Rusiya 10 ildə 1600 yeni gəmi inşa edəcək

09:12 15.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya hökuməti sovet dövründən qalan köhnə mülki dəniz donanmasını yeniləmək üçün iddialı gəmiqayırma strategiyası elan edib. Baş nazirin müavini Denis Manturov 2036-cı ilə qədər Rusiya gəmiqayırma zavodlarında 1600-dən çox mülki gəmi və tankerin istehsalının planlaşdırıldığını açıqlayıb. Manturov 1970-1980-ci illərdə inşa edilən gəmilərin indi öz iqtisadi ömrünü başa vurduğunu qeyd edib və vurğulayıb ki, yeni layihədə buzqıran gəmilər Şimal dənizi və iri neft gəmiləri, tankerlər prioritet olacaq.

Hafta.az-ın yazdığına görə, Rusiya mətbuatı bu rəqəmin hazırkı istehsal rəqəmləri ilə müqayisədə kifayət qədər iddialı göründüyünü yazır. 2024-cü ildə Rusiyada cəmi 32 gəmi tikilib, onlardan yalnız 20-si kiçik sərnişin gəmisi olub. Üstəlik, bu rəqəm Sovet İttifaqının ən məhsuldar dövrü olan 1971-1975-ci illər arasında ildə orta hesabla 43 böyük gəminin istehsal səviyyəsindən xeyli aşağıdır.

Hədəflərin əldən verildiyini göstərən nümunələrdən biri Krasnoye Sormovo gəmiqayırma zavodunda olub. Zavod bu il təhvil verilməli olan “Nikolay Jarkov” kruiz gəmisini və 10 quru yük gəmisinin təslimatını çatdıra bilməyib. Gecikmə dövlət tərəfindən dəstəklənən gəmi maliyyəçisi GTLK və United Shipbuilding Co.-nu sifarişlərin sayını 34-dən 17-yə endirmək üçün danışıqlar aparmağa məcbur etdi. Lakin bu dəyişikliyə baxmayaraq, müqavilənin ilkin qiymətinin saxlanılması nəzərdə tutulur.

Mütəxəssislər qeyd edirlər ki, bu miqyasın genişləndirilməsi üçün təkcə gəmiqayırma zavodunun imkanları deyil, həm də mühəndis infrastrukturu və təchizat zəncirləri ciddi şəkildə gücləndirilməlidir.