Rusiya Brüssel görüşünə qısqanc yanaşır  - Qabil Hüseynli

17:57 23.05.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş Brüsseldə baş tutdu. Üçtərəfli danışıqlar prinsip etibarı ilə əvvəlki razılaşmaların sürətli icrasına yönələn addımların dəqiqləşdirilməsi xarakteri kimi dəyərləndirilsə də, iki görüşdən sonra heç də sülhə razılaşmayan, revanşist siyasətinə davam edən Ermənistanın bundan hansı nəticə çıxaracağlı maraqlıdır. 3-cü Brüssel görüşünün əhəmiyyəti nədir?

Politoloq Qabil Hüseynli hafta.az-a bildirib ki, Brüsseldə baş tutan üçüncü görüş Avropa Birliyini çox təcrübələndirdi. Onun fikrincə, Avropa İttifaqı  xüsusilə Rusiyanın pozuculuq fəaliyyəti ilə bağlı müəyyən tədbirləri həyata keçirdə biləcək.

Q.Hüseyni hesab edir ki, danışıqlar aparılırsa, irəliyə doğru hərəkət var.

“Brüsseldə sülhyaratma prosesinin bütün parametrlərinə dair müsbət irəliləyişlər barədə razılıqlar əldə edilib. Və belə demək olar ki, bu prinsiplər həyata keçiriləcək”.

Politoloq bu prosesdə Rusiyanın səssiz qalmayacağını istisna etməsə də, Brüsselin məhz ona çalışdığını vurğulayıb.

“İlkin rəylər onu göstərir ki, Rusiya Brüssel görüşünə qısqanc yanaşır. Və Antonov familiyalı rus politoloqu deyir ki, yaxşı olardı ki, bu razılaşmalar ya Soçidə, ya da Düşənbədə olaydı.

Avropanın vasitəçi kimi səylərini qəbul etmək istəmirlər.  Amma bu da onların deməyi ilə deyil. Qərb Rusiyanı həm beynəlxalq danışıqlardan, həm də bütövlükdə Cənubi Qafqaz da daxil olmaqla post-sovet məkanındakı bütün münaqişəli məsələlərin həlllində iştirakdan, o cümlədən də Azərbaycan və Ermənistan arasındakı müharibənin nəticələri ilə bağlı məsələlərdən uzaqlaşdırıb.

Rusiya bu saat böyük fəlakət qarşısındadır. Ukrayna bu ölkəni diz çökdürmək üzrədir. Ona görə də, Rusiyanın Cənubi Qafqazala bağlı iddialı şəkildə çıxış etməsinin heç bir rolu, əhəmiyyəti olmayacaq”.

İyul-avqust aylarında Brüsseldə 4-cü görüşün olacağını və orada danışıqların gedişinin monitorinqinin aparılacağını qeyd edən Q.Hüseynli bu dəfə prosesə Rusiyanın müdaxilə etməsinə icazə verilməyəcəyini bildirib.

“4 -cü görüş görülmüş işlərin gedişi və nəticələrin həsr olunacaq”.

Onun sözlərinə görə, bu görüşdən sonra Azərbaycanın da Ermənistana təklif etdiyi 5 baza prinsipinə əməl edilməsinə imkanlar açılacaq. 

“Çünki Azərbaycanın ərazi bütövlüyü məsələsi qəbul edilib, Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin təhlükəsizliyi məsələsi Azərbaycanın üzərinə qoyulub. Azərbaycan onların təhlükəsziliyinə tam təminat verib. Bu o deməkdir ki, əsas mübahisəli məsələ olan Qarabağ ermənilərinin taleyi məsələsi Azərbaycanın istədiyi kimi həll edilib”.

Oxunma sayı 78