib ki, bir müddət əvvəl Brüsseldə bu konfransa hazırlıq çərçivəsində təşkilat qrupunun görüşü keçirilmişdi. Bu görüşə Avropa Komissiyası tərəfindən Lina Vaytkyaviçene də qatılmışdı:

"Görüşdə qarşıdakı media forumunun proqramı müzakirə olunmuşdu. Məlum oldu ki, panellərin birində avtoritar dövlətlərdə mətbuatın vəziyyəti barədə müzakirələrin aparılması planlaşdırılıb. Bəzi qüvvələr bu müzakirələrə Azərbaycanı da daxil etmək istəyib. Amma Vaytkyaviçenenin Azərbaycana bu yanaşmanın yanlışlığı barədə çıxışından sonra ölkəmizi bu panelə daxil etməmək qərara alındı. Lina Vaytkyaviçene öz təqdimatında konfrans iştirakçılarının diqqətini TREND Beynəlxalq İnformasiya Agentliyinin nail olduğu uğurlara yönəldib. Təqdimat zamanı Azərbaycanın mətbuat sahəsində azadlıq, demokratiya və digər nailiyyətlər, peşəkar jurnalistikanın çiçəklənməsi və bu peşənin nüfuzunun artması üçün şəraitin yaradılmasında dövlətin rolu əyani nümayiş etdirilib. Vaytkyaviçenenin təqdimatı konfrans iştirakçıları tərəfindən müsbət qarşılanıb. Onlar qeyd ediblər ki, Azərbaycan son illərdə bir çox sahələrdə, o cümlədən kütləvi informasiya vasitələrinin inkişafı məsələlərində mühüm irəliləyişə nail olub. Bunun bariz nümunəsi TREND Beynəlxalq Agentliyinin dünya informasiya agentlikləri ilə əməkdaşlıq etməsidir. “Bloomberg” İnformasiya Agentliyinin Xəzər regionundan məlumatın əsas tədarükçüsü kimi həm TREND-in materiallarından fəal istifadə etməsi tədbir iştirakçılarının razılığına və hətta təəccübünə səbəb oldu. Bütün bunlar onu göstərir ki, Azərbaycan yerində dayanmır və bütün parametrlər üzrə irəliləyir. Azərbaycanın indiki göstəricələri bir çox məsələlərdə Avropaya bərabərdir, bəzi göstəricilərdə isə onları da keçirik. Hesab edirəm ki, konfransın yekunları bizə düşünmək üçün əsas verdi və gələcək işlərimizdə biz bunları nəzərə alacağıq. Vacib olan odur ki, bizim ciddi platformamız və maraqlarımızın təkcə region miqyasında deyil, həm də dünya arenasında təbliğ olunması üçün imkanlarımız var”.

 

 
 

 

Siyasət rubrikasından digər xəbərlər